KİŞİ KİMİ
Odu sönməyəcək Qələbə məşəli-Arif Qeybiyev Tarix : 23 Fevral 2021, 09:33
Yazar : Kamalə Abiyeva

"Mənim oğlum çempion idi. Mənim oğlum hər işdə çempion idi” - dedi Rəna ana.

Doğru deyirdi. Kimdən soruşdumsa, "Arif oğul idi” – dedi.

Astara İdman və Gənclər idarəsinin rəisi Əliyev Ərçə ilə söhbətimizdən: Çox vətənpərvər idi. O, 16 dəfə Azərbaycan çempionu, kros üzrə Azərbaycan rekordçusu, dünya və Avropa oyunlarının mükafatçısı, idman ustası Fikrət Qafarovun yetirməsidir. 2015 – ci ildə Avropa oyunlarında 2 saniyə fərqlə təsəlliverici yığmaya düşdü. Həm də Olimpiya oyunlarının Astarada baş tutan Məşəlaparma mərasiminin məşəlaparanlarından biri idi. Yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibiydi Arif. Yeniyetmələr, gənclər, həm də böyüklər arasında milli komandanın üzvüydü. Öz üzərində daim çalışan, Vətənə, dövlətə, dövlətçiliyə sadiq olan oğul idi. MAXe olmaq istədi.

Arif İsmayıl oğlu Qeybiyev 6 iyun 1997 – ci ildə Astaranın Səncərədi kəndində anadan olub. Orta təhsilini kənd məktəbində alıb. Atletika ilə məşğul olub. Məktəbliykən 2013 – cü ildə 3 km-lik məsafəyə qaçış üzrə Azərbaycan çempionu adına və qızıl medala sahiblənir.

Məktəbi bitirdikdən sonra Astara rayon Pedaqoji Kollecin idman fakültəsinə daxil olub... Aytac Hüseynova Arifin xoşbəxt tələbəlik illərinin dostudur. Bir qrupda oxuyublar: "Çox mərd, gülərüz, şən, dürüst idi. Ona görə dostluğumuz tuturdu.Hər oğlanla dostluq etmək olmur. Sirlərimizi də bölüşərdik. Arif çox qızların diqqətini çəkirdi. O isə İranəyə vurulmuşdu , bunu da ilk mənə söylədi. Bu sirri də mən açdım İranəyə. Sevgiləri qarşılıqlıydı. Ailə qurdular. İdmanda da uğurları çox olub”.

 

 Arif Qeybiyev — Vikipediya


Qazandığı uğurlara görə ölkə və rayon üzrə ilk üçlükdədi adı.

Atletika üzrə yarışlarda 50-dən çox diplomun 30-dan çoxu birinciliyə görə olan üçqat Azərbaycan çempionu 2016 – cı ildə Həqiqi Hərbi xidmətə çağırılır və ilk xidmət yeri Bakıda Daxili İşlər Nazirliyinin Daxili Qoşuları olsa da, Naxçıvanda Xüsusi Təyinatlıların bölüyündə hərbi xidmətinə davam edir. 2018 – ci ildə hərbi xidmətini bitirir. Amma rahatlıq tapmır. Hərbiçi olmağa qərar vermişdi artıq. 3 dəfə sənəd verir ordu sıralarına qəbul olunmaq üçün, yalnız 4- cü müraciətindən sonra istəyinə çatır. 2018 – ci ildə Hərbi xidmətə yollanır. Ağcabədidə, 2019 - cu ilin avqustundan isə Fizulidə tankçı kimi xidmət edir... Həmişə narahat valideynlərinə, xanımına "Qorxmayın tankçıların ölmə ehtimalı azdı” – deyə ürək – dirək verib.

Həyat yoldaşı İranəyə son mesajını oxudum Arifin, 27-də səhər 5-42-də yazıb : "Aşkım nigaran qalma. Özündən, anamdan, gözəl qızımdan muğayat ol. Sizi sevirəm”.

Sonra yenə mesaj yazıb : "Əsas sizsiz. Əsas qızımdan muğayat ol, bir də anamdan. Haqqınızı halal edin. Sizi sevirəm. Yaşasın Azərbaycan. Vətən sağ olsun. Sizi sevirəm”. Eyni mesajı iki dəfə göndərib Arif səhər 5- 47 və 6-02-də. O gecə yatmayıb Arif. Son mesajlarını yazdığınımı hiss edib? Nələr düşünüb? İndi heç kim bilmir...

Gəlin maşınını da bayraqlarla bəzəmişdi dedi nisgilli səslə İranə...
Atası oğlunun şəhidliyindən 12 gün öncə bu dünyayla vidalaşır. Bəlkə hiss edib ki, oğlu şəhid olacaq... Son dəfə doğma kəndinə atasının dəfninə gələn Arif "Mən ancaq Şəhid kimi dönəcəm” deyib.
Arifin qızı Gülnurdan və tək qalan anasından nigaran baxışlarını xatırlayır yaxınları.

27 sentyabr 2020 –ci ildə illərdi gözlədiyimiz torpaqların azadlıq savaşı başlayan günə kimi də Arifi qorxmaz, cəsur biri kimi tanıyırdılar. O günə kimi də Arif elin-obanın fəxriydi.
Ən gözəl sözləri demək istəyirdi hamı.

Valideynlərinə, sevgisinə, övladına sevgi doluydu. Amma bütün bu sevgilərdən ötə bir sevgi də vardı onun üçün: Vətən sevgisi. Bütün sevdiklərinə "Sizi sevirəm, amma Vətən bir başqadı” - deyərdi...

 

Ariflə hərbi xidmətdə olan əsgəri danışır: Bu itgini sözlə ifadə edə bilmərəm. Elə ürəyi vardı ki... Mən hələ elə ürək sahibinə rast gəlməmişəm. İndi bu gündən baxanda anlayıram ki, həyatımın xoşbəxt günləri onunla keçirdiyim günlər oldu. Savaş nələr yaşatdı, nələr öyrətdi. Hələ də inana bilmirəm ki, o şəhid olub. Elə şən idi. Üzündə nur vardı-ürəyinin nuru vardı. Mən əsgər yoldaşlarımın da adından danışıram. Onun tankını gördük bu günlərdə... Elə bildik ki, indi düşüb gələcək, yenə gülümsəyəcək, yenə hamımıza ürək-dirək verəcək...olmadı.. Əslində əsgərin göz yaşları danışırdı. Ürək ağrıları sözlərə dönürdü.

 

"Fizulinin azad olunmasına görə” və "Vətən uğrunda” medalı ilə təltif olunan Arif heç özünə xilaf çıxmadı. Təkcə Vətənə deyil, dostluğuna da sadiq oldu. Yanan tankdan dostunu qurtarmaq üçün canından keçdi.
Bacısının dediyi kimi ”canından keçməyə getmişdi. Şəhid olmaq idi arzusu və arzusuna çatdı Arif”.

Ananın səsini, sözlərini isə nə vaxt unudacağam, unudacağammı, bilmirəm... Amma səs beynimdə dolaşır: "Mənim oğlum Vətənini çox istəyib hamıdan. Həmişə Azərbaycan bayrağını ucalara qaldırıb. Neçə dəfə yarışlarda olub, bayrağımızı ucaldıb. Mən oğlumla həmişə fəxr eləmişəm...”

Hər fəxrin içində göz yaşı var- bilirik. "Ağlama ana” demək olmur. Amma hamının eşitdiyi bir səs deyir ki, Ana, Arif hamımızın fəxridir. Azərbaycan bayrağı kimi həmişə ucalarda olacaq. Vətən azadlığı kimi müqəddəs olacaq.

Arifin ruhu Vətəni işğaldan azad olunduğu üçün rahatdı. İranənin dediyi kimi valideynlərinə düşgün olan Arif atasının ölümündən sonra anasından daha çox nigaran idi.
Rəna xanımsa deyir ki, mənə heç nə lazım deyil, bu ev – eşik Arifin idi. Bircə oğlumun yadigarını - nəvəmi görmək istəyirəm...

23 yaşlı tək oğlunu itirən ana üçün nəvənin-oğul yadigarının nə olduğunu övlad sevgisini yaşayanlar bilir.

Döyüş yoldaşları bir də dedi ki, Bilirsiz, o cür qədd – qamətli işıq dolu igid bircə gülləyə qurban getdi. Adama çox təsir edir. Başqa bir döyüşçümüzün tankı yanırdı. O bir anda tankından çıxıb onu xilas etməyə getdi. Tankın lükünü açmağa çalışdı, vurdular. Bir snayper gülləsi... Elə bil işığımız söndü...

 

Yox, işığımız sönmədi. Əksinə qaranlıq tariximizə işıq salır Arif. Bir vaxt Olimpiya məşəlini qaldıran Arif Qələbə məşəlimizdi indi.

 

 

 

 

 

 

Odu sönməyəcək Qələbə məşəli!

 

 

 

 


 

Kamalə Abiyeva

qadinkimi.com