Düşünürəm ki, bəlkə pul artırma yolları ilə bağlı təlimlər hazırlayım. Çox həvəsliyəm buna. Amma tənbəllik imkan vermir. Bəziləri deyir ki, pul kisəsini qoy başının altına, de ki, "pul gələcək, pul gələcək" səhər varlanacaqsan. Düzdür, kainata, beyin gücünə inananlardanam, amma gerçəkdən pulun artırılması fəndlərini də öyrənmək lazımdır.
Pul artırma yolları yadıma düşdükcə, yazacam. Amma doğrudan bu mövzuda kitabları, filan oxuyub ciddi şəkildə proqram qursam yaxşı olardı. Evdə pula aid çoxsaylı kitablarım var, çox sevirəm bu mövzunu araşdırmağı.
Mən öz gücümə 100 min manat (10 il ərzində) yığmışdım. Təsəvvür edin də ilk bu qərarı 27 yaşında 200 azn maaşlı işdə və hər gün söyüldüyüm, sonra boşandığım ailədə vermişəm və inadla məqsədimə doğru mübarizəyə başlamışam.... Boşanma qərarı verəndə bankda artıq 30 min pulum vardı (əsasən müəllifi olduğum "Gözəllik" seriyası kitablarımdan əldə etmişdim) Sonra da ardını davam etdim. Məqsədim ev və maşın almaq idi və buna da israrla nail oldum. İnanın ki, bunları əldə etməkdə 1 manat kimsə kömək etməyib, hər şeyi öz zəhmətimlə qazanmışam.
Amma qənaət etmişəm. Ev alana qədər bir kilo ət almamışam (anam qonaq gələndə gətirirdi). Bəziləri deyir, ətsiz yaşaya bilmərəm. Olsun, o zaman evsiz yaşayın. Qoyduğun məqsədə çatana qədər müvəqqəti hər şeyə dözmək olar.
Qənaət etməsən alınmır. Pul artırmağın 2 yolu var: əlavə işlər, yəni gəlir yeri və qənaət... Məndə belə artıb. Universitetdəki maaşdan əlavə 2-3 işlə məşğul idim (kitab satışı, dizayner, saytlarım, reklam və s). Bir də pulumu banka qoyurdum, orada da pul mənə işləyirdi, hər gün artırdı. Əlli min bankda pulum olanda aya 500 azn gəlirdi. Sonra çıxarıb kirayədə qaldığım evi aldım.
Hazırkı iqtisadi çətinliklər məndən də yan keçməyib. İndi gəlirim azdır. Çünki kitab işim, saytlarım dayanıb, özüm də tənbəlləşmişəm. İnsanın çox pul qazandığı şanslı vaxtları olur. O vaxtdan və şansdan istifadə edəndə irəli gedirsən, etməyəndə yox. İndiki gəlirimlə bəlkə bunlara gec nail olardım, amma yenə də pis yaşamazdım. Dediyim kimi pulu ağılla xərcləyirəm. Ayda 200 azn qazansam mütləq onun 50 manatını arxaya atıb yığaram. Yüz əlli manatla yaşamağı öyrənərəm.
Düzdür, istəsəm çalışıb yenə artıq qazana bilərəm. Amma yorulmuşam. Həm də pul mücadiləsi məqsədə, arzuya çatmaq üçündür. Böyük şeylərdə gözüm olmadığı üçün hazırkı durumumla kifayətlənirəm. Hüzurlu, rahat yaşamaq üçün böyük pullara ehtiyac yoxdur.
Allah bizi xəstəlikdən, qəzadan qorusun. Bunlar varsa, əlbəttə çətindir, amma yerdə qalan hər şeyi idarə etmək olar. Misal üçün mən qızımı o vaxt çox hazırlıqlara (zəif olduğu 1-2 fənnə gedərdi arada) qoymamışam. Pul itkisidir. Zatən 9-cu sinifdən sonra bütün fənlər üzrə hazırlaşacaq. Və mənim qızım da universitetə girəcək, sizin 1-ci sinifdən bütün fənlər üzrə hazırlaşdırdığınız uşaq da. Nə fərq edər. Fərq itirilən pullardır.
Bir adam tanıyıram, evini satıb uşaqlarını hazırlığa qoydu ki, əsas təhsildir, universitetə girsinlər. İndi kirayədə qalır. Uşaqlar da universiteti bitirib bazarda kartof satırlar.
Yaxud gözəllik salonlarına qətiyyən getmirəm. 200-300 manatlıq brend paltarlar almıram. Maraq dairəmdə deyillər. Amma səyahətlərə mütləq pul xərcləyirəm. Sevdiyim hobbidir.
Xətrinizə dəyməsin, nədənsə düşünürəm ki, pul qazanıb, amma pulsuz qalmağınızın səbəbi özünüzsünüz. Çünki, müşahidə edirəm ki, boş şeylərə ən çox pul xərcləyən elə kasıblardır. Hətta yardım etdiyim ailə olub ki, görəndə ki, 1000 manatlıq telefonu kreditlə alıb, bütün yardım etmə həvəsim sönüb. Yaxud bir kasıb ailə tanıyıram 20 min kredit götürüb qızına cehiz alıb. Beş uşaqlı bir qadın da tanıyıram ki, camaat pul yığıb buna yardım edir, bu da 100 azn verib özünə don alır... Belələrinə nə deyəsən?!
Mən şəxsən belə ağılsızlıqlar etmərəm. Demək ki, çoxunda pulsuzluq problemi özlərindədir. Təbii ki, istisnalar da hər zaman var....
Aynur Qurbanqızı
Qadinkimi.com/az