UŞAQ / BÖYÜK
O HƏYƏCAN QARŞISINDA HƏR ŞEY TƏFƏRRÜATDI (müsahibə) Tarix : 04 Mart 2019, 14:09

QADİNKİMİ.COM YAZIÇI SAHİLƏ İBRAHİMOVA İLƏ MÜSAHİBƏNİ TƏQDİM EDİR 


Eyni vaxtda iki doğuş- kitab və Rumi... Hiss edirsən ki, yeni mərhələ başlayır həyatında? 
Həyatımın elə mərhələsindəyəm ki, belə bir mərhələnin olmağından xəbərsiz idim. Nə qədər kitab oxusam da, nə qədər həyatı müşahidə etsəm də, bu cür mərhələ yaşayacağımı təxmin etməmişdim. Bu, daha çox Ruminin doğuşu ilə bağlıdı.  Van Qoqun bacısına yazdığı məktublardan birində rəssam yazırdı: "Mən bir daha dünyaya gəlsəm, ətdən və sümükdən əsər yaradaram". Bu sözə ithaf etdiyim eyni adda hekayəm var. Övladımız dünyaya gələndə həyat yoldaşım "Yaya, indi sənin ətdən və sümükdən əsərin var” dedi. Bu əsər sözlə, cümlə ilə yazılan əsərlə müqayisə oluna bilməz. İnsan doğuluşu düşüncələrimi və hisslərimi yerindən oynadıb. 
Uşaq qayğı istəyir, vaxt istəyir. Yazmağa zamanın olur? 
Rumi cəmi 3 həftədi dünyaya gəlib. Fiziki olaraq yazmağa vaxt tapa bilərəm. Yaxınlarım uşağın və mənim rahatlığım üçün əllərindən gələni edirlər. Sadəcə, hələ ki, emosional durumum yazmağa imkan vermir. Körpəni qoyub çox kitab-dəftərlə məşğul olanda günahkarlıq hissi yaranır. 
 
Ana olmaq qorxulu hissdi? 
İndi hisslərimin və qənaətlərimin adekvatlığından əmin deyiləm. Hiss elədiyim şey tam olaraq qorxu deyil. Övladımı zəif və köməksiz, dünyanı onun üçün təhlükəli məkan kimi görmürəm. Sadəcə, bəzi dəyərlərim dəyərsizləşib. Dünyanın çatışmazlıqları gözümdə böyüyüb. Əvvəllər baxdığım və oxuduğum faciə məzmunlu xəbərlərə, hadisələrə göz yaşı tökmədən nəzər sala bilmirəm. Bu cür həssaslığımdan, həyəcanımdan qorxuram. Övlad dünyaya gətirməklə ana da doğulurmuş. Bu mövzuda bəzi ədəbiyyatlar oxuyuram. İnsan qorxularla doğulur. Bu günlərdə yazıçı Günel Eminlinin vasitəsilə bir mütəxəssislə tanış oldum. Ana və uşaq arasındakı energetik, psixoloji bağdan danışdıq. Uşaq doğulan kimi ananın sinəsinə qoyulur. Sonrakı günlər uşaqla ana arasında doğmalığın, kontaktın yaranması üçün müəyyən şərtlər yerinə yetirilməlidir. Hətta doğuş anında bu ünsiyyətdə problem olubsa, su prosedurları tətbiq edilir. Sanki uşaq dünyaya yenidən gəlir. Bu proses uşağın və ananın qorxularının azaldılması üçün vacibdi. Övladın doğulması ilə ana da yenidən doğulursa, əlbəttə, onun da müəyyən qorxuları yaranır. 
Nə öyrətmək istəyirsən oğluna? Bizim saytda bir xarici müəllifin yazısı getmişdi: Feminist oğul yetişdirmək. Feminist oğul yetişdirəcəksən? 
Bu mövzuda çox böyük, pafoslu şeylər demək istəmirəm. Çalışacam xoşbəxt olsun, rahat olsun. Psixoloji, emosional durumu sağlam inkişaf etsin. İstər-istəməz mənim, atasının, yaxınlarımızın dəyərləri ilə tanış olacaq. Öz həyatını quranda bu dəyərlərdən hansını azaldıb, hansını çoxaltması öz seçimi olsun istəyirəm. Özünü anlamağını, seçimləri ilə rahat olmağını istəyərdim. Bunları təkcə mən öyrədə bilmərəm. Mən həm də ondan öyrənməyə həvəsliyəm. O, yeni insan nəfəsidi. Yeni nəslin öncəkilərə öyrədəcəyi şeylər az deyil. Yeni nəsillə öncəkilərin münasibəti müəllim-şagird tərzində olmamalıdı, mənə görə. Biz dil tapsaq, o məndən, mən ondan yaşamağı öyrənəcəm. Qurama həyat düzəldib zorla övladının əlinə verib – «götür yaşa» deyən valideynlərdən olmaq istəmirəm. 
 
Qadinkimi.com-da  Yasəmən Qaraqoyunlunun müsahibəsi vardı. "Diktator oğul doğmayın" deyirdi qadınlara. Səncə, ananın bu mövzuda məsuliyyəti var? 
Diktatorların məsum insan kimi doğulduğunu düşünəndə məyus oluram. Necə olur dünya körpələri böyüdür diktatora çevirir?.. Məsuliyyəti tamamilə anaların üzərinə atmaq haqsızlıqdı, məncə. Amma mən həm də uşaqlıq zədələrinə, qorxularına diqqət edən biriyəm. Analar övladlarını xoşbəxt böyütməyi bacarmalıdırlar ki, onlar da gələcəkdə kimsəni bədbəxt eləməsinlər. 
"Şeyx" romanının ideyası hardan yarandı?
Könül Həsənqulu ilə kiçik bir layihəmiz var idi. Hər dəfə bir əsər götürüb bir yazıçı, bir şair ilə müzakirə etməyi planlamışdıq. İlk müzakirə olunacaq əsərimiz Şeyx Sənan idi. Şeyx Sənan cavanlıq sevgisini yarıda qoyub bir illüziyanın arxasına düşmüş vəfasız, yoxsa həqiqi aşiq idi sualları ətrafında müzakirə nəzərdə tutmuşduq. Anam o əsəri uşaqlıqdan mənə tanıtsa da, hazırlıq mərhələsində Şeyx Sənanı özüm üçün yenidən kəşf etdim və Könülün icazəsi ilə əsəri müzakirə etmədik, mən bu mövzuda roman yazmağa qərar verdim. 
Əsərdə yazmaq istədiyin, amma yazmağa ürək etmədiyin hissə oldu? 
Oldu. Ümumi işin xatirinə o hissələri qurban verdim. 
 
Romanda yazmadığın hissəni müsahibədə danışa bilərsən? 
Вanışmasam, daha yaxşıdı, danışsam, cığallıq olar.

Əsər boyu Şumeysatla Sənanın bir-birini sevib sevmədiyini anlamaq olmur. Onları sanki uşaqlıq, keçmiş ya da ortaq milli problemlər bir-birinə bağlayır.  
Doğru müşahidədi. Şumeysat və Sənan bir-birinə yaxın olmaqla sanki keçmişlərinə geri dönmək istəyirlər. Həyatlarındakı nəticələrin səbəblərini tapmaq üçün bir-birlərinə vasitə kimi baxırlar. Həm də əsərin tarixi xəttindəki Şeyx Sənan sevgisi o qədər böyükdür ki, istənilən başqa birlikdəlik onun yanında sönük görünür. Şumeysatla Sənan aşiq deyillər, daha çox bir-birini sevməyə, birlikdə yaşamağa çalışan, buna cəhd edən adamlardı. 

Oğluna niyə Sənan adı qoymadın? Amma Rumi adı da romanın ruhundan çıxmadığını ifadə edir sanki. 
Oğlumun adını atası qoysun istəmişdim, əslində. O isə sənin əziyyətin çox olub dedi, jest edib bu haqqı mənə ötürdü. Sənan adını qısa müddətə versiya olaraq düşündüm. Sonra qətiyyətlə bu fikirdən uzaqlaşdım – oğlum əsərimin davamı və sonrası deyil. O, ayrı dünya olsun istədim. Rumi adı ağlıma amerikalı aktrisa Amber Hördün Ruminin bir misrasını bədənində döymə olaraq gəzdirdiyini xatırlayanda gəldi. Rumi dinindən, dilindən, irqindən asılı olmayaraq insanları sevməyə dəvət edirdi. İndi də Ruminin sevilməsi üçün məsafə, din, dil maneə deyil. İstədim oğlum da bəşəri sevgi ideyasını ən azı adı ilə yaysın. Ümid edirəm, sonra o, bu ideyanı sevər, onunla doğmalaşar və həyatını insan sevgisi əsasında qurar. 
Romanın haqda danışanda da, oğlun haqda danışanda da sevgi sözünü mütləq vurğulayırsan. Sevgi nədi səninçün?
Gözəllik və rahatlıq. Sevdiyimiz şeylər, kəslər bizə gözəl görünür. Çünki o şeylər şüuraltımıza  rahatlıq-rahat olacaqsan mesajı ötürür. Platona görə, biz gözəlliyi rahatlıq vəd etdiyi üçün sevirik. Bu yolla gedəndə o qənaətə gəlirəm ki, sevmək, gözəllik və rahatlıq anlamları bir-birinə bağlıdı.  
 
Martın 9-u 16:00-da "Gənclik Mall"dakı Libraff mağazasında kitabının təqdimatı olacaq. Hazırlıq necə gedir, həyəcan var?
Təqdimata hazırlıq yaxşı gedir. Hər kəsi təqdimatda gözləyirəm. Sevinirəm ki, dostlarla, oxucularla görüş imkanım olacaq. Amma indi ən böyük həyəcanım Rumidi. O həyəcan qarşısında hər şey təfərrüatdı. 
 
söhbətləşdi: Aysel Əlizadə
qadinkimi.com