KİŞİ KİMİ
Nuşirəvan müəllimdən soruşardım: Niyə televiziyaya peşəkarlar cəlb olunmur? Tarix : 08 İyul 2018, 16:11
Yazar : Qadinkimi.com

Qadinkimi.com rejissor Elşən Zeynallı ilə Aysel Əlizadənin müsahibəsini təqdim edir.  

Nuşirəvan müəllimdən soruşardım: Niyə televiziyaya peşəkarlar cəlb olunmur?

Bir zaman “İblis”ə baxan xalq, indi “Bozbaş pikçers”ə baxır.

Çoxdandı yaradıcılıq xəbərin çıxmır, nə edirsən bu aralar?

   - Pedaqoji fəaliyyət göstərirəm, bu da bir yaradıcılıq növü sayılır. Universitetlərə tələbə hazırlayıram. Peşə və ixtisas yönümü üzrə fərdi ustad - dərsləri keçirirəm. Heydər Əliyev fondunun təsis etdiyi litseydə müəllim kimi dərs deyirəm. Hətta tələbələrimdən ikisi Azərbaycanın əməkdar artistidi. Bu özü də böyük fəxrdi.

 Universitet dövründə ləqəbin Fellini idi.  Nə etdi Fellini, nələr yaratdı?

    - Düzdü, belə bir ləqəbim var idi. Görkəmli İtalyan kinorejissoru Federiko Fellininin adı ilə bağlı idi. Həm onun yaradıcılığına xüsusi pərəstiş etdiyimə görə, həm də 5 illik tədris müddətində qurduğum tamaşalar, kurs işləri, yaradıcılıq mövqeyi, estetika və mədəniyyətinə görə bu ləqəblə çağırırdılar. Bu eyni zamanda xoş bir sənət damğası idi. İndinin özündə də bu adla mənə müraciət edənlər var.  Nələr etdim? Təhsil müddətində bir neçə tələbə-tədris filmləri çəkdim.  Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında bir müddət rejissor assistenti vəzifəsində çalışdım. Bir neçə bədii filmin rejissorluğunu etdim. Hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Televiziya və Radio Verilişləri QSC "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinə müraciət etdim. Mərhum Nazim Abbas telefilmin direktoru və Vüqar Tapdıqlı Allah can sağlığı versin, direktor müavini bu müraciətimə çox müsbət yanaşdı. Bu iki insanın bir rejissor kimi formalaşmağımda rolu, əməyi hədsiz böyükdü. Onların dəstəyi, zəhməti nəticəsində on ildən artıq bir müddətdə quruluşçu rejissor kimi Telefilmdə çalışdım. Bir çox bədii və sənədli televiziya filmlərinin quruluşçu rejissoruyam. Dövlət arxivində, qızıl fondda saxlanılan 60 - dan çox filmim var. Bu filmlər illərdi özünün ekran ömrünü yaşayır və tamaşaçılar tərəfindən hələ də maraqla izlənir. Bu böyük fəxrdi mənim üçün. Şuşa Musiqili Dövlət Dram Teatrında Elçinin "Cəhənnəm sakinləri" tamaşasını qurdum. “Şuşasız” adlı tamaşanın həm ssenari müəllifi həm də quruluşçu rejissoru oldum. Və ən böyük sənət əsərim evimdə böyüyən, Allahın mənə verdiyi gözəl pay olan Zeynal Zeynallı və Banu xanım Zeynallıdı. Yaradıcılığımın renessans dövrü hələlik bunlarla tamamlanıb. Ümid edirəm bir gün gələcək Azərbaycan kinosunun daha gözəl, işıqlı günləri olacaq və mən də bu yöndə daha uğurlu işlərə imza ata biləcəyəm.

Yeni tamaşandan danışaq. Premyerası olacaq. Tamaşa haqda oxuculara məlumat verək. Mövzu nədi, kimlər oynayacaq?

    -  Premyera iyunun 12-də saat 18:00 - da Gənc Tamaşaçılar Teatrında olacaq.  Ə. Haqverdiyevin “Kimdir müqəssir” pyesi əsasında hazırladığım tamaşadı.  Kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunur. Rolları Niyaz İlyasoğlu, Məlahət Əhməd, Əliqulu Səmədov və başqa istedadlı aktyorlarımız ifa edirlər.

    

Kinorejissorların  peşəkar problemləri nədi?  

    - Bu gün kinorejissorların ən böyük problemlərindən biri ölkəmizdə film sektorunun inkişafdan qalması, olmamasıdı. Kinorejissorların film çəkə bilməməyidi. Problem maliyyədədi. Kinomatoqrafiya industriyası baxımından, istehsalat baxımından bu, bizdə alınmır, çox çətindi. Bir ara dövlətin maliyyə dəstəyilə bir nəfəs oldu, amma maliyyə bitəndən sonra işlər yenə dayandı. Mövzu və ideya baxımından da problem var. Onu düzəltmək mümkündü, ruha bağlıdı, çözüləndi. Televiziyalar kinonu, kinofotonu öldürdü. Hərdən düşünürəm ki, zamanın tələbidi, sonra da deyirəm əgər  zamandan asılı bir şeydisə, dünyada niyə belə deyil? Misal üçün, 30-40 milyon ABŞ dolları qonorar təklif olunan Hollivud aktyoru filmdən imtina edib, Brodvey teatrında səhnəyə çıxmağı, teatrda oynamağı özünə daha prestijli iş saya bilir. Azərbaycan mədəniyyətinin bir qolu olan kinonun ikinci nəfəsi olmadı. Sovetlər Birliyində Azərbaycan kinosu özünün ən yüksək zirvələrini yaşaya bildi. Lakin sonra ikinci müstəqillik dövründə milli kinomuzu yarada bilmədik. Kinomatoqrafiyanı dünyaya öz adımızdan  təqdim edə bilməmişik. Azərbaycan kiçik bir ölkədi. Mənə elə gəlir ki, kino sahəsinin bu vəziyyətə gəlməsində maraqlı olan insanlar var. Öz-özünə bu hala düşməz. Ama ən böyük günah təbii ki, ilk növbədə cəmiyyətdədi. Necə olur,  Hüseyn Cavidin “İblis”inə baxmaq üçün Akademik Milli Dram Teatrının kassasının qarşısında səhərə qədər növbə tutan xalq, bu gün Fərdaya baxır? Və ya kinoteatrlarda böyük festival filmlərinə baxan xalq bu gün “Qız qaçırtma”ya, “Qız atası”na, “Bozbash pictures”ə baxır. Bir vaxtlar evlərdə pianoların, kitab rəflərinin olması prestij sayılırdısa, bu gün bahalı qablar, statuetlərin olması prestij sayılır. Mən Rusiyaya baxıb paxıllıq edirəm. Dünya səviyyəli ORT kanalına baxıb dəhşətə gəlirəm. ORT- nin rəhbəri Konstantin Ernesə belə bir sual verirlər ki, dünya TV onluğunda ORT - nin adı var.  Necə olur siz digər televiziyalardan fərqlənib həmin onluğa düşə bilirsiz? O da belə bir cavab verir:  “Mən televiziyanı rejissorla qururam, başqaları müxbirlərlə”.  

    

Mən bildiyim qədər “Bozbash pictures”-də, Fərda da hansısa televiziya rəhbərindən xüsusi dəstək almır. Üstəlik,  adından da göründüyü kimi “coffe break pictures” də deyillər. Bəlkə elə el arasında “bozbaşlıq” adlanan halları tənqid edirlər,  bacardıqları formada?

    - Onlar öz yollarını tapıblar.  Uşaqları şəxsən tanıyıram.  Elə qoy “Bozbash pictures” qalsın adları. Bu cür də davam etsələr yaxşıdı. Fərdaya da istedadsız deməzdim. Amma onların özfəaliyyətinin Azərbaycan kinosuna, teatrına heç bir dəxli yoxdur. İşləri avand olsun. Qoy hər kəs öz başmağında gəzsin.

Kimin dəxli var, məsələn, alternativ  komediyaçılar kimlərdi?

    - Afaq Bəşirqızı, Valeh Kərimov, Cəfər Namiq Kamal, İlkin Miskərli. Onu çox bəyənirəm. Komediya janrında nəsə çəksəm, onu çəkərdim.

Əlixan Rəcəbov, Taleh Yüzbəyov necə?

    - Onları tanımıram.

Ciddisən? Ölkədə  mental, sosial, ictimai problemləri dilləndirən komandadı, sən hələ Afaq Bəşirqızında qalmısanJ

    - Aktyorluq dəb deyil. Peşədi, Aysel xanım.  

Nədi bu peşənin kriteriləri?

  - Zövq. Səviyyə.

 Zövq sənət meyarı ola bilərmi?

    - Yox, amma zövq səviyyə formalaşdırır.  Bu, meyar  hesab oluna bilər. Tolstoy, Dostoyevski səviyyədən doğan zövq deyilmi?

Başqa kimləri oxuyursan, sevdiyin rejissorlar kimlərdi?

    - Aleksey Uçitel, Taviani qardaşları, Berqman,  Mohsen Mexbelbaf, Abbas Kiarostami, Fatih Akın, Nikita Mixalkov, Arif Babayev, Həsən Seyidbəyli, Andrey Tarkovski… teatrda Qalina Volçek, Osmanov, Vaqif Əsədov.  Yazıçılardan Stenberq, Rey Bredberi, Orxan Pamuk. Ramiz Rövşəni, İlqar Fəhmini də oxuyuram.  

   

Nə haqda film çəkmək istərdin?

    - 17-18 yaşlarımdan Cəfər Cabbarlının “Aydın” pyesinin motivləri əsasında bədii film çəkmək istəmişəm. Bu istək hələ də qalır. İmkan olsa, çəkmək istərəm. Sonra İsmayıl Şıxlının “Ölən dünyam” romanını səhnələşdirmək istərdim.

 Bəs tamaşa ?

    - Şekspirin “Maqbet” əsərini qurmağı çox istərdim. Sonra İlqar Fəhminin “Şahnamə” pyesini.

Böyük büdcəyə baxmayaraq, Aztv cümhuriyyət haqda serial, film niyə çəkmədi, səncə?

    - Televiziya kinosunun inkişafıyla bağlı prezident sərəncam verdi və maliyyə ayrıldı. Çox qəribədi ki, bu maliyyə ayrılan və bu maliyyə ilə istehsal olunan çox seriyalı televiziya filmlərinə bir nəfər də olsun peşəkar kinorejissor cəlb olunmadı. Özfəaliyyət səviyyəsində çox bərbad, keyfiyyətsiz filmlər çəkildi və o büdcə göyə sovrularaq bitdi getdi. Mənim özümə də çox maraqlıdı, niyə bizim dövlətçiliyimizlə, milli mənəvi sərvətlərimizlə bağlı, cümhuriyyətimizin 100 illiyi ilə bağlı bir film də olsun çəkilmədi. Bunun niyəsini mən də bilmirəm və mən də Nuşirəvan müəllimlə üz - üzə gəlsəm, bunun səbəbini öyrənmək istərdim. Niyə Nuşirəvan müəllimdən soruşardım? Çünki bu büdcə Milli Televiziya və Radio Yayım Şurasına ayrılmışdı və şuranın rəhbəri Nuşirəvan müəllim idi. Və mən də bilmək istərdim ki, niyə peşəkar insanlar bu işə cəlb olunmadı? Niyə bu mövzuda filmlər çəkilmədi? Ayrılan maliyyənin bölgüsünü kim apardı? Çəkiləsi filmlərin mövzusunu kim təsdiqlədi? Qeyri - müəyyənliklə həll oldu bütün bu işlər. Halbuki dövlət büdcəsindən düz iki dəfə prezident sərəncamıyla maliyyə ayrıldı. Özfəaliyyət kollektivləri məşğuldu bu işlə. Təftiş etsələr görərlər ki, bu gün seriallar kimlər tərəfindən istehsal olunur. Yəni milli üslubda nəsə çəkə bilmək üçün gərək TV rəhbərinin millətə, dövlətə, bayrağa sevgisi olsun, bu ilk vacib şərtlərdən biridi. Bu gündən fərqli olaraq Nizami Xudiyevin zamanında Aztv daha milli daha dövlət kanalı idi. Bu gün Azərbaycan Televiziyası sanki öz yolundan sapıb. Heydər Əliyevin belə bir sözü var idi: “Azərbaycan Televiziyası Azərbaycan xalqının milli sərvətidi". Bu sözlər televiziyanın binasının qarşısında qızıl hərflərlə yazılıb. Və bu gün Aztv “milli sərvət” statusunu itirib. Televiziyanı bu həddə gətirib çıxaran televiziyanın ali rəhbərliyidi. Görünür, bu hal, bu vəziyyət kimlərəsə, sərf edir, kimlərəsə xoş gəlir. Lakin mən inanıram ki, tez zamanda dövlətimiz televiziyaya öz diqqətini yönəldəcək və hər şey qaydasına düşəcək. Azərbaycan televiziyası öz yoluna qayıdacaq.

Söhbətləşdi: Aysel Əlizadə.