QADIN / KİŞİ
Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü qeyd olunub Tarix : 25 Noyabr 2018, 19:10
Yazar : Qadinkimi.com
Bu gün "Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü” ilə bağlı Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti ilə Səhıyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən "Qadınlara qarşı zorakılığa yox deyək!” mövzusunda tədbir keçirilib.

Baş tutan tədbirdə qeyd olunub ki, 1999- cu ildə Birləşmiş Millətlər Təşkilatında 25 noyabr tarixi - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə günü kimi elan edilib. Məqsəd dünya ictimaiyyətinin diqqətini qadına qarşı zorakılığa yönəltməkdən ibarətdir. Qadın zorakılığına qarşı mübarizə bütün dünyada olduğu kimi, Azərbaycanda da daim diqqətdə saxlanılır.

Tədbirin keçirilməsində əsas məqsəd – KİV vasitəsi ilə ictimaiyyəti bu problemin miqyasına, nəticələrinə yönəltmək, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması naminə əhaliyə düzgün istiqamətlənmiş məlumatları təqdim etməkdi.

Tədbirdə KİV nümayəndələrinə qadına qarşı zorakılığın sosial aspektləri, səbəbləri, zorakılığa məruz qalmış qadınların sağlamlıqlarının qorunmasında tibb işçilərinin rolu, qadına qarşı zorakılığın hüquqi tərəfləri və İSİM-in apardığı sorğunun nəticələri haqqında geniş məlumat verilib.

Qeyd olunub ki, statistikaya görə, qadınların 60%-i öz ailələri tərəfindən zorakılığa məruz qalır, əksər hallarda isə fakt gizli saxlanılır.

Sonda qadın zorakılığına qarşı mübarizə ilə əlaqədar hazırlanmış video çarxlar nümayiş etdirilib.