SEVGİ
Onu sevdiyimi bilirdi... Tarix : 24 Avqust 2020, 10:15

Bilməyə bilməzdi. Çünki ona sevgimi o, birinci, mənsə ikinci sinifdə oxuyanda bildirmişdim. Özü də məktub şəklində. Bilmirəm o məktubda nə yazmışdım, ancaq dəqiq yadımadır ki, orda "mən səni sevirəm" sözləri vardı. Daha nə yazdığım yadımda deyil. O da yadımda deyil ki, o məktubu axşam evdə, yoxsa elə tənəffüsdə yazmışdım. Bilirəm ki, şagird dəftərinin heç yarım vərəqini tamamlamamışdım.

O qıvrım saçlı qız...

Qəribə idi ki, hamının utancaq uşaq kimi tanıdığı mən məktubu utanıb-eləmədən, hamının gözü qarşısında, tənəffüsdə bir kənarda qızlarla söhbət edən, heç nədən xəbəri olmayan o qıza özüm vermişdim. Heç nədən, heç kəsdən çəkinmədən (ilk məhəbbətin gücünə baxın!). Məktubu götürmüşdü, yəqin sevgi məktubu olduğu fikrinə də gəlməmişdi. Yəqin dərslə bağlı nəsə hesab etmişdi. Axı, məktubum konvertsiz idi - mənim uşaq ağlıma hardan gələ bilərdi ki, "sevgi məktubu" gizli olmalıdır, konvertə qoyulmalıdır və onu başqa birisi aparıb verməlidi. Hardan biləydim ki?

O vaxtlar nəinki bizim evimizdə, hətta bütün kənddə televizor deyilən şey, bizdə radio da yox idi - kasıb idik, dünya məndən, mən də dünyadan xəbərsiz idim. Ancaq o vaxt kasıb yaşadığımızı bilmir, başa düşmür və təbii ki, onun fikrini də eləmir, sıxıntısını çəkmirdim.
Məktəb bizim evin yaxınlığındaydı. Müharibədən sonrakı dövr olduğundan məktəbdə uşaqlar az idi. 4-çü sinifdə 3 nəfər, 3-cüdə 4, bizim 2-ci sinifdə 6 nəfər idik. 1- ci sinifə isə həmin il 8 uşaq gəlmişdi. Yəni, uşaqların sayı ildən-ilə az da olsa, artırdı.

...İntizarla gözlədiyim, sevinə-sevinə məktəbə getdiyim gün yaxşı yadımdadır. Sevimli Şahxanım nənəmin hələ iki gün əvvəl məni - ilk nəvəsini əzizləyə-əzizləyə, həvəslə göy parçadan, aşırması olan məktəbli çantası tikməsi bu gün də göz önümdədir. O, ilk dəfə idi ki, belə bir çanta tikirdi. Axşamdan həyatımın ilk kitablarınıı və dəftər-qələmimi qoyduğum çantamı götürüb, nənəmin və anamın arxamca su ataraq yola saldığı, evimizin iki addımlığındakı məktəbə getmişdim. Sinfimizdə 3 qız və məndən başqa iki oğlan da vardı - məndən bir yaş böyük Aslan və iki yaş böyük Sayəddin. Onlar qonşularımız idi. Ancaq onlar böyük olsalar da, 4-illik məktəbimizin bütün fənnlər üzrə yeganə müəllimi, hamımızın çox sevdiyi Yaqub müəllim "nədənsə" (yəqin onlardan yaxşı oxuyurdum) məni "sinifkom" seçmişdi. Bu, mənim ilk "ictimai-beynəlxalq vəzifəm" idi. Sinfimizdə üç qız olsa da, onların heç birinə maraq göstərməmişdim. Ancaq sonrakı ildə birinci sinfə gələn o yaraşıqlı, qıvrım, tünd qara saçlı qızı gözüm elə ilk gündən tutdu. Dərslərini yaxşı oxuyan, sakit, gözəl bir qız idi. Mən ona məktubu verəndə yəqin ki artıq "Əlifba"nı öyrənib qurtarmışdılar. Nəinki sevginin, heç məktubun da nə olduğunu bilməyən, adı ən gözəl gül adlarından biri olan o qız sadəlövhlüklə məndən "naməmi" götürmüş, lakin nə onda, nə də sonralar mənə heç bir cavab verməmiş, heç narazılıq da bildirməmişdi. Mən hansı ağıllasa ondan cavab gözləyirdim hər gün. Anlamırdım ki, birinci sinif uşağı cavabı necə verə bilər. O gündən bir-birimizdən mümkün qədər gen dolanmağımız, yəqin ki, cavabın mümkünsüzlüyündən, hələ sevgi yaşında olmadığımızdan irəli gəlirdi.


Fərhadla "Bisütun" dağında çarpışmamız


Mənim birtərəfli uşaq sevgim davam etməkdə idi. Hətta "sevgilimi" onunla oxuyan, ağsifət, məndən cüssəli və yaraşıqlı Fərhad adlı oğlana da qısqanırdım. Hiss etmişdim ki, Fərhad da onu sevir. Buna görə hətta onunla çay kənarındakı dağın yamacında savaşmışdıq da.

Bir dəfə isə Yaqub müəllim məktəbin bütün şagirdləri ilə şəkil çəkdirəndə ön cərgədə olan o qızın arxasında dayanmaq üstündə aramızda münaqişə olmuşdu. Arıq, cüssəsiz olsam da, Fərhadı kənara itələyib, özüm o qızın arxasında dayandım. Bilmirəm, o vaxt o gözəl qız bizim ona görə savaşdığımızı hiss etdi, ya yox, ancaq dayandığı yerdən zərrəcə də tərpənmədi. Bəlkə də onun üçün rəqiblərdən hansının qalib gələcəyi maraqlı idi.. Biz isə Fərhadla "sevgi olimpində" yer tutmaq üçün bir qədər də dartışdıq. Arxadakı səsi eşidən Yaqub müəllimin "sakit!" əmri imkan verdi ki, Fərhad "mübarizə"ni dayandırsın və mən sonralar da mənə uzun illər təskinlik və rahatlıq verən "sevgi zirvəsində" - o qızın başı üstündə dayanım.

"Qaynatam" mənimlə mehriban davranırdı, ancaq baldızım - əl-həzər!

O qızın atası kəndimizdə yeganə ali təhsilli adam - aqronom idi. Ucaboy, yaraşıqlı adam idi. Uşaqlara - oğlan ya qız olmasından asılı olmayaraq, "oğlum" deyə müraciət edərdi (bəziləri bunu düzgün hesab etməsə də, mən "qaynatama" haqq qazandırırdım. Çox sonralar anladım ki, bu cür müraciət onların əslən olduğu Kiçik Çeşmə kəndinin ağsaqqallarrından gəlirdi - qız övladı da oğlan kimi mərd və igid görmək istəyindən). Mən o qıza sevgimi "izhar" edəndə heç kəs və heç nə barədə düşünməmişdim. Ancaq o "əhvalatdan" sonra son dərəcə mədəni olan o kişinin yanından keçəndə salam versəm də, hər dəfə özümü "yığışdırmalı" olurdum. Düşünürdüm ki, bir gün məni saxlayıb, deyəcək: "a bala, o nə məktubdur yazmısan qızıma?". Ancaq o, mənimlə həmişə mehribancasına salamlaşırdı (dünyasını çoxdan dəyişib, Allah ona min rəhmət eləsin!). Ancaq sevdiyim qızın özündən kiçik bacısı "məsələni" başa düşmüşdü, nə idisə, həmişə mənə tərs üz göstərər, qaraqabaqlıq edərdi və mən bundan çox məyus olardım. O qız 2-ci və ya 3-cü sinifdə oxuyanda, bilmirəm nə məqsədləsə, atası onu bizim məktəbdən çıxardıb, öz kəndlərindəki məktəbə qoydu. Və mən uzun illər o qızı görmədim.


Bir gecədə iki yanğın

Mən orta məktəbdə təhsilimi başa vuranda o, 9-cu sinfi bitirib, yay tətilinə kəndimizə gəlmişdi. Buna çox sevinib, ona 2-ci sinif uşağı kimi yox, qızıl medala layiq, "yetkin, ağıllı" bir gənc kimi məktub yazdım. Sabahı ali məktəbə qəbul olmaq üçün Bakıya yola düşməli olduğumdan, məktubu ona axşam çatdırmağı nəzərdə tutmuşdum. Ancaq həmin vaxt ara qarışdı - Lətif dayının ot tayası tövlə qarışıq yandı. Alov 10-12 metr hündürlüyə qalxırdı, qonum-qonşunun çığırtısından qulaq tutulurdu - alov yaşayış evlərinə də keçə bilərdi. Yaxın kənddən gəlməli olan yanğınsöndürən maşın gecikdiyindən kənd camaatı bacardığı tək - kimi su ilə, kimi torpaqla yanğını söndürməyə çalışırdı. Mən də "igidlik" göstərmək həvəsilə o axşam özümü "oda-közə" vururdum. Həqiqətən əsl fədakarlıq edir, odun-alovun ən təhlükəli yerlərində camaatla birgə yanğını söndürməyə çalışırdım. Hələ kimlərsə bir-iki dəfə qolumdan tutub məni kənara itələməyə, od-alovdan uzaqlaşdırmağa çalışmışdı. Nə isə, gec gəlib çatan yanğınsöndürənlərin köməyi ilə, çətinliklə də olsa, yanğın söndürülmüşdü. Bir gənc sadəlövhlüyü ilə düşünürdüm ki, sabah bütün kənd məndən danışacaq və mənim şücaətim (guya çox böyük bir iş olmuşdu - ot tayası söndürülmüşdü) sevdiyim qıza da çatacaq. Evə qayıdıb, üz-gözümün qara-qurasını sildikdən sonra yaxın qonşumuz, məndən iki yaş kiçik olan bir qızı (o da yaxşı, gözəl bir qız idi, bir-birimizə heç də biganə deyildik, ancaq "açıq-aydın" sevgimiz olmamışdı) çağırıb, onun mənə etinasız olmadığını bildiyim halda (istəmirdim o düşünsün ki, Bakıya getmək ərəfəsində mən ona sevgi etirafı edəcəyəm), axşamın kənd qaranlığında bir xeyli söhbət edərək, onun "sarı sim"inə toxunmadan məktubu bir qıza çatdırmasını xahiş etmişdim (onu da hiss edirdim ki, mənim "müqəddiməm" onu istər-istəməz həyəcanlandırır). Xahiş etdim ki, məktubu (onu həmin an görməməsi üçün qəzetə bükmüşdüm və bilirdim ki, o qonşu qız mənim "o qızı" sevə biləcəyimi heç ağlına da gətirmir, məktubun özünə aid olduğunu düşünürdü) ünvanına çatdırsın. Onun necə həyəcanlandığını, hətta titrədiyini də hiss edirdim.
Çox sonralar "o qızın" ən yaxın rəfiqəsi mənə bildirmişdi ki, məktub "ünvanına" çatmayıb. Belə ki, gözəl qonşum sevgi məktubunun "başqasına" aid olduğunu bilərək, yəqin çox əsəbiləşmiş, məktubu ya parçalayıb, tikə-tikə etmiş, ya da elə həmin gecə kəndimizdə "ikinci yanğın" törətmişdi.

8 yaşlı cəsarətli "Məcnun"un 18 yaşlı cəsarətsiz "davamçısı"

...Çox qəribə olsa da, "o qıza" özündə cəsarət tapıb, sevgi məktubu yazan, ona təqdim edən "uşaq”, 10 il keçdikdən sonra Xarici Dillər İnstitutunun tələbəsi olan qızı bir dəfə də olsun görmək üçün "onun institutuna" getməyə özündə cəsarət tapmadı. Baxmayaraq ki, hələ də onu sevir, tez-tez yuxuda görürdüm. Güman ki, onu çox sevdiyimdən mənə rədd cavabı verəcəyindən qorxurdum.
Sonralar institutda birgə oxuduğum ağıllı, gözəl bir qızla ailə qurmaq üçün yay günlərinin birində kəndimizdə toyum oldu. Mənə xəbər verdilər ki, "o qız" da toya gəlib. İnana bilməmişdim. Ancaq uzaqdan onu qızlar arasında görəndə, son "seçimimə" təəssüf etməsəm də, özümü "vəfasız", "xəyanətkar" kimi də qınadım. Çox qəribə idi ki, iki gün davam edən toy zamanı gəlinə - həyat yoldaşıma onu göstərib "nişanlının” hələ birinci sinifdən sevdiyi qızdır”- demişdilər.

Ömür-gün yoldaşım heç vaxt məni ona qısqanmasa da, nə vaxtsa görüşüb-görüşmədiyimizlə maraqlanmışdı. Yalnız xahiş etmişdi ki, ona heç vaxt "o qızın" adının götürüldüyü güldən almayım. Səbəbini başa düşmək çətin deyildi.
"O qız" ali məktəbi bitirdikdən sonra bir-neçə il orta təhsil aldığım Qayabaşı məktəbində alman dilindən dərs demişdi. Mən bunu çox sonralar - o, yenidən öz kəndinə qayıtdıqdan sonra bildim. Rayona gedərkən hər dəfə ehtiyatla onun ailə qurub-qurmadığı ilə maraqlanırdım. Deyəsən, o, məndən vəfalı, sədaqətli imiş - 20 ildən çox ailə qurmadı. Onunla üz-üzə gəlməkdən çəkinsəm də, onu heç olmasa, bircə dəfə yaxından görmək istəyirdim. Və çox yaxşı ki, bir dəfə bu, mənə gözlənilmədən qismət oldu..
.
Nəhayət ki görüşdük!..

Redaksiya işi ilə əlaqədar Bakıda Dəmiryol vağzalı yaxınlığında bir nəfərlə görüşdən sonra acdığımdan kafelərdən birində oturub, yemək yeyirdim. Adam çox deyildi. Birdən gözüm qarşı stolda üzü mənə tərəf oturan qadına sataşdı. Tək idi. Yemək yeyə-yeyə hərdən ona baxırdım. Çox tanış gəlirdi. O da bir-iki dəfə xəlvətcə mənə baxır, tez də nəzərlərini yayındırırdı. Mən onun baxışnı tutmaq, kim olduğunu xatırlamağa çalışırdım. Yeməyimi yeyib qurtarmışdım. Ayağa durub, onun stoluna yaxınlaşaraq, icazə alıb, oturdum. O, çaşqınlıqla başını tərpədib, nəzakətsizə oxşamayan, onunla üzbəüz oturan adama - mənə baxıb, cəld nəzərini yana zillədi. Və birdən nə düşündüsə, düz üzümə baxıb, deyəsən, məni xatırlamağa çalışdı. Mən isə artıq onu tanımışdım. Bu, o idi - mənim ilk sevgim! Sevincimin həddi-hüdudu yox idi - axır ki, illər sonra onu tapmışdım, yaşımızın ötmüş çağında! Beynimdən ani olaraq, unudulmaz şair Vaqif İbrahimin "Qocaların ikinci görüşü" şeiri düşdü:
Qəfildən görüşdülər, karıxdılar, çaşdılar,
Birdən ötən illərə düşüb, cavanlaşdılar...
O istədi bu dinsin, bu istədi o dinsin...

Mən dillənməli oldum :
- Siz Sarıca məktəbində oxuyan "o qız" deyilsiniz?..
- Bəli, deyəsən, elədir, - deyib, getmək istəyəndə ayağa durdum. Artıq onu tapmışdım, bu fürsəti əldən buraxmaq olmazdı. Ətrafımızdakılara məhəl qoymadan bütün varlığıma hakim kəsilmiş sevinc qarışıq həyəcanla qeyri-ixtiyari əllərimi irəli uzatdım. Görünür, uzun illərdən sonra mənə qarşı biganə olmadığını diqqətə çatdırmaq üçün əllərini yavaşca mənə uzatdı. Əllərini ovcuma aldım. Çoxdan idi ki, belə hisslər keçirməmişdim. Deyəsən, düz deyiblər: sevgi yaş bilmir. Onun əllərinin hərarətli təmasından bütün bədənimi xoş duyğular bürümüşdü. Nə xoşbəxt idim, Allah! Nə yaxşı kı tale bizi yenidən görüşdürdü!..
Artıq bir-birimizi tapmağın sevincini gizlətmirdik. Mən onu başdan ayağa süzür, ondan doymaq, ayrılmaq istəmirdim. Axı, çətin ki bir də görüşmək qismət ola ...
Zərif bədəni vardı və mən qeyri-ixtiyari əllərimi onun incə belinə apardım. Necə oldusa, özüm də bilmədən sol əlim bir az yuxarı, döşünə toxundu. Bunu ilk (həm də yəqin ki son) görüşümüzdə bilərəkdən edə bilməzdim, çünki mənim haqda yaxşı fikirdə olmazdı. Yaxşı ki, hiss etdi ki, bu təsadüfən oldu. Ona görə də məni nə acıladı, nə də əlimi kənara itələdi. Mən özüm əlimi aşağı saldım, ancaq belini buraxmadım. Bir müddət beləcə qaldıq. Mən göylərin yeddinci qatında idim. Ona bu qəfil, gözlənilməz görüşə görə dönə-dönə minnətdarlıq etmək istəyirdim. Ondan, bu dəqiqələrdən ayrila bilmirdim. Birdən o, üzünü yana çevirib dedi:
- Qızım, Füruzə, əlini ver nənəyə, gedək.
"Nənəyə?". Nə yaxşı! Deməli ailə qurub...
Və elə həmin andaca eşitdim ki, bir uşaq "baba, baba, gəl biz də gedək" deyir. Anlaya bilmədim. Bir də "baba" səsini eşidib, yana boylananda gördüm ki, nəvəm Aliyə məni çağırır. O, hardan gəlib çıxmışdı bura?..
- Baba, nə çox yatdın? Gəl, top-top oynayaq da...
Nəvəm əliylə qollarımdan tutub, məni oyatmağa çalışırdı. Mən indi nənə olmuş "o qızı" uzun illərin ayrılığından sonra yuxumun şirin yerində tək-tənha qoyub gəlmək istəmirdim, ancaq məni sevimli nəvəm, nənəsinin adını verdiyim Aliyə bala çağırırdı və mən əllərimi "o qızdan" üzüb, gözlərimi açıb, nəvəmin başını sığalladım...

 
 
Rəhman Orxan
 
qadinkimi.com