SƏNƏT
Ofeliya Aslan - 80 Tarix : 26 Yanvar 2019, 17:18
Yazar : Qadinkimi.com
Bəzən insanın bəxtinə şöhrətdən pay düşsə də, şəxsi həyatında çətinlikləri çox olur. Doğru deyiblər, bu dünya bir imtahandır. Nədənsə Tanrı öz bəndələrinə hər tərəfli bəxtəvərlik bəxş etmir. Necə deyərlər, bir yolu açanda, birini bağlayır, sanki imtahana çəkir. Beləliklə, insan tamamilə xoşbəxt ola bilmir. Bəlkə də bu ona görədir ki, heç kim müqəddəsləşə bilməsin. Axı yeganə müqəddəs, səcdəyə layiq Tanrının özüdür…
Onun da dünya malından hər şeyi var idi - nüfuz, istedad, ailə və şöhrət. Amma dərdləri də az deyildi…

Ofeliya xanım 1939-cu ildə Bakıda dünyaya gəlib. Məşhur aktyor Səyavuş Aslanla ailə qurandan sonra əvvəlcə Aslanova, sonra isə Aslan soyadı ilə tanınıb. Aktyorluğa 1956-cı ildə Abbasqulu Ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında başlayıb.  1958-1961-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləyib.1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı xorunda oxuyub. 1965-1968-ci illərdə isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib. 1968-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa olub. 
1977-1983-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakultəsində qiyabi təhsil alıb.
18 may 2010-cu ildə 2-illik xəstəlikdən sonra 71 yaşında ürək tutmasından dünyasını dəyişib. Heç bir fəxri ad, mükafatla təltif olunmasa da, xalq arasında istedadı ilə şöhrət qazanıb...
 


Yaşasaydı, yanvarın 27-də 80 yaşı tamam olacaqdı. Onun əbədi səfər etdiyi yerə nə vaxtsa hamımız gedəcəyik. Qoy bu ehtiramla yazılmış təbrik mətninin hər kəlməsi rəhmətə dönüb, yubiley günündə onun ruhuna qovuşsun…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan