İllər əvvəldir, dostumun qonağıyam, ailəsiylə problemləri var; anlaşmırlar, yola getmirlər, ayrılmaq üzrədirlər. Dostum narahatdır, nə edəcəyini bilmir, af-uf edib durur, gah özünü, gah da xanımını günahlandırır. Dərd budur ki, problemin qaynağını da bilmir. Mənə, vaxtıyla xanımına yazdığı sevgi məktublarından danışır, nişanlı dövrlərini anladır, "o məni sevirdi” deyir, - "indi isə...” ardını gətirə bilmir, qəhərlənir... sonra qəfil dikəlib, xanımı duymasın deyə xısın-xısın pıçıldayır:
"Canıvı yeyərəm, qardaşım, dünyagörmüş adamsan, səncə nədir məsələ, axı biz bir-birimizi sevirdik, niyə belə olduq, niyə bu günə düşdük?”
Sonra təklifinin ayıb olduğunu düşünərək düzəliş eləyir: "əşşi, boş ver, onsuz da iş işdən keçib artıq”.
Bir söz demirəm, nə deyim ki?
Axşam birlikdə gəzintiyə çıxırıq, 3 yaşlı oğulları da bizimlədir, yan-böyrümüzdə ora-bura qaçır, atılır-düşür, yorulur. Xanım uşağı qucağına götürür. Davam edirik, gəzirik, dolaşırıq: uşaq hələ də xanımın qucağındadır. Hiss edirəm bərk yorulub, "ver mən götürüm, bacı” deyib, uşağı ondan almaq istəyirəm, amma etmirəm, axı əri var – böyrümüzdə əlini sallayıb dəvə ləngəriylə, vecsiz-vecsiz yeriyən lopabığ əri.
Evə qayıdırıq. Qapının ağzına çatanda əyilib əsəblə dostumun qulağına pıçıldayıram: "deyəsən problemin kökünü tapdım”. "Necə, nə, nədir ki?” –deyib çaşqın baxışlarla gözlərimə zillənir. İşarəylə qucağı uşaqlı xanımını göstərirəm:
"Sən yanında ola-ola yolboyu yükünü özü daşıyan qadın səni niyə sevsin, niyə istəsin ki?”
Qadının bu dünyada ən böyük ehtiyacı nədir? Güvənli bir çiyin! Elə bir çiyin ki, qadın ona başını yaslarkən dağa söykənib düşünsün, qorxusu keçsin, gözü xumarlansın, əsnəsin... hətta yuxulayıb yatsın. Qadın üçün ən rahat yastıqdır kişi çiyni.
Necat İşlərin baş rolda oynadığı bir film var, müəlliminə aşiq olan şıltaq bir qızın hekayətini danışır, üstəlik, elə filmin özü də şıltaqdır, məsumdur, şeir kimidir. Budur, müəllimlə qız yan-yana əyləşiblər, deyib, gülüb, danışırlar. Birdən müəllim qayıdır ki, "indi, elə indi bu saat ürəyindən keçən ən gözəl şeyi et". Müəllim qızdan nələr, nələr gözləyir, qızsa əvvəl xumar-xumar gülür, sonra ehmalca başını onun çiyninə söykəyir, sadəcə bu!
Elə bil, qayaya kəpənək qondu.
İndi o qıza soruşsan ki, ətrafın kişiylə doludur, niyə məhz bu adam? Yəqin, cavabı belə olacaq:
Onun elə güvənli çiyinləri var ki...
Olsun, buyur sən oyandan başla ki, qadın azadlığı, belə, helə, filan və sair... Mənsə düşünürəm, yalnız çərçivələri olan azadlıq gözəldir - başqa cürü sərgərdanlıq! Mənim aləmimdə, ailə həyatı qurmuş qadının yoldaşının qollarındakı (əhatə dairəsindəki) azadlığı daha qəşəngdir, nəinki hansısa subay qızın titrək, ürkək sərbəstliyi. Əlbəttə, kişi kişidirsə, qadın ona gələrək kölələşmir, əksinə, arın-arxayın, qorxusuz-hürküsüz, olduqca ləzzətli bir azadlığa qovuşur.
Və mənə görə əsl xoşbəxt ailə modeli məhz belədir: qadın, sevdiyi kişinin yanında heç nədən və HEÇ KİMDƏN qorxmur,
hətta kişinin özündən belə!
Kişisinin əsəbi-zəhmindən elə kişisinin özünə sığınan qadın - necə də möhtəşəm qadındır və qadını üçün bu şəraiti, bu güvəni və bu hüzüru yaradan kişi - necə də gerçək bir bəydir!
Kişi kişi olan yerdə qadın üçün hər gün, hər gün bayramdır.
İlqar Kamil
qadinkimi.az