Polis "Qarabağ aksiyası"nın qarşısını aldı - Ramin Hacılını Füzulidə saxlayıb, İmişlidə buraxdılar
Tarix : 09 İyun 2019, 12:17
Yazar : Qadinkimi.com
Bildiyimiz kimi dünən yəni 8 iyun tarixində Füzuli rayonunun Horadiz qəsəbəsində "Qarabağa qayıdırıq" aksiyasının keçirilməsi planlaşdırılırdı.
Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı ölkə və dünya ictimaiyyətinin diqqətini Qarabağ probleminə cəlb etmək üçün elan etdiyi aksiyanı saat 16:00-da Horadiz qəsəbəsinin Bayraq meydanında keçirilməsini nəzərdə tutmuşdu.
Xatırladaq ki, R.Hacılı 5 iyun tarixində özü Bakıdakı Bayraq Meydanından start verərək, təkbaşına Horadizə qədər piyada yürüşə başlamışdı. R.Hacılı ölkə ictimaiyyətinə səslənərək, yaşadığı yerdən asılı olmayaraq, hər kəsi fərdi qaydada Horadizdəki aksiyaya gəlməyə səsləmişdi. Sosial şəbəkələrdə böyük dəstək alan kampaniya, minlərlə insanın diqqətini çəkərək marağa səbəb olmuşdu.
Eyni zamanda Ermənistan mətbuatı da aksiya əleyhinə çoxsaylı yazılar dərc edərək, bu təşəbbüsdən narahat olduqlarını ifadə etmişdilər.
Lakin 8 iyun tarixində günorta saatlarında Füzuli rayonuna daxil olan Ramin Hacılını ilk olaraq, polis əməkdaşları qarşılayıb. Həmin an canlı yayımda olan R.Hacılıya yaxınlaşan polis əməkdaşları onun telefonunu əlindən alaraq, canlı yayımı dayandırıblar. Bundan sonra bir neçə saat R.Hacılı ilə əlaqə saxlamaq qeyri-mümkün olub. Daha sonra aydın oldu ki, polis tərəfindən saxlanılan R.Hacılı heç polis bölməsinə aparılmayıb, onu bir neçə saat yol polisinin avtomobilində saxlayıblar. Sonra isə aksiyanın təyin olunduğu saatlarda Füzuli rayonunun ərazisindən uzaqlaşdırıb, İmişli rayonunda sərbəst buraxıblar.
Faktla bağlı R.Hacılı açıqlamasında belə deyib: "Polislər Horadizin cəbhə bölgəsi olduğunu əsas gətirərək, burada aksiya keçirməyə icazə olmadığını bildirdilər. Məni yol polisinin maşınında saxladılar, bir neçə saatdan sonra isə gətirib İmişli rayonu ərazisində sərbəst buraxdılar. Mən aksiyaya qatılmaq üçün gələn çoxsaylı vətəndaşların taleyindən narahatlığımı ifadə etdim. Amma polislər söz verdilər ki, heç kimi saxlamayacaqlar, hər kəsə aksiyaya icazə olmadığın izah edib, geri qaytaracaqlar".
Qeyd edək ki, dünən sosial media hesabından canlı yayına bağlanaraq gələcək planlarından danışan Ramin Hacılı Azərbaycan xalqının Qarabağı geri qaytaracağına kəsinliklə əmin olduğunu deyib. Prosesin artıq başladığını və Azərbaycan xalqının daha səbrinin qalmadığını bildirən R.Hacılı Qarabağın azadlığı uğrunda başladığı aksiyanı davam etdirəcəyini və atılan bu addımların artıq nəticə verdiyini, erməni saytlarının mediasının təşvişə düşdüyünü, artıq bu kampaniyaya qarşı provakativ yazılar yayınladığını deyib. Həmin saytın linkini sizə təqdim edirik.