QADIN / KİŞİ
Pozğun kimdi - şantaj olunan qız, yoxsa bunu edən - Nura Suri yazır Tarix : 18 Sentyabr 2020, 19:07


Naidə İsayeva əvvəldən tanıdığı şəxs tərəfindən qeyri-etik şəkillərinin internetdə yayılacağı ilə bağlı şantaj olunub. Bununla bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsə də, şikayətinə baxan olmayıb. İbtidai sinif müəlliminin intihar etməsinə səbəb də məhz bu amildi.

Bu xəbərdə bir gənc insanın faciəsi yox, hamımızın, cəmiyyətimizin faciəsi açıq-aydın görünür. Sevdiyi, etibar etdiyi, inandığı bir şəxsə göndərdiyi fotolara görə şantaj olunub. İnsanlar nə deyər, nə düşünər qorxusu bir tərəfdən, pozğun damğası daşımaq qorxusu o biri tərəfdən gənc qızın həyatına son qoyub.

Kişilər pozğunluq edəndə, pozğun damğası ilə yaşamağa məhkum olmurlar. Ayrı-seçkilik budu. Necə olur ki, gündə bir xanımı aldatmaq, yatağa girmək, şantaj etmək, edib-etmədiklərini dostlarınla müzakirə etmək, "filankəsi filan şey etmişəm" demək pozğunluq hesab olunmur? Amma bir qızın kiməsə inanması, sevməsi, onunla yaxınlıq etməsi pozğunluq olur?

Niyə insanlar hələ də zorakılığa, şantaja məruz qalan qızlarda günah görürlər? Belə olmasaydı, polis işinə baxardı. Bir Allah bilir, şikayət etdiyi bölmədə bu xanıma hansı gözlə baxıblar.

Qısa yazıram, çünki insanlar başlığı görüb, yazılanı oxumadan anında şərh yazıb, fikir bildirirlər. İçlərindəki zəhəri boşaltmağa yer axtarırlar. Kitab oxumağa həvəsləri yoxdur, kitab oxumaq heç dəbdə də deyil, axı. Sosial şəbəkələrdə insanları güdmək, təhqir etmək dəbdədir indi. Buna görə maaş da ödəyirlər bir çoxuna.

Başıboş, robotlaşmış insanların fikrinə niyə dəyər verirsiz? 

Əziz xanımlar, sizin kimisə sevməniz, etibar etməniz pozğunluq deyil. Sizi aldatmaq, müzakirə etmək pozğunluqdur, fahişəlikdir. Rüşvət almaq, vicdanını satmaq fahişəlikdir. Bunu anlayın. Cavan canınıza qıymayın.

Əslində, problemlərimiz çoxdur və dərindir. O qədər çoxdur ki, bu bir kitaba da sığmaz.

Nura Suri
qadinkimi.com