HÜQUQLARIMIZ
Qadına qarşı zorakılıq qadına qarşı deyil, insana qarşıdır - Qan Turalı yazır Tarix : 23 Mart 2021, 11:08
 
Mən insanam!

Biri ateist olar, o biri hizbullahçı, digəri feminist, başqa biri yapon. Biz insanlığın fərqinə çatmalı, insan olmanın əsas əxlaqi dəyərlərinə yiyələnməliyik. İnsan haqqında düşünərkən bütün bu bölgülər bir kənara qoyularaq diqqəti İNSAN olmaq üzərində cəmləməliyik. 

Həm dinlər, həm müasir hüquq eyni bəşəri prinsiplər üzərində qurulmuşdur. Misal üçün Avropa İnsan Hüquqları Konvensiyasının ilk maddəsi belədir: "Hər kəsin yaşamaq hüququ qanunla qorunur”. Qurana baxaq: "Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. (Nisa 93) Musaya verilən "On əmr"in biri də "Öldürmə" deyilmi?! Bu mənada din hüququnun əsas mənbələrindən biri kimi onu dəstəkləyir.

Bəs insan olmaq nədir? İnsanın özünün bütün milli, dini, irqi, dini, ideoloji tərəflərini azad şəkildə dərk etməsidir. Və qətl, təcavüz, zorakılıq, işgəncə, zülm, istismar bir sözlə, bütün qeyri-əxlaqi davranışların məhz insana qarşı törədilməsini anlamaqdır.

Qadına qarşı zorakılıq qadına qarşı deyildir. İnsana qarşıdır.
Zəncilərə qarşı ayrı-seçkilik mənfiyə qarşı deyildir. İnsana qarşıdır.
Yəhudilərə qarşı soyqırım yəhudilərə qarşı deyildir. İnsana qarşıdır.
Dalitlərə (Hindistanda toxunulmazlar sinfi) olan münasibət dalitlərə qarşı deyil. İnsana qarşıdır.

Min illərlə bəşəriyyətin qazandığı dəyərlər bir çox hüquqi sənədlərdə öz əksini tapmışdır. Misal üçün yuxarıda adı çəkilən konvensiyada

● Yaşamaq hüququ
● Işgəncənin qadağan edilməsi
● Ədalətli mühakimə
● Fikir, vicdan və din azadlığı
● İfadə azadlığı...

... kimi müddəalar təsbit edilmişdir.

Biz bu hüquqları insana (hansısa bir qrupa yox) verilmiş hüquqlar kimi dərk, bu etik biliyi əxz etməyənə qədər Yer kürəsində bütün bəşəri fəlakətlər baş verəcəkdir. İnsan olmaq insan olmanın fərqinə varmaq və insanlığın ən fundamental prinsip olduğu barədə ittifaq etmək, bu əxlaqi dəyəri daxili mənəvi prinsipə çevirmək deməkdir.

Həzrəti Məhəmməd ölümündən bir az qabaq oxuduğu "Vida xütbə"sində dəfələrlə "Ey insanlar" müraciətini edirdi. Minlərlə fikir sərkərdəsi, insanlıq aşiqi vurğunu insan olmanın üzərinə salırdı. İncəsənət min illərdir insana insan olmağı öyrədir, onun içindəki insanlığı oyatmağa çalışır.

İnsan olmaq ən ali dəyərdir. Məhz bu dəyəri özününküləşdirəndən sonra türk olmaq da, müsəlman olmaq da gözəlləşir. İnsanlığını dərk etməyən insan Roma Papası da olsa puçdur. İnsanlığın fərqinə varmadan hər marksist quldurdur. İnsanlığı bir dəyər kimi beyninə yerləşdirməyən hər buddist din dəllalıdır.

Bəşəriyyətin ən böyük kəşfi insaniyyətdir.

İnsanlığı insanlıq xilas edəcək...

Asif Atanın da dediyi kimi: İnsanlaşın, insanlaşdırın!

Qan Turalı
qadinkimi.com