BURA / ORA
Nigeriyada qaçırılan qızların ailələri hələ də onların yolunu gözləyir Tarix : 10 Dekabr 2019, 10:14
Yazar : Qadinkimi.com
5 il bundan öncə Nigeriyada Boko Haram tərəfindən qaçırılan qızlardan birinin anası övladlarının geri qaytarılması üçün bütün dünyadan yardım istəyib.
Nigeriyanın Çibuk şəhərində Boko Haram adlı islamçı militant qrupu 2014-cü ildə bir məktəbə basqın edərək 276 qızı qaçırmışdı. Onların təxminən yarısı geri qaytarılsa da, 112 qızdan hələ də xəbər yoxdur. 
 


Yananın qızı Rifkatu da axtarılan qızlardan biridir: "14 aprel axşamı idi. Silah səsləri eşitdik. Həmin axşam şəhərdə hamı evlərini tərk edib, çölə çıxmışdı. Biz məktəbə çatanda artıq orda heç kim yox idi. Məktəb yanmışdı. Biz orda qızların bir-iki əşyasını gördük. Yaxınlıqda olan bütün analar gəlmişdi. O gündən bu günə qədər hamımız ancaq ağlayırıq. Gecələr yata bilmirəm, heç nə yeyə bilmirəm. Ancaq dua edirəm”. 

Yananın ən böyük qorxusu Çibukda oğurlanan qızların unudulmasıdır: "Axı biz bu insanlara (Boko Haram) nə etmişik? Axı onlar da insandır. Bəlkə aralarında hansınınsa bizim kimi övladları da var. Belə bir şey onların övladlarının başına gətirilsə, xoşlarına gələrmi? Mən bütün dünyadan Nigeriya hökumətinə dəstək istəyirəm. Nigeriya hökuməti əlindən gələni edib, qızların yarısını qaytara bilib. Geridə qalanlarını da qaytarsınlar”.
Nigeriyada 2002-ci ildə üzə çıxan radikal islamçı Boko Haram adlı qruplaşma başçıları Muhəmməd Yusifin həbsdə ölməsindən sonra, 2009-cu ildə şiddətli hadisələr törətməyə başlamışdı. Boko Haram yerli dildə "Qərb tərzi təhsil günahdır” anlamına gəlir. 
Terror qruplaşmasının hücumları səbəbilə yüz minlərlə insan yaşadığı ərazini tərk etmək məcburiyyətində qalıb.
 

qadinkimi.com