SEVGİ, UŞAQ / BÖYÜK
O zaman sevgi ilə qalın... Tarix : 31 May 2020, 20:26

 

 

 

1950 - ci  ildən BMT Baş Assambleyasının qərarı ilə1 iyun "Uşaqların Beynəlxalq Müdafiəsi günü" kimi qeyd edilir.

Görəsən, həqiqətən müdafiə edirikmi uşaqları, onların hüquqlarını? Görəsən, yer üzündə neçə uşaq həqiqətən xoşbəxtdir? Görəsən, neçə uşaq qayğısız keçirir uşaqlığını, neçə uşaq sözün həqiqi mənasında təhlükəsiz hiss edir özünü? Bu sualı vermişikmi özümüzə?

 

 1İyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü » Azərbaycan Türkiyə İş ...

 

 

Nə istəyir uşaqlar bizdən? Nədir arzuları, nədir xəyalları? Hansımız düşünmüşük bu haqda? Valideyn olaraq bəzən uşağı xoşbəxt etməyin yolunu ona istədiklərini almaqda, verməkdə görürük. Maddi gücümüz varsa, uşağım "barmağını uzatdığı" şeyi alıramsa, "mənim uşağım xoşbəxtdir"- deyə düşünən zavallı məxluqlara çevrilmişik zamanla. Özümüz bilirikmi nədir xoşbəxtlik? Yoxsa biz də xoşbəxtliyi sonsuz maddi gücdə görənlərdənik? Heçmi rast gəlmədik var-dövlət içində bədbəxtlik yaşayanlara, yaxud əksinə bir parça çörəklə xoşbəxt olanlara?! Heçmi rast gəlmədik?! Böyüdükcə mənliyini maddiyyat bürümüş yetkin o gücdən xoşbəxt ola bilmirsə, o saf ruhlu uşaq necə xoşbəxt olsun?.. Demək ki uşağı xoşbəxt etməyin yolu pul deyil. Bəs nədir? Nə istəyir uşaq bizdən?

 

Heç bir var-dövlətin satın ala bilməyəcəyi bir şey istəyir: Sevilmək... Sevildiyini hər an, hər dəqiqə hiss etmək... Biz yetkinlərin ehtiyacı olan o sevgini uşaqlar da istəyir. Özü də bizdən daha çox, bizdən daha böyük inadla. O sevgi ki onun bütün həyatına təsir edəcək, o sevgi ki bütün mənliyini, kimliyini təyin edəcək. O sevgi ki şəxsiyyət olması üçün ona lazım olan mərhəməti, vicdanı, əxlaqı, sevməyi, sevilməyi, sevinməyi, sevindirməyi, xoşbəxt olmağı, xoşbəxt etməyi öyrədəcək. O sevgi ki bizdən daha çox ehtiyacı var onların. Axı biz yetkinlərdən fərqli olaraq onlar eqoları üçün yox, həqiqətən ehtiyacları olduğu üçün istəyirlər sevilməyi... Sevilməyə möhtacdılar... Üzlərinin gülməsi, qəlblərinin sevinməsi üçün yeganə ehtiyacları sevilmək olan bu gözəl varlıqları sevgimizdən məhrum etməyək. Yer üzündəki ən dəyərli varlıqlarımıza ən dəyərli hissimizi bəxş edək. SEVGİMİZİ...


 

 Gülnar Abdullazade adlı şəxsin şəkli.

 

 Unutmayaq, sevginin gözəlləşdirmədiyi insan yoxdur...

 

Toxunduğu hər yeri gözəlləşdirə bilməyi yalnız sevgi bacarır. Sevək ki, uşaqlarımızın həyatını gözəlləşdirə bilək. Sevək ki, sevgi ilə böyüsünlər, sevginin nə olduğunu anlasınlar. Anlasınlar ki, sevə bilsinlər... Sevə bilsinlər ki, sevgini tanısınlar, sevgiyə yad qalmasınlar... Tanısınlar ki, onlara "sevirəm" deyənlərin səmimi olub-olmadığını dərk edə bilsinlər...Yalançı sevgilərə inanmasınlar... Sevsinlər ki xoşbəxt ola bilsinlər, xoşbəxt olsunlar ki, xoşbəxt edə bilsinlər... Bəxş edəcəyimiz bir hiss əslində nə qədər böyük gücə malik imiş... Deyilmi?!

O zaman sevgi ilə qalın...

 

 

 


 
Gülnar Abdullazadə
 
qadinkimi.com