BURA / ORA, HÜQUQLARIMIZ, QADIN / KİŞİ
Qadının insan yerinə qoyulmadığı ölkələrin siyahisi Tarix : 10 Noyabr 2019, 13:28
Yazar : Qadinkimi.com
Bu gün dünya nə qədər sadə görünsə də, bir o qədər də ziddiyyətli qalmaqdadı. Hətta bəzən onun düzgün anlaşılmasına belə şübhə edirsən. Bəzi məqamlar insanı heyrətləndirir, bəziləri isə çox qorxudur. Qabaqcıl texnologiyaların tətbiq olunduğu və kosmik tədqiqatların aparıldığı bir vaxtda planetimizdə hələ də barbar ənənələr davam etdirilir...
 


Bu yazıda qadınların nəinki heç bir hüquqa sahib olmadığı, hətta hər gün zorakılığa məruz qaldığı və bir çox hallarda da öldürülmə riski ilə üz-üzə qaldıqları ölkələrdən bəhs ediləcək. Budur, qadınların insan yerinə qoyulmadıqları dövlətlərin siyahisi:

1. Əfqanıstan;

Əfqan qadınlarının ortalama ömrü təxminən 45 ildir. Bu, dünya statistikası ilə müqayisədə çox aşağı rəqəmdir. Yoxsulluq, hərbi münaqişələr, həyat yoldaşları və yaxınları tərəfindən zorakılığa məruz qalma – bunlar yerli qadınların yaşadıqlarıdır. Taliblərin dövründə qadınlara təhsil alma yasağı qoyulub. İslam qanunlarını əsas gətirərək əfqanlar 7 arvad almaq icazəsinə sahibdilər. Qadınlara çadrasız gəzmək olmaz. Ən imkanlı, modern ailənin qadını belə hicabla gəzməlidi. Əfqanıstan doğuş zamanı ölüm sayına görə də dünyada birinci yerlərdədir. Dərman təchizatı yox səviyyəsindədir. Ancaq bir müddət əvvəl Əfqanıstan dünyəvi ölkə olduğunu bəyan etmişdi...
 


2. Konqo Demokratik Respublikası;

Adında "Demokratik" kəlməsi olmasına fikir verməyin. Bilin ki, hansı ölkə adının önünə demokratiya, xalq kimi sözlər yazırsa bu, ordakı vəziyyətin tam əksini əks etdirir. KDR-də qadınlar ərinin icazəsi olmadan heç bir qanuni sənədi imzalaya bilməzlər. Amma onlara kifayət qədər məsuliyyət yüklənib. Eyni zamanda Konqoda davamlı müharibələr olduğundan qadınları cəbhə bölgələrində asanlıqla görə bilərsiniz. Onların çoxu bu müharibələrdə həyatlarını itirirlər. Burada QİÇS və zorakılıq çox yayılıb. Konqo qadınlarının əksəriyyəti heç bir dəstək olmadan uşaqları ilə birlikdə təkbaşına mübarizə aparırlar.
 


3. Nepal;

Bu ölkədə qadınlar özlərini və evlərini qorumaq üçün partizan hissələrinə qoşulmaq məcburiyyətindədirlər. Burada erkən evlilik və doğuş xoş qarşılanır. Amma evliliyə hazır olmayan bu uşaqlar uzun müddət bu vəziyyətə dözə bilmir və həyatlarını itirirlər. Bundan əlavə, burada valideynlərin qızlarını yetkinlik yaşına çatmadan əvvəl satması kimi hallar da çox yayılıb.
 


4. Mali;

Bu kasıb ölkə dünyada qanlı ayinləri ilə məşhurdur: erkən yaşlarda qızlar  sünnət olunur-cinsiyyət orqanının kəsilməsi kimi ağrılı prosedurdan keçirlər. Yerli qadınlar erkən evlənirlər və bu onların istəyi ilə baş vermir. Malidəki hər onuncu qız hamiləlik və ya doğuş zamanı ölür.
 


5. Pakistan;

Bu ölkədə qadınlar onlar üçün təhlükəli olan adətlərə görə çox çətinliklərlə üzləşirlər. Pakistanda qadınların partnyorları tərəfindən üzlərinə kislota tökülmsi, cehizin azlığına görə öldürülmə, xəyanətə görə daş-qalaq edilmə halları geniş yayılıb. Günahsızlığını sübut etmək çox vaxt mümkün deyil. Qatilləri isə əksər hallarda doğma qardaş və ya atalarıdır.
 


6. Hindistan;

Bu ölkədə oğlan uşaqlarına üstünlük verilir. Buna görə də qız uşaqları ana bətninə düşdükləri gündən etibarən cinsi ayrı-seçkiliyə məruz qalırlar: çoxu yetkinlik yaşına çatmadan həyatı ilə vidalaşır. Hindistanda gənc qızların qaçırılması və onların fahişəliyə məcbur edilməsi halı geniş yayılıb. Bu rəqəmləri başa düşmək çətin olsa da, ölkədə üç milyon insan fahişəliklə məşğul olur və onların da yarısı uşaqdır.
 


7. Somali;

Somalidə xəstəxana yoxdur. Buna görə də çətin doğuşların əksəriyyəti ölümlə nəticələnir. Bundan əlavə, qadınlar evləndirilməkdən daha çox təcavüzə məruz qalırlar. Malidə olduğu kimi, burda da tətbiq olunan əzablı sünnət ölümlərin sayını daha da artırır. Ölkədə hökm sürən aclıq və quraqlıq ümumi vəziyyəti daha da ağırlaşdırır.
 


8. İraq;

Bu ölkədə həqiqi bir məzhəbçilik müşahidə edilir: burada qızlar qaçırıla və ya zorlana bilər. Qaçırılma və zorlanma qorxusuna görə əvvəllər işləyən qadınlar da evdə qalmaq məcburiyyətindədir. 2014-cü ildə hərbçilər əsgərlərə intim xidmət göstərməkdən imtina edən təxminən 150 qadını edam etmişdilər.
 


9. Çad;

Bu ölkədə bir qadının həyatı tamamilə ərindən asılıdır. Qız uşaqları isə 11-12 yaşında evləndirilir. Ölkənin şərqində qaçqın düşərgələrində yaşayan qadınların vəziyyəti daha da pisdir. Onlar fiziki və cinsi zorakılıqlara məruz qalırlar.
 


10. Yəmən;

Burada qadınlar təhsil ala bilmirlər. Səbəb sadədir – buna vaxtları yoxdur! Çünki Yəməndə qız uşaqları 7 yaşından başlayaraq evləndirilir və bütün hüquqlardan məhrum olunurlar. Bu problemi Yəməndə həll etməyə cəhdlər olsa da, bu gün dəyişilən heç nə yoxdur.
 


11. Səudiyyə Ərəbistanı;

Əvvəl sadaladığımız ölkələrlə müqayisədə burda qadınlar yoxsulluqdan əziyyət çəkmirlər. Amma buna baxmayaraq, qadınlar üçün bir çox məhdudiyyətlər hələ də gündəmdədir. Səudiyyə Ərəbistanı uzun müddət qadına avtomobil idarə etmə hüququ verməyən yeganə ölkə olub. Onların siyasətlə məşğul olma, səsvermə hüququ yoxdu. Qadınlar əri və ya qohumu olmadan evdən çıxa, ictimai nəqliyyatdan istifadə edə və ya başqa kişilərlə söhbət edə bilməzlər. Onlardan üzünü və bədənini tamamilə örtən geyimdə olmaları tələb olunur.
 


12. Qvatemala;

Bu siyahidə qadınların həyatlarının təhlükədə olduğu növbəti ölkədir. Burada yüzlərlə insan öldürülür və heç kim cinayətin səbəbini araşdırmır. Amma çox vaxt cəsədin yanında nifrət tərkibli sözlər yazılmış məktub tapılır. Daima şiddət və cinsi təcavüzə məruz qalma aşağı təbəqə qadınlarının həyatlarını kabusa çevirib. 

İnanmaq çətin olsa da, biz bu gün belə bir dünyada yaşayırıq! 
 
 

qadinkimi.com
 

qadinkimi.com