• Həyatındakı qadını başqasına dəyişdiyində birdən – birə hər şeyini itirən çox uğurlu kişi görmüsünüzmü?
Ya da əksinə: Uğursuz bir kişinin həyatına gələn qadından sonra birdən-birə hər işdə uğur qazanmasının, sosial vəziyyətinin tamam dəyişdiyinin, "göyün yeddinci qatına” ucaldığının şahidi olmusuzmu?
* Ətrafınızda olan bu qədər ağıllı, gözəl qadınların niyə tənha olması haqda düşünmüsünüzmü?
* Niyə yaşından asılı olmadan bəzi qadınların ətrafında həmişə kişilər fırlanır, bəzilərisə tək qalır?
* Ağıllı, yaxşı, gözəl, hətta çox evdar, möhtəşəm bir qadının həyat yoldaşının birdən – birə ona xəyanət etməsini eşitmisizmi?
*Nədən bəzi ailələrdə cütlüyün sevgisi illərlə dəyişmir, bəzilərindəsə zamanla ötüb keçir?
• Niyə bəzi qadınlar gəncliyini illər boyu qoruya bilir, yaşından cavan görünür, bəziləri tez qocalır?
Bu sualların cavabı həm sadə, həm də mürəkkəbdir. Hamısı enerji ilə əlaqədardır. Enerji dünyanı idarə edir, cəzb edir və saxlayır.
Qadın maqnit kimi kişini, imkanları, pulu, uğuru, gərəkli tanışlığı özünə çəkən dünyanın həyat gücüdür, enerji selidir. Ən əsası isə o, bütün bunları itirmədən saxlaya bilir.
Ətrafımızda, sosial həyatda uğurlar qazanan enerjili qadınlar az deyil, amma onların əksəri təkdi, bədbəxtdi, ya xəstədi – kimi sual yarana bilər.
MƏSƏLƏ ONDADIR Kİ, BİZ SADƏCƏ ENERJiDƏN DEYİL, MƏHZ QADIN ENERJİSİNDƏN DANIŞIRIQ.
Qadın təbiətən sonsuz böyük gücə malikdir. Müasir qadınların çoxu bu gücdən xəbərsizdi. Maqlar bunu "qadın paradoksu” adlandırır və normal hesab etmir.
Ulu babalarımız kişi və qadın arasındakı enerji fərqlərini görürdülər. Qədim dünyanın sakinləri bu fərqlərin gözəlliyini və möcüzəsini vəsf edirdilər. Qadın və kişi başlanğıcına xas olan anadangəlmə güc və qabiliyyətlər inkişaf və sağlamlığa xidmət etməli idi. Bütün qadınlar Böyük Tanrıçanın, bütün kişilər isə Böyük Tanrının emanasiyaları (şüaları, törəmələri, davamı) hesab olunurdu.
Əsrlər boyu qadınlar qadın enerjisini toplamaq, qorumaq və gücləndirməyin sirlərini bir - birinə ötürüblər. Bu sirlərə yiyələnən və öz enerjisindən istifadə etməyi bacaran qadın böyük gücə sahib olub. Bu məqsədlə qadınlar müxtəlif ritualları mənimsəmiş, meditasiya etmiş, dərin düşüncələrə qapılmış, təbiət qüvvələri və tanrılarla ünsiyyət qurmaq üçün sehrli kod hesab olunan nəsihətlərdən, müdrik deyimlərdən, müxtəlif ayin və üsullardan istifadə etmişlər.
Hindistanda qadınları yüksək qiymətləndirən müqəddəs məktəblər, məbədlər və adətlər olub. Qadınlar və qadınlar tərəfindən yaradılan bu məktəblər bilikləri qadından qadına, nəsildən-nəslə ötürürdü. Müqəddəs ayinlərin köməyi ilə qadınlar ruh – mənəvi dünyanın işığına və enerjisinə can atıblar, ona sığınıblar. Bu işığı hamıya ötürüblər. Bütün bunlar bədəninizi və zehninizi təmizləmək, qadından gələn enerji axını ilə vəhdətdə və öz gücümüzlə təmasda yaşamaq üçün olub.
Üstəlik, qadınlar o qədər həssaslığa sahiblənirdilər ki, əllərinin insan bədəninə toxunuşu ilə xəstəlikləri hiss edir və neqativ axını dağıda bilirdilər.
Şəfaverici - qədim zamanlardan gələn qadının xüsusi üstünlüklərindən biri də budur.
Qədimdə şamanlar psixoloji ayinləri həyata keçirmək üçün səyahət edərkən, mütləq yanlarında bir qadın olardı. Və bütün işlərində onlara bələdçilik edərdi.
Qadınlar gücünü təbiət ünsürlərindən alırdılar, bu qadın üçün asandır. Məsələn, su - intuisiya, zəriflik və yumşaqlıq, torpaq - hikmət, od - ehtiras və cinsəllik, hava - zehni hərəkətlilik və düşüncənin təzahürü hesab olunur.
Bu ünsürlərdən biri çatmayanda qadının həyatında hormoniya yaranmır. Məsələn, hava, od var, amma su yox. Seksuallığı, parlaq ağlı ilə cəzb etsə də, bir müddət sonra belə qadının yaratdığı gərginliyə dözməyən kişi onu tərk edir. Çünki onda su axıcılığı yoxdur. İndi təsəvvür edin ki, qadının susuzluq problemi yoxdu, amma havasızlıq hiss edir. Su incəliyi var, amma havalı - əllə tutulmaz deyil. Belə qadını ələ almaq kişi üçün çox asandır, onda yorucu inadkarlıq, ləçərlik olmur. Amma belə qadına dəyər vermirlər! Əlçatan olmaq dəyərsizləşdirir. İnsanlar zəhmətlə əldə etmədiklərinin qədrini bilmirlər. Əgər qadın alovlu-ehtiraslı deyilsə...Özünüz tapın ... Beləsi isə sadəcə cəlb etmir!
"Qadın" enerjisi ilə dolu bir qadın, öz mahiyyəti ilə tamlıq yaradır, kişi, sevgi, qazanc harmoniyasını asanlıqla qoruya bilir. Belə qadın enerji axını ilə yanındakı kişini də uğur zirvələrinə aparır. Belə qadın görünüşü ilə deyil, enerjisi ilə ovsunlayır. Onun yanında olan hər kəs uğur qazanır.
Kişilər daim belə qadınların həsrətini çəkir, onlara ehtiyac duyur. Özləri də bilmədən ilk görüşdən, ilk gecədən sonra bütün yaşamlarının dəyişəcəyini hiss edirlər. Və bunun üçün dünyanı onun ayaqlarına atmağa hazır olurlar.
Qadın yanında olduğu kişiyə təsir edə bilir, onun həyata baxışını dəyişir və aydınladır. Onun düzgün addımlar atmasına imkan verən sağlam, işıqlı baxış yarada bilir. Bunu özü duyumlu, sağlam, işıqlı olan qadın bacarır.
Qədim dövrlərdə qadınlar vaxtaşırı təkliyə çəkilir, öz beyinlərinin işıq sahələrini bərpa etmək haqda düşünür, meditasiya edirdilər.
Əlbəttə kişidə də vacib məqamlar var. Əgər kişinin ağıl gözü pis görürsə, zədəlidirsə, işığı azdırsa, o arzularına çata, xəyallarını gerçəkləşdirə, qazanc və hakimiyyət əldə edə bilməyəcək. Belə kişiyə heç bir qadın kömək ola bilməz. Belə kişi ilə bərabər olan qadın isə istəsə uğur qazana bilər. Amma bu uğur onu sevindirməyəcək. Çünki yanında passiv və ağır enerji saçan və bununla yorub əldən salan kişi var.
Bir şeyi dəqiq bilmək lazımdı. Yanınızdakı, həyatınızdakı adamların mənfi enerjisi sizi məhv edə, bədbəxtlik hiss etdirə bilər.
Narazı, deyingən, şikayətçi və ən vacibi daim sizdə qüsur axtaran, sizi qınayan, sizi başqaları ilə müzakirə edən adamlar sağlam auranıza dağıdıcı enerji göndərir. Uğurunuzdan, özünəməxsusluğunuzdan anlayışı olmayan, hətta qəlbinin dərinliyində fərqli olmanızı qısqanan adamlar sizi sevinc hissindən məhrum edə bilər. Bu, çox təhlükəlidi.
İnsanlar niyə seksdə rahatlıq tapdıqları qadın-kişiyə bağlanırlar? Bu, təkcə vəhşi tələbatla bağlı deyil. Vəhşi tələbatla yaşayanlar heç kimə bağlanmır. Onun üçün fərqi yoxdu. Adamlar müsbət enerji aldıqları, harmonik olduqları, xoşbəxtlik hiss etdikləri partnyora bağlanırlar. Və bu bütün münasibətlərdə eynidi.
Kişilər seks zamanı şüuraltı olaraq tamlıq hiss edirlər. Enerjisiz, işıqsız qadın onları təkrar cəlb etmir. Varlı, ya kasıb, gözəl, ya çirkin, gənc, ya yaşlı olması önəmli deyil. Müsbət enerjisi olmayan qadın arzuolunan deyil. Heç bir kişi-qadın beləsinə ehtiyac duymur.
Hava, od, su, torpaq birləşməsi olan qadına isə kişilər can atır.
Gözəllik şərt deyil, gözəllikdən axan enerji əsasdı.
Əgər qadın enerjisini qorumağı, bərpa etməyi bacarmırsa, get – gedə enerjisi tükənir. İş, stresslər nəticəsində, zaman ötdükcə 35 – 40 yaşlarında artıq qadın darmadağın olur. Kişi isə yeni tanışlıqlar, əyləncələr, daha gənc xanımlara meyl edir.
Enerjisini yeniləyən qadın isə hər yaşda sevilir və arzulanır.
Qadının sağlamlığı, xoşbəxtliyi, maddi təminatı onun enerjisindən, ruh halından, iç dünyasından asılıdır. Özünüzü qoruyun!
qadinkimi.com