FEMİNİZM
Oğlan doğmağın lüksü - Əvəz Qubatov yazır Tarix : 14 Dekabr 2020, 15:04

Bəlkə də bir çoxu bu yazını oxuyanda məni qınayacaq. Kimi dindirsən deyəcək ki, "əşşi Allah verən   paydı. Biz   nə   deyə bilərik?”
 
"Kişinin oğlu olar”   kimi   mənasız, şit   zarafatı edənlər bizim cəmiyyətdən deyil? Bəzən görürsən ki, ailənin dörd qızı var, xanım yenə hamilədir. Sən  demə gülməşəkər əri oğul   istəyir. Dünyasını dəyişəndə oğul çiynində getmək istəyir son mənzilə. Arzuya baxın.
 
Arzu eləmir ki, oğlum olsun, ona təhsil verim, vicdanlı vətəndaş böyüdüm. Oğul nəvəsi arzu edən nənələr yeddi pirə qurban deyirlər. Guya oğul olub başına tac qoyacaq.
 
Əgər evdə iki gəlin varsa, biri oğul dünyaya gətiribsə, digəri qız doğubsa, gəlinin günü gün olmur. İstəyir lap dünyanın ən bahalı mebellərini ər evinə gətirsin, xeyri yoxdu. 

Əziz kişilər, vaxtınız olsa, məsələnin elmi tərəfini internet resuruslarından araşdırın. Deməyin vaxtımız yoxdur, hər halda atom parçalamaqla vaxtınızı keçirmirsiz. Məşhur porno saytlarını demək olar ki, çoxunuz əzbərə bilirsiz. Əlqərəz, insanın cinsiyyətini müəyyən edən amil xromosomların kombinasiyasıdır.
 
XY xromosom birləşməsi kişi, XX isə qadın deməkdi. Qadının yumurta hüceyrələrinin hamısında yalnız X xromosomu olur. Amma kişinin spermatozoidləri XY xromosomu daşıyır. Mayalanma zamanı bu xromosomlardan biri qadının X xromosomu ilə birləşir. Beləliklə, X xromosomu X-lə birləşərsə XX-qız,  Y-lə birləşərsə XY-oğlan doğulur. Burada qadının nə günahı?   

Qız uşağı istəmirsiz, xub, bəs niyə xəstəxanaya öz həyat yoldaşınızı aparanda qadın ginekoloq axtarırsız? 

Bu məsələdə qadınların da üzərinə məsuliyyət düşür. Niyə?
 
Çünki qayınana, ər tənə vuranda onlara bu işin elmi tərəfini izah etmək lazımdı. İnsanı sən niyə qız doğdun deyib 
əzmək cəhalətdi. 
 
Bu arada mənim də iki qız övladım var və onlarla fəxr edirəm.

Əvəz Qubatov
qadinkimi.com