GENDER
"QADINLARA QARŞI AYRI-SEÇKİLİYIN LƏĞVİ" KONVENSİYASI HAQQINDA - Bilmək önəmlidi Tarix : 25 Yanvar 2019, 14:22
CEDAW – "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi” Konvensiyası haqqında bilməli olduqlarımız
 
Azərbaycanın CEDAW Komitəsinə altıncı dövri hesabatını mart ayında təqdim edəcəyi gözlənilir. 1996, 2004, 2009 ve 2015 - ci illərdə dövri hesabatlar təqdim edilib.
 
Nədir CEDAW? Qadınlar üçün əhəmiyyəti nədir? 
 
   Qadın haqları mövzusu "azadlığın” beşiyi hesab olunan Amerikadan başlayaraq qadın haqlarının çox geridə olduğu düşünülən Orta Asiya və Afrikaya qədər bütün dünyanın prioritet mövzusu olaraq qalmaqdadır. Qadın haqları bir çox beynəlxalq bəyannamələrə və konvensiyalara daxil edilib. "Qadınlara qarşı ayrı - seçkliyin bütün formalarının ləğv edilməsi” Konvensiyası(CEDAW- Convention on the Elimination of All Forms Discrimination against Women) bu beynəlxalq sənədlərdən ən önəmlisi olaraq qəbul edilir. Çünki Konvensiya qadınlara qarşı cinsiyyət səbəbilə edilən hər növ ayrı -seçkiliyi qadağan edərək, bu konvensiyaya qoşulan, tərəf olan dövlətlərə ayrı - seçkilik probleminin qarşısını alma məsuliyyəti qoyur. Konvensiyanın hazırlanma ərəfəsində bir çox təşkilat və nümayəndəliklər qadınların haqlarını qoruyan bu tip sazişlərin onsuz da var olduğunu və belə bir sənədə ehtiyac olmadığını deyib.  18 dekabr 1979 tarixində qəbul edilmiş Qadınlara qarşı ayrı - seçkliyin bütün formalarının ləğv edilməsi Konvensiyası dövlətləri qadınlara qarşı ayrı - seçkiliyin bütün sahələrdə ləğvinə çağıraraq, onları hüquqi və real səviyyədə qadın - kişi bərabərliyini təmin etməyə məcbur edir.
 
   Hazırda CEDAW - a 180 ölkə - BMT-yə üzv dövlətlərin 90%-dən çoxu qoşulub. İştirakçı dövlətlərin sayına görə BMT - nin ən çox üzvü olan Konvensiyaya Azərbaycan 1995 - ci ildə qoşulub. Konvensiyaya əsasən, iştirakçı dövlətlər ratifikasiyadan bir il sonra və hər dörd ilin sonunda dövri olaraq rəsmi hökumət hesabatı təqdim etməlidirlər. 1997 - ci ildə rəsmi hökumət hesabatlarına qadın təşkilatlarının ingiliscədən "kölgə” (shadow) olaraq tərcümə edilən "alternativ” hesabatları da qoşuldu. Şəffaf və obyektiv olduğu üçün "alternativ” hesabatlar Komissiya tərəfindən  daha çox istifadə olunan və güvənilən təcrübə halına gəldi. CEDAW - ın əhəmiyyəti qadınların insan hüquqlarından tam istifadə edə bilməsinin, bu hüquqların qorunmasının və inkişafının nəticədə cəmiyyətdə gender bərabərliyinin təmin edilməsinə səbəb olmasındadır. Sözləşmə eyni zamanda ayrı - seçkiliyə səbəb olan adət və ənənələri, stereotipik hal almış cinsiyyət rolları kimi mədəni faktorları da qadınların insan haqlarından yararlanmalarını məhdudlaşdıran ünsürlər kimi qəbul edir.
 
Bu Konvensiyanı qadın haqlarına daxil etmiş digər bəyannamə və konvensiyalardan fərqli edən nələrdir?
 
   Konvensiya qüvvəyə mindikdən sonra maddələrdə qeyd edilən tələblərin nə şəkildə həyata keçiriləcəyi sualı meydana gəldi. Bu zaman bir nəzarət mexanizmasının əskikliyi və tezliklə düzəlməsinin vacibliyi gündəmə gəldi. Bu məqsədlə 1999 - cu ildə Əlavə Protokol dövlətlərin imza və iştirakı üçün açıq elan edildi, 2000 - ci ildə  Azərbaycan da bu protokola qoşuldu. Əlavə Protokol CEDAW - ın ölkələr tərəfindən daha təsirli şəkildə uyğulana bilinməsini təmin etmək üçün iki yeni vasitəni təqdim etdi. Bu iki vasitə "şəxsi başvuru” haqqı və komitənin "incələmə” yetkisidir. Bu Əlavə Protokol Konvensiyayla tanınmış olan haqların pozulması halında şəxslərə və ya qruplara komitəyə birbaşa müraciət etmə haqqını verir. Bu cür şəxsi müraciət haqlarının tanındığı digər beynəlxalq mexanizmlərdə olduğu kimi CEDAW Əlavə Protokolunda da müraciətdən öncə digər bütün hüquqi yolların sınaqdan keçirilməsi lazımdır. İncələmə haqqı isə Əlavə Protokolu imzalamış ölkədə CEDAW - da yer alan maddələrlə bağlıdı. Bu maddələrdən hansındasa önəmli bir pozuntu aşkarlanarsa, komitə həmin dövlətə yönələn incələmələrə başlama  haqqına sahibdir. Belə bir incələmə üçün mövzuyla əlaqəli doğru və dəqiq bilgi almaq məqsədi ilə komitə tərəfindən sözügedən dövlətə ziyarət tələbi də ola bilər. 
 
Hər hansı bir ayrı-seçkiliyə məruz qalmış qadın və ya onun adından müraciət edən təşkilat CEDAW Komitəsinə ərizə verdikdə nə baş verir?
 
   Komitə ərizəni aldıqda dövlətdən zərərçəkən və ya zərər çəkmiş şəxslərin ziyanlarının qarşılanması üçün müvəqqəti tədbirlər görməsini tələb edə bilər. Belə olan halda komitə zərərçəkmiş şəxsin ərizəsini dövlətə təqdim etməli və dövlət altı ay içərisində mövzu ilə əlaqəli fikirlərini komitəyə çatdırmalıdır. Bundan sonra komitə müraciətlə əlaqəli rəyini həmin dövlətə çatdırır. Komitə Konvensiyada qadına tanınan bir haqqın dövlət tərəfindən pozulduğunu müəyyən etdikdən sonra o dövlətin Konvensiya yükümlülüklərinə görə görməli olduğu tədbirlər haqqında məsləhətlər verir. Dövlət bu tədbirlər haqqında altı ay içində komissiyaya cavab verməlidir. Burda önəmli olan məsələ odur ki, Dövlətlər Hüququna görə qarşı tərəf CEDAW Komitəsinin fikir və tövsiyələrini yerinə yetirməyə məcburdur. Bununla əlaqəli real təcrübələr də var. Məsələn, 2007 - ci ilə qədər komitəyə on başvuru olub, onlardan dördündə qadın haqlarını təhdid edən vəziyyət müəyyən edilib. Müraciətlərdən biri Macarıstanda 2004 ilində bir qadının zorla qısırlaşdırılması, digər üçü isə (bir müraciət Macarıstandan, iki müraciət Avstriyadan) kişilərin qadınlara qarşı tətbiq etdikləri şiddətlə əlaqəli olub. İllərlə həyat yoldaşı tərəfindən ağır şiddətə məruz qalan və ölümlə təhdid edilən qadının müraciəti əsasında komitə Macarıstanın bu qadını yetərli dərəcədə qoruya bilmədiyi qərarını verib. Komitə Macarıstana bu qadını hər tərəfli qoruma altına almaq, qadını güvənilir bir yaşam şəraiti ilə təmin etmək və övladlarının qayğısına qalmaq üçün yetərli maddi və hüquqi yardım göstərmək, qadının uğradığı əziyyətlər qarşılığında zəruri təzminat ödəmək üçün məsləhətlər verib. Bütün bunlara rəğmən sözləşmə bəzi səbəblərdən tənqid olunmaqdadır. Ən başlıca tənqid səbəblərindən biri giriş bölməsidir. Tənqidçilərə görə giriş bölümü daha dar, birbaşa və aydın hədəfləri göstərsəydi, Konvensiyanın təsirini daha da artırmış olardı. Eyni zamanda CEDAW - ın dili beynəlxalq konvensiyadan çox siyasi bəyannaməyə yaxın olduğu üçün də tənqid olunur.
 
   Əhatəli olmasına və potensial faydalarına baxmayaraq CEDAW bəzi maneələrlə üzləşir. Ən böyük maneə dövlətlərin qoyduqları şərtlərdir. Dövlətlər müəyyən maddələrin tətbiq edilməyəcəyi şərtini qoyaraq Konvensiyanı imzalayırlar. Konvensiyanı şərtlərlə qəbul edən dövlətlərin ayrı –seçkilik əks etdirən qanunların aradan qaldırılmasından boyun qaçırdıqları düşünülür. Bu şərtli qəbulların çoxu evlilik və ailə hüququyla əlaqəlidir. Bəzi hökumətlər beynəlxalq dini qaydaların və ənənələrin Konvensiya maddələri ilə uyğun olmadığını ifadə edirlər. Komitə dövlətləri bu şərtləri aradan qaldırmağa dəvət etsə də, qəti qadağalar qoya bilmir. Bu da Konvensiyanın tətbiqində bir çox maneələrə səbəb olur. Əhəmiyyətli insan hüquqları vasitəsi olan Konvensiyanın eyni zamanda bir çox aydın olmayan tərəfləri də var. CEDAW hüququn və ya siyasi islahatların təməlini təşkil edə bilməyib, maddələri iç hüquqa daxil edilməyib.
 
   Bu səbəblə məhkəmələrdə birbaşa tətbiq edilə bilmir. Bundan əlavə zəif monitorinq, əlaqəli qurumların iş prinsipinin yetəri səviyyədə olmaması Konvensiyanın həyata keçirilməsində çatışmazlıqların ortaya çıxmasına səbəb olur. Bütün çatışmazlıqlara baxmayaraq "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi” Konvensiyası bütün dünya qadınları üçün çox əhəmiyyətlidir. Sivil və demokratik ölkələr bu Konvensiyaya qoşulmağa və oradakı maddələri cəmiyyətlərində tətbiq etməyə maraqlıdı. 
 
Xumar Bayramqızı
qadinkimi.com