FEMİNİZM, GENDER
Bugün patriarxata meydan oxuyan qadın doğulub - Meri Uolstounkraft Tarix : 27 Aprel 2022, 18:21
Yazar : Qadinkimi.com

27 aprel 1759-cu il. Patriarxiyaya meydan oxuyan ilk feministlərdən olan Meri Uolstounkraft bu tarixdə anadan olub.

 


"Mən öz cinsimin haqqlarını müdafiə edirəm. Öz mənfəətim arxasınca qaçan deyiləm”. (Mary Wollstonecraft)

 

Patriarxata ilk dəfə sistemli meydan oxuyan qadınlardan biri olan Meri Uolstounkraft feminist mübarizəyə çox gənc yaşda başlayıb. Qardaşı Nedin məktəbə getməsinə icazə verilsə də, Meriyə icazə yox idi. O, ev işlərinə kömək etməli və özündən yaşca kiçik üç bacısına baxmalı idi. Meri bütün çətinliklərə baxmayaraq, o dövrdə yalnız kişilər üçün bir imtiyaz olan oxumağı və yazmağı öyrənir. Həm anasını döydüyü üçün, həm də özünü erkən yaşda evləndirmək istədiyi üçün atasına müqavimət göstərir və evi tərk edir. Əvvəl dostu Fanninin ailəsi ilə qalır, daha sonra isə aşiq olduğu Fanni ilə birlikdə ev tuturlar. O, çox gənc olmasına baxmayaraq artıq iqtisadi azadlığını əldə etməyə başlayır. Yaşadığı müddətdə xəstə baxıcılığı, mürəbbiyəlik, müəllimlik, məktəb idarəçiliyi, tərcüməçilik, redaktorluq və romançı kimi bir çox işlə məşğul olur. Bacısı Elizaya boşanma zamanı dəstək verir. İlk övladını evlənmədən dünyaya gətirir və bu münasibətə görə çox ağır 'eşq ağrısı' çəkir. İki dəfə intihara cəhd edir. Ikinci övladına hamilə olarkən ailə həyatı qurur. Doğumdan on gün sonra 1797-ci il sentyabrın 10-da vəfat edir. 


Merinin iyirmi yaşında yazdığı "Mery” adlı böyük hekayəsi və "Qız uşaqlarının təhsili” adlı kitabı o dövrün məşhur "Fleet-Street” nəşriyyatı tərəfindən çap olunub. Meri Uolstounkraftın yazdığı kitablardan təsirlənən naşir Cozef Conson onu nəşriyyatda redaktor kimi işə götürür. Bu müddət ərzində Meri tərcümə etməyə, fransız, alman və italyan dillərini təkbaşına öyrənməyə başlayır.

 

Meri Uolstounkraft qadınların həm cəmiyyət, həm də kişilər tərəfindən əzildiklərini dilə gətirib. Mübarizəsinin mərkəzinə qadın bərabərsizliyini, qadınların insan hüquqlarını, xüsusən də bərabər təhsil haqqı tələbini qoyub.

 

Meri Uolstounkraft "İnsan Haqlarının Müdafiəsi” məqaləsini Fransa İnqilabının əleyhinə olan Edmund Burke-a cavab olaraq yazıb. Bu yazı bəziləri tərəfindən şiddətli tənqid olunsa da, böyük bir kütlə tərəfindən də bəyənilib.

 

O, "Qadın haqlarının təsdiqi” adlı kitabını "İnsan Haqları Bəyannaməsi”nə əsaslanaraq Fransa İnqilabının baxış və düşüncələri ilə yazıb. "Mən öz cinsimin hüquqlarını müdafiə edirəm - öz mənfəətim arxasınca qaçan deyiləm” - bu, kitabın əsas cümləsi idi. Meri kitabında başından sonuna qədər böyük bir həvəslə gender bərabərliyini müdafiə edirdi.


Qadınların bərabərsizliyi ilə bağlı dilə gətirdiyi, o dövr üçün radikal sözlərinə və tələblərinə görə Meriyə çox sərt təpkilər də olurdu. Fikirlərinə görə inqilab əleyhdarları onu "fəlsəfə edən ilan”, "jüponlu (ətək altına geyilən astar) kaftar”, "cumhuriyyətçi Fransanın dinsiz amazonlarından biri” deyə adlandırardılar. Məqsədinin kişi nifrətinə məruz qalmaq, qadın-kişi münasibətlərini pozmaq olmadığını vurğulayan Meri, qadın hüquqları və bərabərliyi tələbini ənənəvi həyat yoldaşı və ana rollarına dayanaraq əsaslandırıb. O, həyat yoldaşı və ana kimliyinin qadınlara qoyduğu vəzifələr üçün "niyə” sualını vermir və ailədə ənənəvi cinsiyyətçi əmək bölgüsü ilə bağlı tənqidi-sual xarakterli məqalələr yazmırdı. "Əgər uşaqlara vətənpərvərliyin nə olduğu öyrədiləcəksə, öncə anaların bir vətənpərvər olması lazımdı". "Burdan çıxardığım nəticə çox aydındı. Qadınları ağıllı, azad vətəndaş etmək gərək. O zaman qadınlar həm də yaxşı həyat yoldaşı və ana olurlar. Bir şərtlə ki, kişilər ər və atalıq vəzifələrinə laqeyd olmasınlar”.

 

Uolstounkraftın dönəminə meydan oxuyan "Qadın haqlarının təsdiqi" adlı kitabı günümüzə hələ də işıq tutmaqda davam edir. Meri Uolstounkraft bizlər üçün feminizmə ilk qapı açan unudulmaz qadınlardan biridir.


 

Hazırladı: Günel Dəniz

Qadinkimi.com