QADIN / KİŞİ
Qadını kişilərdən geri salan "analıq" idi Tarix : 08 Avqust 2019, 21:31
Yazar : Qadinkimi.com
Bəşəriyyət yaranandan 2 cins - kişi və qadın mövcud olsa da, müxtəlif tarixi dövrlərdə, müxtəlif ictimai-iqtisadi formasiyalarda qadına olan münasibət fərqli olub.

Ən qədim zamana - Daş dövrünə nəzər yetirdikdə görürük ki, kişilər fiziki güclərini təsərrüfatdan kənarda sərf edirdilər. Məsələn, ovçuluqda. Qadın isə odu-ocağı qoruyan, uşaq dünyaya gətirən, daxili təsərrüfatı idarə edən qüvvə idi. Təbii ki, bu halda kişi və qadın hüquqlarından söhbət gedə bilməzdi. Heç bir cins digərini əzmir, qapamır, özündən aşağı bilmirdi. N.Tusinin "Əxlaqi-Nasiri" əsərində deyildiyi kimi, "hər kəs öz yaradılışına uyğun işlə məşğul idi". 

Zaman keçdikcə, tarixi dövrlər dəyişdikcə qadına olan münasibət də dəyişirdi. Tarixdən bir neçə antik dövr dövlətinin qadına olan münasibətini xatırlatmaq yerinə düşərdi. 

Məsələn: Antik dövrün qədim Yunanıstanında qadına, "arvada" həqarətlə baxırdılar. Məşhur yunan filosofu Aristotel deyərmiş: "Qul, uşaq və arvad ixtiyar sahibi olmağa yaramır". 

Qədim Roma qanunlarına görə, dəlilər, uşaqlar və qadınlar heç bir ixtiyar və hüquq sahibi deyildilər. 

Qədim Hindistanda 3 min il bundan əvvəl "Manunun qanunları" adlı qanunnamə mövcud olub. O qanunlarına görə qadın öldürənin tənbehi, iti öldürənin tənbehi qədərdir. Manu öz qanunnaməsində yazırdı ki, qadın uşaq ikən atasının, cavanlığında ərinin, dul vaxtında isə oğlunun ixtiyarında olmalıdır. 
 


Əsrlər boyu bu fikir qadınların beyninə yeridilib. Nəticədə, onlar özlərini ayrıca bir fərd kimi təsəvvür belə etməyiblər. 

Qadının ibadət etmək ixtiyarına da sahib deyildi. Onun ibadəti yalnız ərinə qulluq etmək idi. 

Kişilərin qadınlara olan münasibəti və qadınların etiraz etmək gücünün olmaması cəmiyyətdə sosial diskriminasiya anlayışının yaranmasına səbəb oldu. 

Qadınların kişilərdən geri qalmasının əsas səbəbi "analıq" idi. 

O analıq ki, onu evdə uşağının yanında qalmağa, onu tərbiyə etməyə məcbur edirdi. 

Qadınların diskriminasiyaya məruz qalması ana bətnindən başlayır. 
Selektiv abortlar bunu əyani şəkildə sübut edir. 
 


Ərəblər "Cahiliyyə dövrü" adlandırdıqları dövrdə onlar qız uşaqlarını diri-diri torpağa basdırırmışlar. 
 


Bu qədim ənənələr 21-ci əsrə qədər müxtəlif formalarda gəlib çıxıb. Qız uşağı zaman-zaman ailənin yükü kimi görünüb. 

Bu məsələ məişətimizə, ədəbiyyatımıza o dərəcədə daxil olub ki, şifahi xalq ədəbiyyatımızda da "Qız yükü duz yükü", "Qızı özbaşına qoysan, ya halvaçıya, ya zurnaçıya gedər" və.s. kimi atalar sözləri var. 

Ədəbiyyatdan söz düşmüşkən, ədəbiyyat bir xalqın məişətinin güzgüsüdür. Biz müxtəlif xalqların ədəbiyyatını oxuduqca, o xalqın həyat tərzi, adət- ənənələri, dövrün siyasi-ictimai quruluşu ilə tanış oluruq. 

Azərbaycan ədəbiyyatında isə ilk dəfə qadının sosial statusunu, cəmiyyətdəki mövqeyini səhnəyə çıxarıb xalqa çatdıran dramaturq M.F.Axundov olub. Onun əsərlərinin tamaşası qoyularkən qadın rollarını kişilər ifa edib. Azərbaycan qadınının səhnəyə çıxması ayıb hesab edilirdi. Axundov yaradıcılığındakı qadınlar real həyatdan seçilib. O, bu məişət tipləri ilə qadınların problemlərini açıq-aydın göstərə bilib, məişəti ədəbiyyatda tərənnüm edib. 

Dramaturq əsərlərində qadınların gözəlliyi, cəsarəti, dilavərliyi kimi müsbət xüsusiyyətləri göstərməklə yanaşı, ən böyük düşmənlərinin savadsızlıq və elmsizlik olduğunu göstərib. 

Qadınların qara pərdə arxasından işıqlı dünyaya çıxarılmasında ədiblərimizlə yanaşı xeyriyyəçi və maarfçilərin də böyük rolu olub. Bu
xeyriyyəçilərdən biri Zeynalabdin Tağıyev idi. O, qızlar üçün çox çətinliklə məktəb aça bilib. Bunun üçün bir neçə dəfə çar III Aleksandra müraciət edib mənfi cavab alıb. 

Tağıyev 1895-ci ildə Nikolayın tacqoyma mərasimində iştirak edir. Onun xanımı Aleksandra Fyodorovnaya bahalı hədiyyələr bəxş edir və onun adına Bakıda qızlar məktəbinin açılmasını xahiş edir. Nəhayət iki ildən sonra məktəbin tikilməsi üçün rəsmi icazə ala bilir. 1901-ci ildə bu məktəbin açılışına nail olur. 
 



Məktəbə 7 yaşı tamam olmuş qızlar cəlb olunurdular. Bu məktəb müsəlman Şərqində qızların təhsil alması üçün açılan ilk məktəb olur. 

O dövrdə ictimai fəallığı, pedaqoji fəaliyyəti ilə seçilən qadınlardan Liza Muxtarovanı, Hənifə Məlikovanı, Eynülhəyat Yüsifbəylini nümunə göstərə bilərik. Azərbaycan qadınının maariflənməsi yolunda böyük əmək sərf edən qadınlardan biri də H.Zərdabinin həyat yoldaşı Hənifə xanım olub. O, qızlar məktəbinin rəhbəri və pedaqoqu idi. 

Liza Muxtarova isə Bakı Müsəlman Qadınlar Xeyriyyə Cəmiyyətinin sədri idi. Yoxsul qızların təhsil alması üçün peşə məktəbi açmışdı. 

Xeyriyyəçilərin və maarifçilərin birgə əməyi və fəaliyyəti nəticəsində, 20-ci əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığı artmağa başlayıb. Onlar çox yaxşı başa düşürdülər ki, qadın maariflənməsə, onun cəmiyyətdə mövqe tutması və hüququnu əldə etməsi mümkün olmayacaq.

1918-ci ildə AXC dövründə də hökumətin qarşısında duran prioritet məsələlərdən biri qadınların maariflənməsi idi. Şərqdə qurulan ilk demokratik respublika olan Azərbaycanda o zaman qadınlara ilk dəfə hüquq verildi. O dövrdən Azərbaycan qadını kişilərlə bərabər hüquqa malik oldu və ilk dəfə seçki hüququ əldə etdi. 
AXC- nın qısa bir dövr ərzində mövcud olmasına baxmayaraq, Azərbaycan qadınının azadlığının təməli də qoyuldu. 

Sovet hakimiyyətinin qurulması ilə qadınlar üçün yeni tarixi dövr başlayır. Bu dövrdə qadınların yeni həyat quruluşuna cəlb olunması üçün xüsusi qadın klubları yaradılırdı. Qadınların kütləvi şəkildə ictimai həyata və əmək fəaliyyətinə cəlb edilməsi prosesi gedirdi. 

Qadın həyatın bütün sahələrinə cəlb olunur, sosial statusu yüksəldilirdi. Onun cəmiyyətdə aparıcı mövqe tutması üçün aparılan siyasət müsbət xarakterli hesab edilə bilər. 

"Elmin feministləşdirilməsi" adlı termin (dalğa) o dövrdə meydana gəlib. Azərbaycan qadını elmin müxtəlif sahələrində kişilərlə birgə çalışıb, alim qadınlar yetişib. 

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni eranın başlanğıcının əsası qoyulur. 

Bu dönəmdən başlayaraq qadınlarımız bir çox stereotipləri qıra bilib. Azərbaycanı müxtəlif sahələrdə dünya arenalarında da təmsil etməyə başlayıblar. Qadınlar daha əvvəllər kişi peşələri sayılan sahələrdə çalışır, müasir dünyanın tələbinə uyğun təhsilə, peşəyə və sənətə yiyələnirlər. 

Yeni eranın imkanları da qadınlara öz bacarıqlarını və imkanlarını inkişaf və nümayiş etdirməyə imkan verir. 

Qadınlarımız uğurlar qazanmağa davam edirlər. 




Zarema Əliyeva, İsmayıllı 

qadinkimi.com