UŞAQ / BÖYÜK, HÜQUQLARIMIZ
Nərminin qətlinin göstərdiyi gerçəklər - Aysel Əlizadə yazır Tarix : 09 İyun 2022, 22:59
Yazar : Aysel Əlizadə

 

"Təqsirsizlik prezumpsiyası” təqsirəndirilən şəxsin cinayəti sübut edilənə və məhkəmə hökmü çıxana kimi günahsız sayılmaq hüququdu, amma mənim, sənin, başqasının rəsmən təqsirli bilinən adamın günahkar olduğuna inanmaq hüququnu əlindən almır.

Deməli, ittiham elan edilən adamın təqsirli olduğuna inandığını deyə bilməzsən, amma vəhşicəsinə öldürülən, cinayətdən zərərçəkmiş statusunda olan bir uşağa sənədsiz-sübutsuz "hamilə idi” demək hüququn var. Ailəsinə "uşağını satıb” böhtanı atmaq olar. Mən belə ədalət anlayışını qəbul edə bilmərəm, kimə xoşdu etsin. 

Hər halda çox adam bu böhtanlara etiraz etmədisə, deməli, onun üçün işin məğzi önəmli deyil, tamaşa axtarır, ya da ömrü boyu ədalətsizliklərə susmasının günahını yumaq üçün macal tapıb xora qoşularaq vicdanını sığallayır.
 
Üçüncü versiya da var: Nə olur olsun hakimiyyəti haqsız göstərməyə çalışmaq. Dövlətin hüquq mühafizə və məhkəmə hüquq sisteminə olan ictimai inamsızlığı bir uşağın öldürülməsi üzərindən öz xeyrinə yönəldib, təqsirləndirilən şəxsi şərlənmiş adam kimi təqdim etmək; Əks arqumentə ehtimal qoymadan, "bəlkə günahkardı” yeri saxlamadan, "10 yaşlı qızın qanını batıra bilərəm” düşünmədən hadisəni siyasiləşdirmək. Bu əməlin adını isə burda yazmıram, ayıbdı.

Başqa cinayət tərkibli ehtimallar da var: Məsələn, rüşvət qarşılığında yalan informasiya ötürmək, hayp yaymaq… 

Yazıçı Rey Bredberinin "Kütlə” adlı hekayəsi var. Adam avtoqəzaya düşüb huşunu itirir, gözünü açanda nəfəsinin üstündə çoxlu baş görür, onların üz ifadələrindən möhkəm sarsılır. Sağalıb xəstəxanadan çıxandan sonra qarşısına başqa bir yol qəzası çıxır, baxır ki, yenə eyni vəziyyətdi, yaralanan adamın ətrafına toplaşıb maraqla izləyən xeyli adam var. Əsəbləşib gedib müstəntiqə şikayət etmək qərarına gəlir. Beynində deyəcəyi cümlələri qurur: "İnsan faciəsini tamaşa kimi izləyən kütlə təhlükəlidi, onlarla bağlı tədbir görün”.

Neçə vaxtdı spekulyativ fantastika filminə baxıram sanki, adamın bütün bunların real hadisələr olduğuna inanmağı gəlmir. 

Təqsirləndirilən şəxsin müdafiəçiləri hər dəfə yeni hallar aşkarlayır, ailəsi ortaya yeni mövzu atır. 

İlkinlə eyni kamerada yatan məhbusun dindirilməsi barədə vəsatət qaldırırlar. Həmin adam məhkəmədə fakt kimi özünə də yox, başqa bir məhbusa İlkinin dediklərini danışır: "İlkin Rəvana deyib ki, Nərmin sağdı, onu Gürcüstana aparıblar”. Və üstəlik həmin məhbus məhkəməyə yol göstərir: "Cənab prokuror, əmin olun ki, İlkin günahsızdı”. 

Bunu da ölkə mətbuatı başlığa çıxarır, dəlil kimi tirajlayır. 

Daha sonra İlkinin bacısı oğlunu şahid kimi gətirirlər, o da həmin vaxt uşağın saxlanıldığı deyilən otaqda toya getmək üçün əyin dəyişdiyini, orada uşaq olmadığını bildirir. Mətbuat bunu da mötəbər dəlil kimi yayır. 

Nə qəribə məntiqdirsə, Bakıdan kəndə toya gedən bacıoğlu ailənin yaşadığı evdə yox, heç kimin yaşamadığı kənar evin qışda bumbuz olan ikinci mərtəbəsində əyin dəyişib. 

Başqa bir "əsaslı dəlil”; Süleymanovlar, onların vəkilləri və süleymanovlara vəkillik edən jurnalistlər belə bir iddia səsləndirirlər: İlkin saxlanılandan sonra qardaşı bazardan ona isti alt geyimi alıb aparıb və ekspertiza həmin o təzə paltardan lif çıxdığını yazıb. Əslində isə ekspertiza rəyində İlkinin evindən və üstündən götürülən bir neçə geyimdə uşağın paltarlarının lifi aşkarlandığı yazılıb; o cümlədən İlkinin geyinilmiş alt şalvarında (finka tipli).
 
Bilməyənlər üçün deyim: lif geyimin hər hansısa xırda parça tozu, sapı, tiftiyi, hissəciyi və s. sayılır. Adi gözlə görünməsə də materiallar toxunanda onlardan bir-birinə lif keçir. Bunu yalnız ekspertiza müəyyən edə bilir. Polislər İlkinin özünün, ailəsinin, hətta qonşuların, uşağın ailəsinin, qohumlarının paltarlarını yığıb aparıblar araşdırmaya. Onların təzə alt paltarları nələrinə lazımdı?

Rəydə lifin təzə paltardan deyil, geyinilmiş finkadan çıxdığı yazılıb. Hadisələri qabaqlayıb təhrif etməyə çalışırlar. 

Məhkəmədə İlkingilin qonşusu şahid kimi dindirilir. Deyir ki, Nərmin tapılandan iki gün əvvəl əmisi bizə gəldi, uşağın hər hansısa əşyasının həyətimizə atıla biləcəyini dedi. Əmi isə belə olmadığını, uşaq itən vaxtlarda ümumiyyətlə evlərə gedib nəsə görsələr xəbər etmələrini xahiş etdiyini bildirir. Qonşunun dediyi mətbuata çıxır,  əminin təkzibi isə yox. Ümumiyyətlə İlkinin əleyhinə olan heç nə bugünəcən işıqlandırılmayıb və ya təhriflə yazılıb. 

Mətbuat niyə belə edir sualı yaranır. 

Mətbuat dediyimiz bir-neçə internet kanalı və saytdı. Onlar nə yazıb hazırlayırsa, digərləri də götürüb yayır. Qeyd edim ki, bütün məhkəmə proseslərində iştirak etmək üçün maddi resurs lazımdı. Bir illik hər həftə, bəzən həftədə bir neçə dəfə Gəncəyə gedib gəlmək, orda qalmaq, yemək və xırda-para xərclər qarşılanmadan davamlı iştirak etmək mümkünsüzdü. Şəxsən mənim buna gücüm çatmadığı üçün iki dəfə gedə bilmişəm. Amma planımda var. 

Ölkənin məhkəmə sistemində ciddi qüsurların olduğunu yüz dəfə demişəm. KİV-də və hakimlər barədə olan cinayət işlərində öz əksini tapan korrupsiya halları var. Hüquq mühafizə orqanlarına inamsızlıq da mövzuya şübhə ilə yanaşmağa haqq verir. 

Amma! Bir ciddi nüansı görmək gərək: Uşağı Tovuz polisimi tapıb? Şübhəli bilinən və daha sonra təqsirləndirilən şəxs kimi cəlb edilən adamı prokurorluqmu aşkar edib? 
 
Yox.
 
İlkin Süleymanov birinci ifadəsində uşağı övladlığa götürmək üçün oğurladığını, məsələ çox şişdiyinə görə buraxa bilmədiyini, məcbur qalıb öldürərək uyğun məqam tapıb həmin dərəyə atıb yandırdığını deyib.  
 
Bir insanı saxladığın yerdə nə qədər gizlədə bilərsən ki? Uşaq küçəyə atılıb yandırılandan sonra isə polis çağırılıb. 
 
Onu 6-sı gözaltına alıblar. Bu, sənədləşmədiyi üçün işə kölgə salır. Ancaq fakt odur ki, cinayəti özü etiraf edib. 

Burada siz prokurorluğun, polisin İlkinlə bağlı xüsusi planını harada görürsüz?

İlkinin istintaqdakı etirafına görə, təxminən 45 gün uşaq sağ olub, sonra aclıqdan, soyuqdan, pis şəraitdən hərəkətsiz qaldığını gördükdə, öldüyünə əmin olmaq üçün başından daşla vurub. Peşəkar axtarışla uşağı sağ tapmaq bəlkə də mümkün idi. 

Ortaya atılan daha bir ciddi iddia: Prezident nəzarətindən sonra uşaq tapılıb, cinayəti tələsik İlkinin boynuna qoyublar. 

Əslində isə uşaq "tap” deyə prezident nəzarətindən sonra ortaya çıxmayıb. Uşaq düz 47 gün tapılmayıb. Prezident isə artıq İlkin gözaltına alınandan sonra ayın 9-u hadisəni nəzarətə götürüb, yanvarın 10-u da şübhəlinin hadisə yerində etiraf videosu çəkilib. Harda nə baş verdiyini özü göstərərək danışıb. Sonradan işgəncə altında etiraf etmişəm desə də, ortaya yenə ciddi sual çıxıb. Məhkəmə istintaqında hakim soruşur: Səndən belə de, elə de tələb etdilər? Cavab verir ki, yox. Hazır mətn verdilər? Yox. 

Axı doğrudan da olduqca ciddi sualdı. Necə düzüb-qoşmusan bu boyda hadisəni? "Əvvəldən dəhşətli işgəncə gördüyüm üçün ifadə verəndə özümdən inandırıcı ssenari qurdum” deyir. Bəs necə quraşdırdın ardıcıllığı? Yönləndirici suallar verirdilər, ona əsasən qurdum deyir. 

Adama nə yönləndirici sual vermək olar ki, bunları danışsın? Gördüm Şərifin qızı gəlir, dedim gedək məşğələ otağında sənə kitab verim. (O məşğələ otağı ki, kəndin uşaqları hamısı tanıyır, İlkinin bacısı orada
dərs keçir uşaqlara. Bir uşağın ora aldanıb getməsindən təbii nə olar?). Ondan sonra dedim qalxaq ikinci mərtəbəyə orda da kitablar var. Həmin evdə heç kim yaşamır, dəmir yataqlar olan boş otaq var. Orda da dedim burda mənimlə qal. Uşaq etiraz 
edəndə üzümü sərtləşdirdim, meyvə qurudulan yan otaqdan kəndir gətirib əllərini dəmir kravata, ayaqlarını bir-birinə, ağzını da parçayla bağladım. 

 
Bir kişi hansı təzyiq altında 10 yaşlı qıza bunları etdiyini uydurar? Ağlıma yerləşmir, uydurarmı gerçəkdən?! 

Müdafiəçiləri isə iddia edirlər ki, o uşaq deyil, baxın, ölçüsü böyükdü. Bilmirəm, gülüm, ya ağlayım. Əvvəl deyilirdi uşağı polis rəisi oğurlayıb başqa yerdə yandırıb gətirib ora atıb təkrar yandırıblar. Arada versiya atıldı ki,  orqan mafiyası oğurlamışdı. Ekspertiza orqanlarının yerində olduğunu deyəndən sonra mövzunu dəyişdilər. İndi də xəbər tirajlanır ki, uşaq sağdı. Gürcüstana aparıblar. Kim aparıb, necə aparıb, niyə aparıb? Orqan mafiyası aparıbsa orqanları çıxarılan uşaq necə sağ qalıb? Bir ara da ilik köçürülməsi üçün satmışdılar, əməliyyat vaxtı ölmüşdü. Azərbaycanda heç ilik köçürmə yoxdu. Heç bir klinika da yaxın qohum deyilsə, yaşı 18-ə çatmayan adamı donor kimi qəbul etmir. Qaçırılmış uşağı, düşür düşmür yoxlamadan donor kimi hansı klinika qəbul edər? Ən dəhşətlisi isə uşağa "hamilə olub” damğası vurmalarıdı. Bunu nəyə necə bağlamaq istəyirdilər onu da anlamadıq. 

Ata deyir uşağımı görmüşəm, iki dəfə DNK analizi vermişik, ekspertiza zamanı yanında olmuşam. Deyir şəxsiyyət vəsiqəsinə qan qrupunu əvvəldən səhv yazıblar (belə hal çoxdu bölgələrdə və heç bir xəstəxana məsuliyyət daşımır nədənsə), uşağımın meyiti tapılanda gedib analiz verdim eyni qan qrupu çıxdı.

Dindirilmiş şahidlərin iki il əvvəlki çıxışları var. Uşaq meyiti idi, üzü yanmamışdı deyiblər. İndi əksini danışırlar, hamısı da İlkinin qohumlarıdı.
 
Ailənin üzünə durublar ki, o sizin uşaq deyil.  Lap o "sizinçün ölüb bizimçün ölməyib” məsələsinə oxşadı. Tragikomediyadı.

Hamıya isə sualım var: İlkinin günahsız olduğunu hansı sübuta əsasən bildiz? Ciddi dəliliniz varmı? Ailəsi kompüterdə şəkil böyüdüb deyə günahsızdı? Xəstəxana qanı yoxlamadan uşağa ağzına gələn qan qrupu yazıb deyə günahsızdı? 

Özgə vaxtı namusdan danışan mentalitet də durub baxır, demir ki, yekə kişisiz, ayıbdı, uşaq haqqında nə gəldi danışmayın. Nə bir rəsmi qurum şikayət verir, nə uşaq hüquqlarını guya qoruyan təşkilatlar dillənir. Bütün bu sübutsuz dilə gətirilən hallara görə  normal hüquq sistemi olan ölkədə adamı məsuliyyətə cəlb edərlər, bunlar ağızlarını allah yoluna qoyub nə gəldi danışır. Nə bu dəlilləri araşdıran var, nə əsassız olduğunu sübut edərək tənbeh verən.

Məhkəmənin uzanma səbəbi nədir? 

Səbəb İlkinin 3 vəkilinin vəsatətlər verərək hər dəfə bir neçə şahidin dindirilməsinin təmin olunmasını məhkəmədən xahiş etməsidi. Uşağın ailəsi şahid kimi dindirilir, əsəbləşirlər, avam, oxumamış ailədi, bu boyda dərdi var, proseslərin içində başını itirib. Normal deyilmi? İlkinə isə vəkilləri təkrar- təkrar eyni sualları verir. Beləcə proses uzanır. Məhkəmə hələ də istintaqın əsas faktlarına keçə bilmir, bu isə mövqelərinə ictimai dəstək üçün vaxt qazanmağa yetir. Məhkəmə qanundan irəli gələn hər cür imkan verib. Açıq keçirilir, təəssüf ki, hamı olduğu kimi təqdim etmir. 

Haracan qaçmaq olar? Həqiqətlər çıxacaq ortaya əvvəl-axır, onda hansı cavablar veriləcək - doğrudan bilmək istəyirəm. 
 
Bir ildi o ata qalıb məhkəmə yollarında. Onun getməmək hüququ var, deyər ki, təqsirləndirilən şəxs var, hakim, dövlət ittihamçısı var, mən niyə gəlməliyəm? Adam müalicə almaq üçün xəstəxanada yatmalıdı, məhkəmələrə görə yata bilmir. Balasına görə gedir, hər dəfə o ailə ilə üz-üzə gəlir, hər dəfə o adamı görür, eyni cəhənnəmdən neçə ildi keçir. O boyda faciə yaşa, üstəlik, təhqir olun, öldürülmüş balana hələ sübut edilməyən sözlər deyilsin, qızını satmısan şəri atılsın, ictimai basqı gör, azmış kimi hələ faciən üzərində kimlərsə avantüra, cürbəcür planlar qursun. Təqsirli bilinən adam az qala siyasi məhbus hesab olunsun. Bu yaşananların adı nədi, siz deyin? Biz harada yaşayırıq? Bu cəmiyyətin diaqnozu nədi?

Məsul dövlət qurumlarının laqeydliyi də bir ayrı dərddi. Tovuz Rayon İcra Hakimiyyəti bircə dəfə ailə ilə maraqlanıbsa nə tədbir görüb? Ailə Komitəsi maraqlanıbsa nə edib?  Sosial Müdafiə maraqlanıbsa hansı yardım olunub? Deputatlarının bu halla bağlı təklifləri varmı? 

Ölkəmizdə bir ailə misli görünməmiş faciə yaşayıb, işsizdilər, neçə aydı o ata məşğulluq idarəsinə ayaq döyür, ona bir iş vermək pismi olardı? Müharibə veteranıdı, astma xəstəsidi, böyük qızının gözləri getdikcə zəifləyir, kömək etmək gərək deyil? Bu ata-ana kamera önündə zülm-zülm ağlamalıdı ki, biz dəhşətin masştabını anlayaq? 
 
Ana bir kəlmə ağzını açıb dedi ki, bizi buradan köçürün, hərə bir tərəfdən hücum çəkdi. Sual verirəm: siz o vəziyyətdə, o dəhşətin içində daha iki qızınızla qala bilərdiz? Normalı da onların o kənddən çıxması deyildimi? Bəlkə də dövlət onları çıxarardı kənddən, hamılıqla yığışıb mane olduz. 

Şəxsən mən onların bəlkə də olduqları durumu çox dərindən analiz edə bilməmələrinə sevinirəm. Dözülməzdi. Bu ölkə katarsisdən keçməlidi, beyinlər təmizlənməlidi. Bilmirsən daş ürəkləri izləmək daha dəhşətlidi, yoxsa boş kəllələri… 

 

Aysel Əlizadə 

Qadinkimi.com üçün