Beş ateist alimin dinlə bağlı fikrini paylaşmışam. Tələsik etiraza, "dindar alim” tapmağa çalışanlar oldu. Heyrətə gəlirəm - adam niyə ateist alim fikri görən kimi qızıldan qiymətli zamanı "inanclı alim” axtarmağa xərcləsin?
Mən nə edərdim?
Bu beş bilim adamının kimliyini, elmi fəaliyyətini araşdırardım, niyə Nobel aldıqlarını öyrənərdim. Məsələn, Ceyms Uotson DNT-nin quruluşunu açıb. Bunu dünya alimləri indiyəcən biologiya və tibb sahəsində ən böyük kəşf adlandırırlar. DNT-ni açmaq həyatın, insanın, yaradılışın sirrini açmaqdı. Böyük həqiqətin açarını tapmaqdı. 20-ci əsrə kimi bu sirri aça bilən olmayıb. Əsrlərdi elm aləmi mat-məəttəldi ki, insanın genetik yaddaşı harada gizlənir. Genetik yaddaşın varlığı faktdı, biz valideynlərimizə, onlar da öz valideynlərinə bənzəyir. Bəs haradadı bu fakt? Bunu heç cür tapa bilmirdilər. Biz indi bunu biliriksə, Frensis Krik, Ceyms Uotson və xanım Rozalinda Franklinin hesabınadı. DNT-nin quruluşunu tapan adam insanın palçıqdan yaradıldığına necə inana bilər?
Bu "gildən həqiqət”lə adamları nə qədər yormaq olar? Hörmətli Rafiq müəllim Əliyev müsahibəsində deyib ki, ateist alim tanımır. Bu, doğru deyil. Alimlər ateist olur. Və əgər içlərində fövqəlqüvvəyə inananı varsa, bu, heç bir halda dinlərin təqdim etdiyi "avtoritetləşdirilən” Allah deyil.
Bilim adamının şəxsiyyətləşdirilən, krallaşdırılan, hətta insaniləşdirilən allah anlayışı ola bilməz. Yazan, yaradan, kəşf edən hər kəsi dindarlaşdırmaq ehtiyacı anlamsızdı. Dindar olduğunu sübut etmək üçün şairin, yazarın, alimin hansısa fikrini, misrasını örnək gətirmək Riçard Dokinzin dili ilə desək, intellektual xəyanətdi.
Yazıçı üçün dini motiv poetik predmetdən, obrazlı təsvirdən o yana getmir. Alimlərdə isə bu, daha dərin qatda qurdalanmadı. Kantın dediyi "sintetik nəticə (təhlil)” də məhz budu. Kant deyir ki, analitik təhlil gerçəyi ortaya çıxarmaq üçün bəs deyil. Görünəni təhlil etmək gerçəyi tam anlamı ilə ifadə edə bilməz. Sintetik təhlil hadisənin içində görünməyən həqiqəti tapmaqdı.
Alimlərin dinə, allah ideyasına da münasibəti bu cürdü. Onlar görünməyən "allahı” axtarırlar. Kant "Aydınlanma nədir” essesində yazır: Aydınlanmaq üçün azadlıqdan başqa heç nəyə ehtiyac yoxdur; amma bu azadlıq azadlığın zərərsiz forması olmalıdır: öz ağlından hər mənada ictimai şəkildə istifadə edə bilmək azadlığı. İndi hər bir yandan bu çağırışları eşidirəm: düşünməyın! Bir zabit: düşünmə, təkrar et! - Vergi müfəttişi: düşünmə, vergini ödə! - Din xadimi: düşünmə, inan! - deyir.
Maks Plan da "Din və təbiət elmləri” əsərində təxminən eyni məzmunla çıxış edir: Bütün hallarda elm həyatın sirrini açmaq və o mütləq həqiqətə çatmaqla məşğuldusa, aşağı-yuxarı din də kor-koranə olsa belə həmin o mütləq gücə inanır. Din, - dünya yaradılıb, - deyir, elm də bu yaradılışı araşdırır.
Bu müqayisə poetikdi, obrazlıdı. Və alimin din haqda fikri təhlil, məntiqi izahdı. Düşünmədən inam deyil.
Alim dində "hər şey var” düşünsə araşdırmaz, yetinər. Amma o axtarır, durmadan, usanmadan axtarır.
Əgər Qaliley İncildə hər şey yazılıb düşünsəydi, - Nun oğlu Yeşua ( İsa Navin) Günəşi dayandırdı, - ifadəsinə inanıb Günəşin deyil, Yerin hərəkət etdiyini tapmazdı. Əgər Tusi "biz sizə göydən tavan yaratdıq” fikri ilə yetinsəydi, kainatın sirrini axtarmazdı. "Əxlaqi-Nasiri”ni yazdığına görə Tusini islam təriqətçiləri ismaililər Ələmut qalasında 12 il dustaq edirlər. Çünki Əxlaqi-Nasiri insanları allahla qorxutmur, sadəcə heyrət ediləcək dərəcədə, peyğəmbərcəsinə ədəb-ərkanın incəliklərini aşılayır, sivil insan modeli yaradır.
Tusi və digər alimlər Monqol xaqanı Çingiz xanın nəvəsi Hülakü xan İranı işğal edəndən sonra qurtulur. Belə rəvayət var: Tusi Hülakü xana rəsədxana tikmək arzusundan danışanda xan soruşur: Bu həqiqətənmi faydalı olacaq? Tusi xandan qayadan böyük bir dəmir qab atdırmasını xahiş edir. Qab düşdükcə vahiməli səs çıxarır. Hətta aşağıda dayanan ordunun əsgərləri səksəkəyə düşürlər. Tusi deyir: "Onlar qorxdular, çünki bilmirlər. Biz qorxmadıq, çünki bilirdik. Səmanın sirlərini açsaq insanlar qorxmayacaq, çünki biləcəklər”.
Qalileyə isə din inkvizitorları ölüm hökmü çıxarırlar. Onu tonqaldan xilas üçün Yerin hərəkətsiz olduğunu deməyə məcbur edirlər. Son anda canını zorla qurtaran alim ömrünün sonunacan araşdırır, "axı dünya fırlanır”, - deyir və bunu sübut edir. Bəxtiyar Vahabzadənin bu adda şeiri məhz Qalileyə ithaf olunub.
Hər şeyin yazıldığı dini kitabda Yer kürəsinin hərəkəti ilə bağlı bir kəlmə yoxdusa, demək din özündən sonra deyil, özündən əvvəl olan bilgilər toplusudu.
Kimsə inanırsa haqqıdı. Amma kimsə inanmırsa, onun da haqqıdı. Dinin elmi əsası yoxdu deyən adama hücum çəkmək özünü tərbiyə edə bilməməkdi. Əksi də eynidi. İbadət insanı çox şeydən xilas edə bilər: narkotikdən, alkoqolizmdən, vicdan əzabından, tənhalıqdan və s. Amma öz inamın və ya inamsızlığınla gərək başqalarını təngə gətirməyəsən. Bezdirici olan hər şey ağıllı adamları qaçırdır. Həddini bilmək gözəl cəhətdi, bu da islam coğrafiyasının böyük alimi Tusidəndi.
İslamacan roma, babil, şumer, misir, pers, hind, çin mədəniyyəti, yunan elm və fəlsəfəsi, brahmanizm, buddizm, iudaizm, xristianlıq - saysız sivilizasiya var idi - bunlar hamısı fikir, bilik toplusudu. Ərəblərin özlərinin paqan inancı vardı, ənənələri vardı. Sonradan islamda istifadə edilən Allah qavramı paqan ərəblərinin Al-ilah adlı baş tanrılarının adıdı. Hətta babil sözü də bab illu (ilah) "tanrının qapısı” anlamına gəlirdi.
İlah qavramı yeni deyildi islam üçün, özündən icad etməmişdi. İslamdan öncə Kəbə də vardı, həcc ziyarəti də. Al ilahın üç qızının ilahə - tanrıça olduğuna inanırdılar ərəblər: Əl-Lat, Əl-Uzza və Əl-Manat. Buna görə 3 qızı olan az qala tanrıyla eyniləşdirilirdi: 3 qızı olan cənnətə düşəcək fikri də ordan alınmadı.
Hər şeyin elmi, məntiqi, ictimai, sosial, siyasi, fəlsəfi izahı olur. Oxucumun heç nəyə (!) - mənə belə, gözübağlı inanmasını istəmirəm. Mənə yazıçı kimi düşünən, əks fikrə açıq olan, oxuyan və təşəkkür hissi olan adamlar bəs edir. İllərdi həqiqi oxucumdan təşəkkür eşidirəm. Təvazö etməyəcəm: bazardan 10 qəpiklik məhsulu da heç kimə havayı verməzlər. İnsan gecə-gündüz oxuyur, düşünür və bilgilərini bölüşürsə, - bax, bu məlumat da var, fərqli olan bu fikir də var, - deyirsə, üstünə cummaq yerinə sağ ol demək ədəbdən, qabiliyyətdəndi. Bu da Tusinin fikridi.
O cəmiyyətdə ki, beyin əməyinin heç bir dəyəri yoxdu, orada çoxluq beyinsizləşir. Amma! Göy heç də tavan deyil, dünya da fırlanır.
İnana bilmirəm…
Aysel Əlizadə
qadinkimi.com