BURA / ORA
Pakistanın eks-prezidentinə edam hökmü oxunub Tarix : 17 Dekabr 2019, 12:10
Yazar : Qadinkimi.com
Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf ölüm cəzasına məhkum edilib

Qadinkimi.com xəbər verir ki, Pakistanın Pişəvər Ali Məhkəməsi keçmiş prezident general Pərviz Müşərrəf  haqqında edam qərarı çıxarıb. O, 2007-ci ildə fövqəladə vəziyyət rejimi tətbiq etdiyi üçün dövlətə xəyanətdə ittiham edilib. Qərarı üç nəfərdən ibarət xüsusi məhkəmə heyəti qəbul edib. Üç hakimdən ikisi ölüm hökmünə səs verib. Pakistan qanunlarına görə, ölkənin konstitusiyasını "güc və səlahiyyətlərdən istifadə gücü ilə pozan” hər kəs xəyanətdə günahlandırılır.
 


Qeyd edək ki, keçmiş lider 1999-cu ildə hərbi çevrilişlə hakimiyyəti ələ keçirib və 2001-2008-ci illərdə ölkənin prezidenti olub. 2007-ci ildə ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edən Müşərrəf  Ali Məhkəmə üzvlərinin həbsi haqqında əmr verib. Hökumət onun yenidən prezident seçilməsinin əleyhinə idi, çünki ən yüksək mövqe tutan eks prezident qanuna zidd olaraq general rütbəsindən imtina etmirdi.  Pakistan qanunlarına görə, prezident heç bir rütbə daşıya bilməz.  
 


2008-ci ildə isə Pərviz Müşərrəf, impiçment tələbi ilə prezident postunu tərk etmək məcburiyyətində qalıb. Bir neçə il İngiltərədə yaşayan keçmiş prezident 2013-cü ildə həbs olunmayacağı zəmanəti ilə parlament seçkilərində iştirak etmək üçün ölkəsinə qayıdıb. 6 aydan sonra isə 2007-ci ildəki qarşıdurmalar zamanı 100-dən çox insanın qətlində ittiham olunaraq həbs edilib. Lakin bir aydan sonra Müşərrəf həbsdən azad edilir və 2016-cı ilin mart ayında Pakistanı tərk edərək müalicə üçün BƏƏ-yə gedir. İstintaq o vaxtdan bəri Dubayda yaşayan 72 yaşlı eks prezidentin bu yolla ədalətdən gizləndiyini düşünür.

qadinkimi.com