BURA / ORA
Qadının qiyməti - Orxan Şahbaz Tarix : 21 İyul 2019, 13:56
Yazar : Qadinkimi.com
Keçənlərdə bir tanışımla söhbət edirdik.

Dedi: 
-Qardaş, inşallah evlənirəm, mamamgil rayondan qız tapıblar. Gələn həftə qızı almağa gedirik. 

Dedim:
-Ata-ana ilə bir qalacaqsız?

Cavab verdi:
-Qızın ağzı nədi qalmasın. Ana-atamı bir qıza görə çölə atası deyiləm ki. Arvad yerini bilməlidir. 

***

Uzun danışdıq, ancaq bir neçə cümlədən sonra onun "ailə həyatı" anlayışını anlamaq asan oldu.

Əslində, təəccüblü vəziyyət deyil, çünki bundan betər fikirdə olan milyonlarla insan var.
Toplumun çox kiçik məsələlərə "mənəvi dəyər" adı verməsi qəlibləşmiş məişət adətləri ilə bağlıdı. 

Xüsusilə, cəmiyyətdə patriarxatın (kişi hakimiyyəti) ən ifrat halı yaşanırsa, gələcək nəsillər üçün daha acınacaqlı vəziyyət yaranır. 

"Ailə həyatı" təkcə nəsilartırma mənası daşıyırsa, (səhv etmirəmsə, biologiyada buna "reproduktiv genlər" deyirlər) mənəvi dəyərin miqyası necə böyüyə bilər?!

İnsanlar "mən həyatımı sevdiyim insanla davam etdirmək istəyirəm" düşüncəsiylə deyil, "onsuz da evlənib camaat kimi yaşamalıyam" düşüncəsiylə "ailə həyatı" qururlar. 

İndi fikir verin, ifrat patriarxallıq və nəsilartırma ənənəsi olan ölkələrdə əsasən kişilər yox, qadınlar - əşya, mülkiyyət, obyekt kimi qəbul olunur. 
Ona görə xalqın dilində bu cür ifadələr var: "Qızı alıram", "qızı verdik, getdi", "filankəsin qızını apardılar" və s. 

Belə proseslərin nəticəsi olaraq "qaqa, indi yaxşı qız tapmaq çətindi ee" kimi embesil fikirlər artır. 

Baxın, yazının əvvəlindəki nümunə bu fikri tam şəkildə təsdiq edir. O adam (və onun kimi düşünənlər) övlad sahibi olanda düzgün tərbiyə edə bilməyəcək, övladını eyni qaydada böyüdəcək, nəticədə yenə yararsız bir insan yetişmiş olacaq. 

Birmənalı olaraq kişi və qadın münasibətində "ailə planlaması" önəmlidir.
Hisslərdən sonra məntiqi işə salıb həyatın bütün gedişatını planlamasan, nəticə bərbad olacaq. Problemlər yaranacaq.

Hər bir halda, hamımız yaşadığımız yer, ətrafda olan insanlar qarşısında "sosial məsuliyyət" daşıyırıq. 
Məsuliyyəti dərk etmək isə bacarıq tələb edir.

Ümid edirəm bu doqmalar nə zamansa aradan qalxacaq, yoxsa, həmişə gözəl tikintili şəhərimiz kimi olacağıq:

"Çöldən bəzək, içdən təzək". 

Orxan Şahbaz
qadinkimi.com