BURA / ORA, QADIN / KİŞİ
Çobanlıqla 7 qızını oxudan ata - FOTO/VİDEO Tarix : 16 Noyabr 2019, 17:00
Yazar : Qadinkimi.com

Türkiyənin Qars şəhərinin Kiçik Boğaz kəndində Meydanəli Dəmirəl 7 qız övladını çobanlıq edərək oxudur. Qızları üçün bütün imkanlarını səfərbər edən Dəmirəl "Qızlarım da sağ olsun, əməyimi yerə vurmadılar” deyir.

Özü cəmi 4 il ibtidai təhsil almış Meydanəli Dəmirəl övladlarını oxutmaq üçün heç bir əziyyətdən boyun qaçırmır. Tövrat Dəmirəl ilə evli olan və birlikdə başqalarının tarlalarında da işləyən ana-atanın əziyyəti boşa getməyib. 

 


27 yaşlı böyük qızı Aynur orta təhsilini başa vurduqdan sonra evləndiyi üçün təhsilini dayandırıb. Digər qızları Ayşənur (25) Kafqas universiteti İqtisadiyyat fakultəsini, Şənnur (22) isə Çanakkale18 Mart universitetinin ingiliscə müəllimliyi ixtisasını bitirib. Yetər Dəmirəl (20) isə universitet imtahanına hazırlaşır. Digər qızları Hazal (13), Güllü (15) və bu il məzun olacaq Seyran (16) isə orta məktəbdə oxuyur.

 



Övladlarını oxuda bilmək üçün əlindən gələni etdiyini bildirən Meydanəli Dəmirəl hər il təhsil xərcləri üçün bir inək satdığını söyləyib. Bu il də universitet imtahanlarına hazırlaşan və məktəbə gedən övladları üçün bir inəyini satışa çıxardığını deyir: "Qızlarımdan biri evləndiyi üçün orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirə bilmədi. İkisi universitet məzunudur, amma hələ də iş tapa bilməyiblər. Biri imtahana hazırlaşır, digərləri isə orta məktəbdə oxuyurlar. Onları çox çətinliklərlə oxutmuşam. Çobanlıqla övladlarımı məzun edirəm. Qızlarım da sağ olsunlar ki, zəhmətimi dəyərləndirirlər”. 


İngiliscə müəllimliyini bitirən Şənnur Dəmirəl atası haqda bunları deyib: "Kəndlərdə qız uşaqları oxudulmur və oxumadıqları zaman da evləndirilirlər. Amma atam bizim oxumağımızı o qədər çox istəyirdi ki, bütün həyatını bizə həsr edib. Universitetdə oxuyanda "ata, kirayəm ödənməlidi” deyirdim, bir yolla onu tapıb mənə göndərirdi. Əlində nə varsa, hamısını bizə göndərirdi. Atamla qürur duyuram. Hər kəsə nümunə olsun”. 


Ayşənur Dəmirəl isə çox çətin şərtlər altında onları oxudan atasının əməyinin qarşılığını verməyə çalışdıqlarını bildirib.

Universitetə hazırlaşan Yetər Dəmirəl isə "Atam çox fədakar insandır. Bəzi kəndlərdə qız uşaqları oxudulmur. Atam qədər zəhmət çəkən heç kimi görməmişəm. Belə bir atanın qızı olduğum üçün çox xoşbəxtəm. Onunla qürur duyuram” fikirlərini səsləndirib.

Hazal Dəmirəl isə "Gələcəkdə hədəfim həkim olmaqdır. Dərslərim də yaxşıdı, çalışıram. Bacılarım da mənə kömək edir” deyib.

 

qadinkimi.com

 

 

qadinkimi.com