Bir vəkil xanım tarixə düşəcək sözlər deyib.
Deyir ki, vaxt var idi qadınlar ayaqlarını, dizlərini yerə qoyub paltar yuyurdu, sonra gedirdi ət doğrayırdı, başı qarışırdı, indi paltaryuyan yuyur, ətçəkən çəkir, özünün altında maşını, "priklyuçeniya" axtarır özünə. Gözləyirdim desin "diz çöküb hər gün ayaq da yuyurdu". İncəvara onu demədi.
Gördüm hamı əl çalır, rəylərdə kişilər yarışa girib bəh-bəhlə təsdiqləyici sözlər yazırlar. Bu coğrafiyada insanlar belə birtərəfli
düşünürlər. Qadın onlar üçün sadəcə MAŞIN rolunu ifadə edir: paltaryuyan, ətçəkən, doğan və s. Qadının rolunu başqa cür görmürlər, görə bilmirlər. Belə cəmiyyətlərdə qadın daim əzilir, çünki 90% kişilər qadını yanlarında deyil, arxalarında, hətta ayaqlarının altında görürlər. Qadını dost-sirdaş sifətində görə bilmirlər. Belə "məntiq"lə düşünən cəmiyyətlərdə əxlaq deyəndə yalnız qadın yada düşür, qadın günahlandırılır, yük qadının çiyninə qoyulur. Bu, natamam formalaşmış daş beyinlərin hökm sürdüyü cəmiyyətdir. Belə cəmiyyətlərdə qadın intiharları da bol olacaq, qadına şiddət də səngiməyəcək, azadlıq axtaran qadın da azalmayacaq.
Yaxşı, bunu qoyduq qırağa. Bir adam tapılmır desin ki, o vaxt kişilər bənnalıq, dəmirçilik edirdi, külüng vururdu, nə bilim nə edirdi, evə yorğun gəlirdi və indiki kimi kondisionerli otaqda oturub, sonra da altında maşın ora-bura şütüyüb getmirdi, onun-bunun qızına, arvadına, basısına, anasına eşq elan eləmirdi? Bəs o kişilər hanı? Onları da paltaryuyan, ətçəkən maşınlar uddu?
Nə qədər ki, hər əyri-üyrü işdə qadın barmağı axtarılacaq, qadın günahlandırılacaq, qadın linç ediləcək, bu cəmiyyətin xilası mümkün olmayacaq. Nə qədərki bu cəmiyyətdə hələ də maşın sürən, özü öz ayağının üstündə duran, əks cinsdən qat-qat artıq halal maaş alan, öz hüququnu bilən qadına qəzəblə baxan, qadına öz bərabəri kimi baxmağa eqosu imkan verməyən əks cinslər var, burada xoşbəxt qadına hələ uzun illər rast gəlinməyəcək. Ən qorxulusu da beyni yuyulmuş - fərqi yoxdur din yolu ilə, ya da paxıllıqdan - digər qadın tərəfindən qadının haqsızlığa uğramasıdır.
Aygün Əziz
qadınkimi.com