BURA / ORA
Qadının siyasətə qarışması... Tarix : 11 Dekabr 2019, 11:53
Yazar : Qadinkimi.com
34 yaşlı Sanna Marin. Finlandiyanın yeni seçilən Baş naziri. 

O, həm də dünyanın ən gənc Baş naziridir.
Xatırladım ki, Finlandiyanın koalisiya hökumətindəki digər dörd partiyaya da qadınlar rəhbərlik edir. 

Finlandiyanın tarixi ilə bağlı yazılmış Qriqori Petrovun - "Bəyaz zanbaqlar ölkəsində" əsərini oxuyanlar bu xəbəri hansı duyğularla paylaşdığımı yəqin ki, başa düşərlər. (Qayalığın içində salınan gülüstan)

Bəli, dünyanın ən zərif yaradılışı olan qadınlar ailə-məişət məsələləri ilə paralel ictimai-siyasi proseslərin də iştirakçısı olmalıdırlar. Qadınların ikinci dərəcəli şəxs hesab edildiyi cəmiyyətlərdə bu, zərurətdir. Yoxsa həftədə bir dəfə qadın zorakılığı ilə bağlı tədbirlər təşkil etməklə, bir-iki televiziya proqramında reytinq xatirinə döyülən qadınların güzaranını işıqlandırmaqla bu problemlər həll ediləsi deyil.

Qadın mətbəxdən çıxıb qəzeti, jurnalı əlinə almayınca, qadın məclisdə oturub ölkənin siyastinə qarışmayınca başının üzərindəki dəyənəkdən qurtulmayacaq. 

Gözəllik salonlarına getməyə də vaxt tapmayacaq. Qohum, qonşunun toyu, nişanı, ərə gedəni, boşananı ilə maraqlanmağa həvəsi qalmayacaq. 

Qadın o zaman özünü tanıyacaq ki, artıq hüquqlarını biləcək. Pul qazanacaq, iqtisadi baxımdan asılı olmayacaq. Kişi də özünü "çörək agacı" kimi deyil, həyat yoldaşı kimi aparacaq. Və beləcə ailədə yaranan maddi-mənəvi bərabərlik mənfi halların qarşısını alacaq. 

Siyasətə qarışmaq buna görə lazımdır. Çünki siyasət sözü bir insanın bütün həyatını özündə ehtiva edir. 

İnsanlarımız sosial şəbəkələrdə boş-boş işlərlə məşğul olmalı yox, heç olmasa bir-iki informasiya portalını izləməli, ən azından gündəlik ölkədə və dünyada baş verənlərdən xəbərdar olmalıdı. Dünyanın inkişaf etmiş hər yerində belədir.

Bizdə qadınların hələ ata-ana himayəsi dövründən beyinləri qapı şifrəsi kimi elə kodlaşdırılır ki, onların çoxu məktəbi bitirib ailə qurur. Olsa-olsa qadınlara ən cəzarətli seçim kimi müəlliməlik verilir. 

Bir sözlə, ilk növbədə beyinlər dəyişməli, sonra güzəran...
 
 
 
Yazdı: Səbuhi Zaman
qadinkimi