QADIN / KİŞİ
Niyə boşanırıq - ARAŞDIRMA Tarix : 15 Noyabr 2019, 10:28

Ömür - gün yoldaşının təsadüfi seçilməsi ailəni boşanma təhlükəsi qarşısında qoyur. Gənclər bəzən ailə qurarkən tələsir, düşünüb - daşınmadan, seçdiyi qızın (oğlanın) xasiyyətinə, kəm - kəsirinə bələd olmadan nikah bağlayır.


Boşanmaya şərait yaradan amillərdən biri də müəyyən maddi təminatdır. Bu gün boşananların bir qismi ayrıca mənzili olmayan, kirayədə qalmağa məcbur olan və maddi çətinlik qarşısında qalan gənclərdir.

Ailə ixtilaflarına səbəb həm də kişilərin qadınların hüquqlarını məhdudlaşdırmasıdır. Qayınanaların gənc ailələrin işlərinə yerli - yersiz müdaxiləsi də gənclərin münasibətinə təsir edir. Əgər gənc ailələrin özlərinin mənzilləri olarsa, yolagəlməz qayınanaların təsiri də az olar. Gəlin - qayınana davası əsrlər boyu az qala ailənin əsas problemlərindən birinə çevrilib.  


       Ailənin mənəvi həyatına qayınata, baldız, bəy və gəlinin digər yaxın qohumları da təsir edir.  

Qız gec - tez gəlin köçməlidir. O, gələcək müstəqil ailə həyatına – başqa ailədə yaşamağa hazırlanmalıdır. Bizdə qayınanasına öz doğma anası kimi qayğı göstərən, onun hörmətini saxlayan gəlinlər minlərlədir. Lakin ailədə gəlin - qayınana problemi çox vaxt həll edilməmiş qalır. Bu iki qadından hansının daha çox günahkar olduğunu aşkara çıxarmağa cəhd göstərməyə ehtiyac yoxdur. Ailə söz - söhbətsiz, mübahisəsiz olmur. Lakin bu münaqişəni şişirtmək, yaymaq doğru deyil. Qız həyat yoldaşının anasını ana kimi qəbul etməlidir. Çünki anamızdan incisək də, bunu dərhal unuduruq. Ər evində isə vəziyyət başqadır. Qayınana gəlinə irad tutanda, acıqlananda gəlin uzun müddət bunu yaddan çıxarmır, kin - küdurət saxlayır. Həyat yoldaşına anasından şikayətlənir, onu anasına qarşı qaldırır. Qayınananı ana gözündə görəndə isə, gəlin onun sözlərindən incimir, səhvini düzəltməyə çalışır. Yaxud qayınanasının əsəbi olduğunu və onu yersiz acıladığını başa düşüb güzəştə gedir.

Körpənin həyata gəlməsi ilə ananın ən böyük arzusu da doğulur: oğul toyu görmək, qız köçürmək, qayınana olmaq! Və bir gün o, qayınana olur. Bu ona nə verir? Sevinc, yoxsa kədər? Deyirlər, bəxtinə pis kürəkən çıxsa – qızını itirərsən, pis gəlin çıxsa – oğlunu. Bu sözlərdə dərin hikmət var.

Gəlin və qayınanalarla apardığımız sorğuların nəticəsində məlum olmuşdur ki, onlar arasında ixtilaflar bir sıra səbəblər üzündən baş verir. Qayınanaları daha çox narahat edən səbəblər bunlar oldu:

1. Diqqətsizlik. Gəlin bayramlarda öz anasına hədiyyələr alır, lakin evin içində qayınanasını bir dəstəgül, yaxud şirin dillə təbrik etmir. 

       2. Hörmətsizlik. Gəlin uşağına acıqlanır, yaxud əri ilə sözləşir, kobud danışır, qayınananın bütün bunları eşitməsinin fərqinə varmır. 

       3. Saymamazlıq. Gəlin ərinin qohumlarını saymır. Uzaq bir qohumunun ad gününə təmtəraqla gedir, ərinin yaxın qohumunun toyuna getmir

       4. Tənbəllik. Gəlin vaxtında yataqdan qalxmır, evdə səliqə yaratmır.

       5. Boşboğazlıq. Evin sirrini qohum - qonşu arasında yayır. O, bir çox ailələrdə möhkəm qərar tutmuş "Söz var el içində, söz var ev içində"Ev bizim, sirr bizim hikmətini pozur, beləliklə, ailənin şərəfini unudur. 

       6. Böyüyün sözünü yerə salmaq. Qayınana gəlindən nədəsə ona kömək etməyi xahiş edir. O isə bəhanə tapıb, yardım etməkdən boyun qaçırır.

       7. Moda, qaş-daş hərisi olmaq. Gəlin ərinin qazancını ənliyə - kirşana verir, əvəzində qayınatadan, qayınanadan maddi kömək umur.  

       8. Ərin iş və istirahət qayğılarına biganə olmaq. Gənc ər evə gec gələndə gəlin yersiz hay - küy qaldırır, ailənin digər üzvlərini də narahat edir.

       9. Evdarlığa dair sadə vərdişlərə yiyələnməmək. Gəlin nəinki mətbəx işlərini bacarmır, üstəlik öyrənməyə də cəhd göstərmir, qab - qacağı ərinə yudurtmağa çalışır. 

       10. Xudpəsəndlik. Gəlin qayınanaya yuxarıdan aşağı baxır, onun gördüyü işləri xəlvəti məsxərəyə qoyur. 

       11. Ailədə mənəmlik iddiasında olmaq. Gəlin evdə özünü hökmlü aparır, hamının onunla məsləhətləşməsini istəyir, dediyi olmayanda araya narazılıq salır

      12. Gəlinin yüngülxasiyyətli olması. Yersiz hərəkətlərə yol verir, danışığına, sözünə sərhəd qoymur. 

      13. Gəlində müsahibini dinləmək bacarığının və başa düşmək arzusunun olmaması. O, adamın hisslərinə biganə münasibət bəsləyir, ürəyi yanmır, dərdinə şərik olmur və s. və i.a.

        Gəlinlər də qayınanalarda özünü büruzə verən aşağıdakı halların dözülməz olduğunu göstərmişlər:

       1. Qayınanalar onları öz qızları kimi deyil, məhz "yad” qızı kimi qəbul edirlər. 

       2. Həddindən artıq tələbkarlıq göstərirlər, bəzən bu tələbkarlığın arxasında əslində gəlinə qarşı kin - küdurət, nəyinsə əvəzini, acığını çıxmaq və s. gizlənir. 

       3. Qayınanalar deyingənliyə adətkərdadırlar. Hər şeyi söz edirlər. 

       4. Gəlinləri həddindən artıq ucuz tutur, onlarla heç vaxt hesablaşmırlar.

       5. Köhnə düşüncəylə yaşayırlar. Keçmişin qalıqlarını mühafizə edirlər, modanın, yeniliyin düşmənidirlər. 

       6. Gəlinlərini hər vəchlə öz iradələrinə tabe etməyə çalışırlar. 

       7. Heç bir məsələdə onların rəyini öyrənməyi lazım bilmirlər.

       8. Qayınanalar yerli - yersiz ailənin daxili işinə qarışır, oğlu ilə gəlini arasında soyuqluq yaradırlar.

       9. lini başa düşmək, onun həyatda təcrübəsizliyini nəzərə almaq istəmirlər.

       10. Gəlini ilə oğlunun mehriban və səmimi olması qayınanada qısqanclıq hissi oyadır. O, oğlunun daha çox onu sevməsini istəyir. 

       11. Qayınana qohumların, qonşuların yanında gəlinin ardınca danışır. 

       12. Qayınana baldıza imkan verir ki, gəlinlə kobud rəftar etsin və s. və i.a..

      Gəlin və qayınananın mehriban münasibəti, onlar arasındakı münasibətlərdə tarazlığın saxlanması kişidən (biri üçün övlad, digəri üçün ər) böyük məharət istəyir. Tərəflərdəbirini müdafiə etmək digərində əsəbilik yaradır. İstənilən halda gəlin unutmamalıdır: illər keçəcək, o da yaşa dolacaq, qız köçürəcək, gəlin gətirəcək.

        Boşanmaların bir qismi vəfasızlıq - xəyanət nəticəsində baş verir. İnsan heç zaman – dostluqda, məhəbbətdəişgüzar münasibətlərdə, eləcə də özxalqına, millətinə, Vətəninə münasibətdə xəyanətə dözməyib. Hər şeyi – səhvi, diqqətsizliyi, düşüncəsiz hərəkəti, kobudluğu, təhqiri, hətta təsadüfi məğlubiyyəti də bağışlamaq mümkündür. Yalnız şüurlu, bilərəkdəxəyanət etməkdən savayı. Bəşəriyyət bu hissə qarşı nə üçün belə barışmazdır? Cavabı aydındır: insanların bir - birinə inamı olmadan heç bir birgəlik, fəaliyyət mümkün deyil. Xəyanət, yeri gələndə, bir xalqın taleyini həll edir. Ona görə dədünyaya göz açan gündən uşaqlar xəyanət hissinə yad böyüməlidir.


          Boşanmanın əsas səbəblərindən biri narkomanlıq və sərxoşluqla bağlıdır. Ana-qadın həyatda çox şeyləbarışsa da, sərxoş və ya narkoman ərin hər gün evinə, balalarına vurduğu yaralara, etdiyi qəsdə dözmür.

         Azərbaycanlı ailələr üçün kişinin sərxoşluğa və narkomaniyaya qurşanması, bəzi xalqlarla müqayisədə səciyyəvi olmasa da, bunu diqqətdən qaşırmaq olmaz. Sərxoşluğa və narkomanlığa qarşı qətiyyətlə mübarizəaparmaq təkcə ailənin deyil, cəmiyyətinmöhkəmlənməsi deməkdir.

          Boşanma ciddi nəticələrlə müşayiət olunur. Boşanmaların nəticələrini şərti olaraq üç qrupa bölürlər:


          1. Boşananların özləri üçün nəticələr. Cütlüklər ayrılsa da, bu onların həyatında izsiz qalmır. Bəziləri boşanmadan sonra həqiqətən rahatlıq - dinclik tapır, yenidən ailə qurur. Lakin övladdan ayrılmaq heç də asan deyil. Xüsusən ilk vaxtlar bəzi ər - arvadlar yat yoldaşlarını nifrətlə xatırlasalar da, övladlarını düşünürlər.

        Boşananlar bir sıra problemlərlə qarşılaşırlar. Xüsusən uşaqlı qadınlar iqtisadi çətinliklərlə üzləşir. Boşananların bütün həyat tərzi dəyişir. Şəxsi adətlər, zövqlər, ümumi dostlar və tanışlarla münasibətin xarakteri, əvvəlki ərin (arvadın) qohumları ilə uşaqların qarşılıqlı münasibətləri yeni keyfiyyət alır. Bəzi qadınlar öz övladlarını ataları ilə görüşməyə, babaların, nənələrin, əmilərin, bibilərin yanına getməyə qoymurlar. Bütün bunlar yolverilməzdir.


       Mütəxəssisr boşanmanın emosional, fiziki, sınaq və hüquqi növlərini qeyd edirlər: 

        a) emosional boşanma. Artıq məhəbbətsönmüşdür. Ər - arvad soyuq davranır, bir - birlərinə qarşı laqeyddirlər; 

        b) fiziki boşanma. Kişi də, qadın da artıq hüquqi boşanmanın labüd olması barədə fikirləşir. Lakin bunu yaranmış vəziyyətdən yeganə və ən yaxşı çıxış yolu hesab etmirlər. Ər - arvadlıq münasibəti bu dövrdə məhdudlaşır. Kişi və qadın bir mənzildə, lakin ayrı -ayrı otaqlarda yaşamağa başlayırlar; 

        csınaq boşanması. Boşanma problemi açıq müzakirə olunur. Ər və arvad ayrı -ayrı mənzillərdə yaşayır (əgər bu mümkün deyilsə, təsərrüfatı müstəqil aparır, hərə özü üçün bazarlıq edir, qazan açır). Bütün bunlara baxmayaraq, onlar hələlik hüquqi cəhətdən qanuni ər - arvaddırlar; 

        ç) hüquqi boşanma hər şeyin bitdiyini, yəni ər-arvadlıq münasibətlərinə xitam verildiyini göstərir. Boşanma qanuniləşdirilir.

         2. Boşanmanın uşaqlar üçün nəticələri. Uşaqlar boşanmanı ürək ağrısı ilə qarşılayır. Onlara əziz olan adamlardan birini itirmək onlar üçün faciədir. Artıq onlar natamam ailədə yaşamalı olurlar. Bu da böyük çətinliklərə səbəb olur. Boşanma zamanı uşaqlar, adətən ananın yanında qalır. Bəzən belə uşaqların tərbiyəsi ilə baba və nənələr məşğul olurlar. Bir sıra hallarda onların öz nəvələrinə münasibəti güzəştli qəyyumluq prinsipinə əsaslanır. Uşağa tələbkarlıq azalır, əvəzində isə onun mənəvi və əxlaqi cəhətləri son dərəcə şişirdilir.

          3. Boşanmanın cəmiyyət üçün nəticələri. Boşanma cəmiyyət üçün də təsirsiz qalmır. Boşanma nəticəsində doğumun səviyyəsi aşağı düşür, bu isə eyni zamanda əhali artımının, işləyən adamların gələcəkdə azalacağına sübutdur. Pedaqoji cəhətdən baxımsız və çətin yeniyetmələr meydana gəlir.

SON OLARAQ: Evlilik – Ailə ciddi və məsuliyyətli məsələdir. Bütün bu halları düşünmək lazımdır. Ailə birlikdə tikilən EVDİR, təməli möhkəm olmalıdır!

 

Müəllif: Akif Abbasov - professor

qadinkimi.com