SƏNƏT
Pikassonun “Saatlı qadın” əsəri 139 milyon dollara satıldı Tarix : 09 Noyabr 2023, 20:54
Yazar : Qadinkimi.com

İspan rəssam Pablo Pikassonun "Saatlı qadın” əsəri "Sotheby’s” hərracında satışa çıxarılıb.

 



Qadinkimi.com xəbər verir ki, sevilən rəssam Pablo Pikassonun "Saatlı qadın” (Femme a la portre) əsəri Nyu-Yorkda "Sotheby's” hərracında 139,364 milyon dollara satılıb. Hərrac evindən verilən açıqlamalara görə bu indiyə qədər rəssamın hər hansı bir əsərinə verilən ikinci ən yüksək məbləğdir. "Saatlı qadın”ın ilkin qiyməti 120 milyon dollar olub.


Pikasso bu tablonu 1932-ci ildə çəkib. Kətan üzərində 130x97 ölçülərində çəkilmiş əsərdə rəssamın "ilham pərisi” olan sevgilisi fransız model Mariya-Tereza Volter (Marie-Terese Uolter) təsvir edilib. 


Pikasso əsərlərinin tədqiqatçısı Lidiya Qasman sözü gedən saatın rəssam üçün xüsusi bir önəm daşıdığını və təsvirin "zamanın aşındırdığı sevgi” ilə əlaqəli olduğunu bildirib.


Haşiyə: Məlumata görə, 1966-cı ildə "Saatlı qadın” İsveçrənin Bazel şəhərindəki Beyeler qalereyası tərəfindən Pikassodan alınıb. 1968-ci ildə əsər Nyu Yorkdakı "Pace Gallery”nin kolleksiyasına daxil olub.


1968-ci ilin noyabrında tablo məşhur amerikalı kolleksiyaçı Emili Fişer Landau tərəfindən alınıb. Yarım əsrdən çoxdur ki, əsər onun Nyu-Yorkdakı mənzilində şkafın üstündən asılıb. 2023-cü ilin martında Landau 103 yaşında vəfat edib.


Sotheby’s hərrac evi onun kolleksiyasının bir hissəsini - təxminən 400 milyon dollar dəyərində olan 120-ə yaxın əsəri satmaq hüququ əldə edib. 


Qeyd edək ki, Pikassonun rekord satışı 1955-ci ildə çəkilmiş və 179,4 milyon dollara satılan "Əlcəzair qadınları” əsəridir.


Hazırladı: Günel Dəniz

Qadinkimi.com