BURA / ORA
“New York Times” qəzetinə düşən və Şvarsman təqaüdünü alan ilk azərbaycanlı qadın Tarix : 12 Dekabr 2019, 15:22
Yazar : Qadinkimi.com
Nərmin Əliyeva "New York Times” qəzetinin səhifələrinə çıxmağı və dünyanın ən nüfuzlu magistr proqramlarından biri olan Şvarsman təqaüdünü almağı bacaran ilk azərbaycanlı qadındır.

O, 2017-ci ilin aprelində nüfuzlu təşkilatlardan birinin Beynəlxalq İdarə Heyətinə namizəd olub. Eyni zamanda Avropa Gənc Hüquqşünaslar Birliyinin baş katibi kimi çalışıb. Nərmin Əliyeva həmçinin Belarus Dövlət Universitetinin Hüquq fakultəsinin məzunudur. Azad sahibkardır və İçərişəhərdə restoranı var. Boksla məşğul olmağı çox sevir. Müsahibəmizdə Nərmin Əliyeva Şvarsman proqramı, əldə etdiyi uğurlar, motivasiya və arzuları barədə danışıb. 

Şvarsman təqaüdünü alan ilk azərbaycanlı qız olaraq "New York Times” səhifəsinə düşməyi və ölkəmi təmsil etməyi özüm üçün böyük bir uğur hesab edirəm. Bu təqaüd proqramı başqalarından onunla fərqlənir ki, xüsusi intellektual qabiliyyətlərə, liderlik keyfiyyətlərinə sahib olan və güclü xarakteri ilə seçilən insanlar üçün nəzərdə tutulub. Pekində keçirilən proqrama hər il minlərlə müraciət edilsə də, sonda 130 nəfər seçilir. Bu il də proqrama dünyanın ən reytinqli universitetlərində təhsil almış 5 mindən artıq məzun müraciət edib. 
 




Proqramın qurucusu Forbes’ə görə dünyanın ən nüfuzlu şəxsiyyətlərindən biri olan Stiven Şvartsmandır. O, eyni zamanda ən böyük investisiya şirkəti hesab olunan  "Blackstone Group”un həmtəsisçisi və baş direktorudur.

Bu proqrama müraciət etdikdən sonra müsahibədə iştirak etmək üçün Londona dəvət edildim. Bütün namizədlərlə Stiven Şvartsman özü şəxsən görüşdü. Onun həvəsləndirici nitqi hər birimizi ruhlandırdı və bu perspektivli proqramın bir hissəsi olmaq arzumuzu daha da artırdı. O, hər kəsə özünü xüsusi hiss etmək fürsəti verdi (gülümsəyir). Müsahibədə qabaqcıl universitet rəhbərləri, jurnalistlər, Avropa Parlamentinin nümayəndələri iştirak edirdilər... Çox həyəcanverici və qürurlu proses idi.

Bu insanların qarşısında oturmaq özü böyük bir şərəf idi və məni seçməsəydilər də  bunu özüm üçün əvəzolunmaz bir təcrübə hesab edirdim (gülümsəyir). Bundan bir neçə həftə əvvəl proqramdan belə bir məktub gəldi: "Hörmətli Nərmin, sizə Şvarsman 2020/2021 proqramına seçildiyinizi bildirdiyimiz üçün məmnunuq. Bu, əla uğurdur və sizin səviyyənizdə namizədlər seçdiyimiz üçün məmnunluq duyuruq".

Şvarsman proqramı hər il daha da əhatəli təşkil edilən dünyanın ən nüfuzlu proqramlarından biridir. Proqramın əsas məqsədi gələcəyin dünya liderlərini tapmaq, yetişdirmək, onlara yaxşı təhsil vermək, liderlik üçün lazım olan bütün keyfiyyətləri inkişaf etdirmək və onları nəhəng şəbəkənin bir hissəsinə çevirməkdir. Şvarsman proqramı Harvard, Yale, Stanford, Oksford, Kembric kimi universitetlər tərəfindən təşkil edilir. Prosesi izləyən Məşvərət Şurası isə hər zaman heyranlıq duyduğum insanlardan ibarətdir - İngiltərənin keçmiş baş naziri Toni Bleyr, Avstraliyanın baş naziri Kevin Rudd, Fransanın keçmiş prezidenti Nikolas Sarkozi, Kolin Povell və ABŞ-ın digər dövlət katibləri.
 



Təlimlər Harvard, Stanford, Oksford kimi dünyanın ən nüfuzlu universitetlərindən dəvət edilmiş professorlar tərəfindən aparılacaq. 
Bir az özünüz haqqınızda məlumat verin.

İlk növbədə onu qeyd edim ki, Bakı Dövlət Universitetinin (BDU) hüquq fakultəsini bitirmişəm. 2017-ci ildə beynəlxalq gənclər təşkilatını idarə etmək üçün 44 Avropa ölkəsi tərəfindən seçilən ilk azərbaycanlı qadın olmuşam.

Bir ildən çox Belçikada yaşadım. Ölkəmə qayıdanda Azərbaycan Respublikası Gənclər Fondunda beynəlxalq əməkdaşlıq sahəsində aparıcı mütəxəssis kimi çalışdım. Sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin kənd təsərrüfatında gənclərin məşğulluğu ilə bağlı birgə layihəsi üzərində işləmək üçün dəvət aldım. Hazırda azad sahibkaram, İçəri Şəhərdə "Kafe Nina” adlı kiçik bir restoranım var. Boksla məşğul oluram, dünya siyasətilə maraqlanıram. Bu gün məni ən çox narahat edən məsələ olan qadınlara qarşı zorakılıqla mübarizədə özümü ictimai fəal hesab edirəm.
 



Təcrübələrimin və kiçik uğurlarımın gənclərimizi  ruhlandıracağına  ümid  edirəm.
 

 
Mənbə: 1news.az
qadinkimi.com