QADIN / KİŞİ
Qadınlara seks maşını kimi baxan kişilərimiz... Tarix : 28 Sentyabr 2018, 00:54
Yazar : Qadinkimi.com
Bu günlərdə bir xəbər sosial şəbəkələrdə əl-əl gəzməyə başladı. Cəmiyyətimiz üçün aktual olan mövzu: qadınlar iş üçün müraciət edir, başqa cür rəftar görür! Deməli qadın iş üçün müraciət edir, di gəl kişi ona başqa cür baxır. Onu əldə eləmək istəyir. Qadınlarımız da belə kişilərdən cana-boğaza yığılıb. Başa düşə bilmirəm ki, bu cür dırnaq arası kişilər niyə qadınlara seks maşını kimi baxırlar? Çox güman bunlar gəncliklərində qadın görməyiblər, bütün günü işləyib, qazanıblar. İndi də qadınlarla yaşamağın dadını çıxartmaq istəyirlər. Travma onların başına bəla olub. Ay bədbəxtlər, qadın istəyirsiz, gedin həyat yoldaşınızla sevişin, yoxdu, tanış olun, onu da bacarmırsızsa, gedin həyat qadınlarının yanına. Onlar sizə başa salar həyatı...

Məhəlləmizdə bir oğlan yaşayardı. Rayondan gəlməydi. Fəhlə işləyir, qazandığı pulları da fahişələrə xərcləyirdi. Mən burda fahişləri aşağılamıram. Fahişə vicdanını yox, bədənini satır. Amma bu gədələr ailəsinə lazım olan pulla bədxərclik edir.

Bu işlər belə getməz! Biri bunları dayandırsın!

Qadınları aşağılamaq bunların ən sevimli işləridir. İnanın mənə bunların içində dindarı, iman gətirəni də var. Təbii ki, saxtakar möminlər cəmiyyətimizdə "n” qədərdir. Necə ki, vaxtı ilə Cəlil Məmmədquluzadə xalqın gözünü açmaq üçün satirik yazılar, hekayələr yazmışdı. Necə ki mollaların saxta olduğundan yazmışdı. İndi də elələri yox deyil. Yazıq Cəlil indi qəbrindən dirilib bu mənzərələri görsəydi, yüyrək məzarına geri qayıdıb, bir daha gözlərini açmazdı.

Toplumda belə adamlar çoxdu. Qızlara sataşmadan əlavə avtobusda səs-küy yaradır, əlinə keçən zir-zibili küçələrə atır, nəlayiq söyüşlər söyür və sair və ilaxır. Çox təəssüf ki, bu adamlar təhsil almayıb, gənclik yaşamayıblar. Eynən meşədən gəliblər. Tarzan kimi nərə çəkirlər.

Xəbərdəki o müdir kişi də digər kişilər kimi beyniylə yox, qurşağıyla yaşayır. Elə bilir ki, dünya qurşaqdan aşağıdı. Əhməd Ağaoğlunun yaxşı bir sözü var: "Bizim insanlar əxlaqı qurşaqdan aşağı başa düşür. Halbuki qurşaqdan yuxarı qəlb və ruh var.”

Qadınlar çox güclü varlıqlardır. Ona görə də qadınları ağlatmaq o qədər də asan bir şey deyil. Əzablarını içində saxlayar, saxlayar və günün birində partlayar. Gözyaşları yanaqlarından sel kimi axar. Belə bir klişe də var ki, "qadınlar həmişə, hər an ağlaya bilər.” Əslində isə belə deyil. Daha duyğusaldır bir qadın. Hər şeydə incə düşünər. Buna görə əzabları çoxdur. Bir film izləyər, ağlayar, vaxtı ilə canını yandıran birisi üçün ağlayar, bir musiqi parçası ağladar onu, daha sadalamadığım bir çox şey üçün ağlayar. Ancaq bunun altında yatan, gizli qalan incə detalı heç kim dərk edə bilməz.

Qadınları qoruyaq!

Onları sevək!

İmza: Oğuz Ayvaz
 
Mənbə: Adalet.az