YAZI / DÜŞÜNCƏ, SƏNƏT
Qadınları düşünməmək mümkündür, əlbəttə... Tarix : 21 Sentyabr 2020, 10:28

İtaliya ədəbiyyatının ən parlaq simalarındandır Çezare Paveze. 1908-1950-ci illərdə, yəni tarixin ən qanlı-qadalı dönəmlərində yaşayıb.

O dönəmlər ki, nasizm dəhşətlərə imza atırdı, milyonların öldüyü müharibələr ard-arda sıralanırdı,  virus tüğyan edirdi. Yaradıcı ruhu ilə insanı düşünməyə sövq edən böyük yazıçıdır Çezare Paveze. Dövrün siyasi və iqtisadi çətinliklərindən keçmiş, həbslərdə yatmış, sürgün edilmiş, qaçaq düşmüş, amma yazmaqdan bir an belə əl çəkməmişdi.

 

Bu şövqü, iddiası, ədəbiyyata olan ehtirası onu zaman içində dünyanın ən məşhur yazıçısına çevirmişdi. Günlüklər yazırdı, dövrünün ən böyük qələm adamları ilə adı bir çəkilirdi, tanınmış yazıçılar ona heyran idi. Paveze sadəcə ədəbiyyatın deyil, həm də fəlsəfənin incəliklərinə bələd idi. Təkcə roman yazmırdı, o, həm də hekayələr müəllifi, şair, tərcüməçi, tənqidçi idi.  "Ədəbiyyat həyatın hücumlarına qarşı müdafiədir" deyəcək qədər inanıb yazmağa. Hər mövzuya şərh verəcək qədər məlumatlı, dərin, intellektual insan olub. Pavezenin bu üstünlüklərini israrla sadaladığımın təbii ki, səbəbi var. İndi gələk əsas məsələyə.


Təsəvvür edin, bu cür zəngin beyin sahibi olan adamı nə savaş, nə iqtisadi böhran, nə sürgün, nə həbsxanalar, nə nasizm darmadağın edə bilir. Bilirsiniz, onu çarəsiz, əli-qolu bağlı, zəif, bir yarpaq qədər titrək edən yeganə mövzu nə idi? Qadınlar. Hə, qadınlar idi!


Qəlbi həmişə qırıq, yaralı olub qadınlardan sarı. Yaşadığı eşqlər dağ olub çəkilib sinəsinə. Vurulduğu qadınların qarşısında boynu bükük olub, əzilib, kiçilib, alçalıb, ovularaq tökülüb. Dostlarının onu bir küncə çəkib qadınları bu qədər ciddiyə almamağı ilə bağlı verdiyi öyüdlərə günlüyündə belə cavab verib; "Qadınları düşünməmək mümkündür əlbəttə ki... Eyni ilə ölümü düşünməməyin mümkün olduğu kimi". Pavezenin gözü ilə baxanda, qadınlar kişilərin düşünməkdən qurtulmadığı, amma düşündükcə də narahat, bədbin, özünə və həyata olan güvənini itirməyinə səbəb olan mövzu idi.


O da bir çox böyük yazıçılar kimi həyatı boyu tədirgin, ümidsizliklə dolu gözlərlə baxdı qadınlara. Arxasınca qaçmayacağı, qaçsa belə tuta bilməyəcəyi əlçatmaz bir xəyala baxar kimi baxdı onlara - uzaqdan, ürkərək, çəkinərək. Həyatından çox qadın gəlib-keçdi, sevdiyi də oldu, sevildiyi də, dəfələrlə tərk edildiyi də oldu, tərk etdiyi də. Amma heç vaxt qadınlara olan inamsızlığı bitmədi. Qaranlıq, zülmətdən seçilməyən bir mağara kimi oyuldu bu hiss ruhunun dərinliyinə. 

 

Eşqə açdığı savaş dinmək bilmədi, amma onun üçün öldürücü olan bu duyğudan da əl çəkməyi bacarmadı. Günlüyündə "Sevgi dinlərin ən bayağısıdır" deyə yazırdı böyük yazıçı. Pavezenin həyatını oxuduqca insan qəribə hisslər keçirir. Sanki bir italyanın deyil, bir şərqlinin yaşadıqlarını oxuyursan. Çünki Pavezenin eşq həyatından Şərq yanaşması, Şərq havası fışqırır.  Şərq insanının münasibətlərdə "qovuşmamağı əsas tutan" baxışı onun yaradıcılığında və yaşadıqlarında özünü göstərir. Məsələn, Aşıq Veysəlin "Sevərsən, qovuşmazsan eşq olar" deyimi kimi... Özünə əzab verən insanlardan idi, Paveze. Həmişə harada mümkünsüz, çətin, onu sevməyəcək qadınlar varsa gedib onlara aşiq olurdu. Əksəriyyət kimi... Doğrudan da, bizi sevməyənləri sevir, arxasınca sürünür, bizi sevənlərdən isə ölümdən qaçarcasına uzaqlaşırıq! Paveze buna belə bir açıqlama vermişdi yazdıqlarında: "Bizə vecsiz davranan insana dəlicəsinə aşiq olmağımızın səbəbi bəlkə də budur. Belə olanda qadın mükəmməllik duyğusuna bürünür gözümüzdə".


Pavezenin həyatını oxuduqca dodaqlarıma quru bir təbəssüm qondu, uzaqlara daldım, insanın necə müəmmalı, qarışıq, dolaşıq varlıq olduğunu bir daha düşündüm. Bu qədər dərin, həssas, yaradıcı, istedadlı insan necə olur ki, məsələ sevgi olunca belə bacarıqsız, səriştəsiz, gücsüz ola bilir deyə fikirləşdim?! Amma tez beynimi yazıçını yarğılayan bu fikirlərdən arındırdım. Nə də olsa yad hisslər, görünməmiş, qeyri-adi hadisələr deyil onun yaşadıqları. 


Sevgi dağ kimi görünür, qət edib zirvəsinə çıxırsan, bir də baxırsan ki, yerə çırpılmısan. Bal kimi şipşirin görünür, dayanmadan yeyirsən, partlamaya düşürsən. Günəş kimi ışım-ışım ışıldayır, yaxınlaşıb istisinə qızınmaq istəyirsən, ətini yandırıb külə çevirir. Bu duyğunu şərqli kimi yaşayanda zəlil olursan, qərbli kimi yaşayanda robota çevrilirsən. Yaşamayanda özünü dünyanın ən mənasız, boş, əskik, yarımçıq insanı kimi hiss edirsən. Sevgi biraz da narkotik kimidir. Damarı alışdırdınsa, gərək ölənədək qəbul edəsən. Ən yaxşısı əvvəlcədən bulaşmamaqdır  deyərəm, amma o da mümkünsüzdür. Qısacası varlığı da, yoxluğu da zülmdür. Amma bir həqiqət də var ki, eşq belə olmalıdır; təzadlarla dolu, ziddiyyətli, ürəyi ağızda döyündürəcək qədər həyəcanlı. Bunlar içində olmasa, heç adı eşq olmaz. 


Yeri gəlmişkən, Paveze ömrünün son illərində amerikalı aktrisa ilə sevgili olur. Evlənməklə bağlı planlar qurarkən bir gün qadın onu tərk edir və Amerikaya gedir. Bu ayrılıq onun çöküşü olur. Otel otağında yuxu həblərini içərək 42 yaşında həyata gözlərini yumur.


Türkan Turan
 qadinkimi.com