BURA / ORA
Qadınların azad həyat tərzinə və mülkiyyət hüququna sahib olduğu qəbilə Tarix : 22 Noyabr 2022, 10:30
Yazar : Qadinkimi.com

1000 ildən çoxdur ki, Afrika çöllərində matriarxal quruluşa sahib Tuareqlər adlanan bir qəbilə yaşayır. Bəli, yanlış oxumadınız…

Bütün sivil dünyada əsas söz sahibi və idarəedici tərəf kişilər olsa da, bu qəbilədə hələ də matriarxiya hökm sürür. Onlar uzun illərdir ki, öz ənənələrini qoruyub saxlayırlar. 


Tuareq xalqı Şimali və Qərbi Afrika xalqlarından olan bərbərlərin bir qoludur. Nigeriya, Mali, Libya, Əlcəzair, Çad, Burkina Faso kimi ölkələrdə kiçik topluluqlar şəklində yaşayan tuareqlər artıq Saxara səhralarının daimi sakininə çevriliblər. Bəzi mənbələrdə adları təvarik tayfası kimi də qeyd olunur. Yüz illərdir tərəkəməlik onların həyat tərzinə çevrilib, dəvə belində səhraları keçib, çadırlarda yaşayırlar.


Yarıməfsanəvi məlumatlara görə, bu tayfanın məskunlaşdığı yerin əsası Buktu adlı qadın tərəfindən qoyulub. Buktunun məskunlaşdığı yer Saxaranın lap cənubunda, Niger çayından 12 km aralıqda gözəl bir bölgədə yerləşib. Tuareqlər adətləri üzrə yağış fəsli başlayanda səhralığa gedərdilər ki, yoluxucu xəstəliklərə tutulmasınlar. Lakin mal-qaranı səhralıqda dolaşdırmaq təhlükəli idi, ona görə də, onlara mal-qaranın saxlanılması üçün təhlükəsiz yer lazım idi. Buktunun yaratdığı kənddə isə hər cür əlverişli şərait var idi. 


Kənddə su quyuları (bərbərcə - "tin”) olduğundan bura "Tin-Buktu” deyilməyə başladı. Bu tayfanı digərlərindən fərqləndirən əsas cəhət isə əksəriyyətinin müsəlman olduğu qəbilədə qadınların deyil, kişilərin örtünməsidir. Tuareqlər dünyada yeganə xalqdır ki, kişilərin çadra ilə gəzməyi mütləqdir. Həddi-buluğa çatmış tuareq oğlanları atalarından iki şey alırlar: çadra və qılınc. Onlara artıq böyüdüklərinin simvolu olaraq mavi şal verilir və o şalı sonrakı həyatları boyu yalnız öz arvadlarının yanında açmağa icazə verilir. Yetkin kişilər isə qadınların, yad adamların və evlilik yoluyla qohum olduqları insanların yanında mavi çadra taxırlar.


Qadınlar isə əksinə çox sərbəst, azad həyat tərzi keçirirlər. Ailədə və ağsaqqallar şurasında qadına böyük hörmət var. Nəsil isə ana xətti ilə hesablanır. Ayrıca qadınların mülkiyyət hüququ var. Və onlar kişilərə nisbətən daha savadlıdırlar. Qadınlar Tifinaq adlı əlifbadan istifadə edirlər. Yalnız samit səslərdən ibarət olan bu əlifba Numibiya əlifbası əsasında yaranıb. Kişilər isə ərəb əlifbasında yazıb oxuyurlar. 


Qadınların evlənməzdən əvvəl istədikləri qədər sevgililəri ola bilər. Hətta evləndikdən sonra da bu vərdişini davam etdirən çox sayda qadın tapmaq mümkündür. Evlilik zamanı da son söz qadınındır. Evlənmək qadının arzusu ilə baş tutur və həmçinin, qadının arzusu ilə də bitir. Əgər bir tuareq qadın evlənməyə qərar verirsə, kişidən onu təsirləndirəcək bir şeir yazmaqdan başqa heç nə gözləmir. Uşaq doğulanda isə soyadını anasından götürür. Boşanmaq dünyanın bir çox yerində olduğu kimi tuareqlərdə də geniş yayılıb. Qadın boşanmağa qərar verdikdə yığıncaq təşkil edir, kişi isə dəvəsi ilə birlikdə ata evinə qayıdır.



(Davamı olacaq…)
Qadinkimi.com