QADIN / KİŞİ
O DA BİR QADIN - AYSEL FİKRƏT YAZIR Tarix : 09 Mart 2020, 01:39

Üzüntüsü gözlərindən tökülən bir qadının sözüdür. "Adamın bu bayramda lap qadın olmağı gəlir”...

Bunu tək küçədə satıcı qadınların gözlərindəki qəm demir, bu gün hamı bir ayrı kövrəkdir. Səhər açılan kimi köhnə unudulmuş insanların təbriki xəzan kimi üzünə tökülən tənha qadınlar. Mən onların pəncərəsindən içəri doluşan meh olmaq istərdim. 

Unudulmuş qadınlar, yuva qura bilməyən, isti ocağa sahib ola bilməyən qadınların yanında olmaq istərdim. Ana ola bilməyən qadınlar...

Mən onlara övlad olmaq istərdim. Saçlarına tumar çəkmək istərdim. Həyat nədir ki? Qadın yarandıq deyə dünyaya üsyan edəcək halımız yox ki. Bu həyat üç günə sığmayan bir yuxu deyilmi?

İnsan quyunun dibində belə insan qala bilirsə, özünü pisliklərdən xilas edə bilirsə, demək ki alidir. 

Yaşamaq bacarmaqdır. 

Səhərini gözəl açıb, gecəsini vicdanla yuxuya getməkdir. Eh, kimə deyirəm e...Ürəyində qübarından gecə yata bilməyən, qocalığından gizlənən, şəkillərində gülümsəyə bilməyən qadın ruhunu ağrıtdılar sənin. Sənə nə bayram... 

Saçlarının rəngini dəyiş, gözlərinin rəngini dəyiş, ürəyinin rəngi dəyişməyəcək. Çünki səndən keçib getdilər. Həyat daha şirin gəldi bəzilərinə. Sənin gözlərindən əziz bir yerləri olmayanlar dünyavi oldular birdən. 

Sil gözlərinin yaşını... Bax,  günəşin acısı onun şüasındadı...Həmişə sevgisindən boylanmır ki pəncərənə. Biz nə bilirik o nə çəkir indi. Tərk edilmiş qadınların bayramı olmur axı. Onlar tərk edildikləri, unudulduqları gündən başqa bütün günləri təqvimdən siliblər. Tərk edildikləri gün ölüblər onlar. 

Hər tərəf xatirə, xəyal dağılmış evdə yalnız vurnuxmaq kimi böyük bədbəxtlik yox. Canı sızlayır adamın... 

Düşünmək belə üzüntü...Yalan qoxusu gələn divarları döyəcləyir. Sevdikləri gəlmir ki gəlmir. "Etmə” deməyə belə yoxdular. "Əlimdə deyil, həyat bu” deyib gediblər.

Sən bəs özünə yer tapmayan, Ana. Övlad qayğısından məhrum, laqeyd övladlarından küskün. Evinin səs küyünə həsrət, sınıq bir çarpayıda uzanmış soyuqda əsim-əsim əsən...İsidirmi gözlərinin nəmi səni? 

Darıxma, qurban olum. Bir azdan mütləq kimsə gələcək...Ya nəvən, ya oğlun, heç üzmə özünü, gözəl anam. Analar unudulmaz. Bəs qocalar evindəki analar? Bəs onlar? Hə bax onlara övlad olmağa dəyər...Neçə yerə bölünüm, ürəyim paralanır...

Ən dəhşətlisi cəmiyyətin öldürdüyü, udduğu qadınlardı. Bilmirəm aldadılmış qadınların üzünə necə baxım...Onlara "niyə aldandınız” belə deyə bilmirəm.

Ağıllarının elə bir məqamında yaşayırlar ki.. Hamısının ciddi həkimə ehtiyacı var. 

Həyatın aldatdığı qadınlara bayram təbriki yoxdu. 

Onları başqa adla çağırırlar çünki. Onlara QADIN demirlər, ANA demirlər. Mən həmişə düşünmüşəm. Cəmiyyətin, kütlənin, pisliyin məhv etdiyi qadınları. Çünki hamının bir məsum başlanğıcı var...Bəs nədən onları zaman bu qədər məhv edib? Onları üzlərində olan boyalardan yuyundurub  gözlərinin qəmini silmək istəyirəm. Ürəklərində olan yaraları təmizləmək, hər birini Allaha yaxınlaşdırmaq istəyirəm.

Bax bu gün mən onları düşünürəm. Yerinin içində tükürpədici üzüntüylə ağlayan qadınları. Bəzən aşırı təmizlikdən, paklıqdan danışanlar ruhumu qaraldır. İnsan yoxundan, dərdindən doğulmasa, insan ola bilmir axı. Cəmiyyətin qara düşünən "pak adamları” imkan verin insanlığa ölməsin...

Axı onları barmaqla göstərib ilk ləkə atan da cəmiyyətin özüdür, indi günbəgün məhv edən də. Onların ürəyi, ruhu olmur? Dillərində kin, nifrətin yaratdığı söyüşlər kimi kirlənir dünyaları. Nə edək onlar üçün? Nə?

Bir də mən istəmirəm məmləkətimdə "ikinci qadın”lar olsun. Heç kimin həyatında məşuqə olmayın, sevginizi əlinizlə sökün atın... Əgər bu vacibdirsə, sevgisiz qalın. Yalnız evdə ərinin yolunu gözləyən o qadını da, özünüzü də məhv etməyin... Qadınlar, özünüzə yalan danışmayın. Əsas özünüzə. Məşuqələr, sizin bir gün əvvəl bayram təbrikini gözləməyiniz ürəyimi daraldır. Mən hamını öz yerində görmək istəyirəm. Ən çox da qadınları. Bu istəklər o qadınlar üçündür ki: onlar yaşamağa çətinlik çəkir. Mən onların gözünün yaşını silib bağrıma basıram. "Keçəcək” deyirəm...

Qadınlar ilk siz yarandınız. Yaradan sizi tək bildi. Sizdə dünya yaratdı. Siz getdiyiniz yerlərə işığı da qaranlığı da ötürə bilən varlıqlarsız. Siz ümidsiniz. Həyatınızı oğurluq yaşamayın. Tək qadın yoxdur. Missiyanızı ötürüb gedəcəksiniz. Hər kəsin varlığının önəmi var. Bunu unutmayn. Nə qədər acı da olsa
Bayramınız mübarək !

Aysel Fikrət ...(O da bir qadın)

 

 

qadinkimi.com