HEKAYƏ
Bir aya yaxın hər gün bu evə gəlsə də, darvazanın böyüklüyünə, əslində isə nəhəngliyinə gözü alışa bilmir, daha doğrusu, qəbul edə bilmirdi. Nağıllardakı üstündən quş səkə bilməyən, şah qapılarına bənzəyən bu nataraz dəmir topası sanki, insan övladı üçün deyil də, nəsli kəsilmiş vəhşi məxluqlar üçün quraşdırılmışdı. Görəsən, bu qapıdan girəndə evin sakinləri bir dəfə də olsun utanmışdılarmı? Allah bilir, bu tayları torpağa pərçimləyən fəhlələr evin xozeyninin ölülərini məzarda neçə dəfə o tərəf-bu tərəfə döndərmişdilər.
Yaxınlaşdıqca darvazanın üzərindəki lövhəciklər də bu qaşqabaqlı qonağın istehzalı baxışları altında "utanıb-qızarır, xəcalətdən birtəhər olurdular”. Onların nə günahı vardı ki zövqsüz, kütbeyin sakinlər ucbatından düşük ornamentlərə çevrilib, qınaq obyekti olmuşdular. Plov bişirəndə yağı əndərdikləri kimi qapının üstündə də and içməyə barmaq boyda boş yer qoymamışdılar.
Zəng, videogörüntü, şaqqıltıyla açılan alaqapı, itin hürməsi... Hər gün, hər şey təkrar olunurdu. Dünyanın işinə bax ki, bu həyətdəki dilsiz-ağızsız, məsum heyvan belə düşük təsir bağışlayırdı. Zingiltisi də düşük idi. Aldığı məvacibə görə canını dişinə tutmağa məcbur olması, onu üzən hər şeyə dözməyə, susmağa vadar edirdi. Üzündəki iztehzanı və yorğunluğu tədricən əritməyə, yerinə işgüzar səmimiyyət verməyə hər dəfə bir dəqiqə qədər vaxtı sərf edirdi. Evin xanımı ilə salamlaşanda nə qədər cəhd etsə də gözlərindəki heyrəti tamamən yox edə bilmirdi. Karlson kimi şişmiş bu qadının mənasız siması, küt gözləri bütün müsbət enerjisini dartıb canından çıxarırdı. Həyatı yeməkdən, tv - ləri izləməkdən, ildə bir-iki dəfə dəfə şou proqramlara, yas və toy mərasimlərinə getməkdən ibarət olan bu xanım onda elə bir ikrah hissi oyadırdı ki, canına vicvicə düşürdü. Hər gün ona təklif olunan rahat, yumşaq başmaqlar belə onu əzir, ruhunu incidirdi. Bu ev əsəb klinikasına bənzəyirdi. Ağıllı adamın qaçıb canını qurtarmaq üçün gözlərinin pəncərəsində pərçimləndiyi ruhi dispanserə...
Karlsonlar ailəsinin sonbeşiyi, giclikdə digər ailə üzvlərinə çöp də, çərdək də verən, köklükdən nəfəsi kürəyindən çıxan bərələgöz uşaq zırıldayaraq təşrif buyurdu.
-Salam, - səsindəki saxta yumşaqlıqdan özünün belə qanı dondu, yaxşı ki ev sahibləri bir şey başa düşmədilər, - Necəsən ? - deyə şagirdinə müraciət etdi.
-Yaxşıyam - anasının him-cimindən, yüngülcə dürtmələməsindən sonra, - Salam dedi.
-Müəlliməsi, yuxudan bir az kal oyanıb, indi hər şey qaydasına düşəcək- anası toparladı. -Siz bir stəkan çay için, indi balamız dərsini bülbül kimi ötəcək.
Ev xidmətçisi sinidə dəm-dəstgahla çay gətirdi. Başıyla salamlaşıb, tezcə də uzaqlaşdı. Bu evdə ən qiymətli şey nəhəng zalda, lap başda, küncdə qoyulmuş kitab şkafı idi. Ədəbiyyat nümunələrinə söz ola bilməzdi. Mətbəədən çıxmasına peşman olan dərgilər elə həmin gün bu şkafa həbs olunurdu. Rus, ingilis, türk, fransız dillərində olan və müxtəlif sahələri əhatə edən bu kitabları oxuyan olmasa da, aksessuar kimi evə yaraşıq verirdi. Müəllimlərin bu evə gəlib-getməkdən nalı-mıxı tökülsə də, heç bir şey hasil olmurdu: Qoyun şüurlu, quş beyinli ailə bir türlü təhsilə inteqrasiya ola bilmirdi.
"Pis şagird yoxdur, pis müəllim var" fikrinin müəllifini əlimə versəydilər, qanını içməzdim, yoox, gətirib bu uşağın müəllimi edərdim - fikirləşirdi hər dəfə. Beyin yerində sanki peyin yığılmışdı bu ailənin sakinlərində. Qoz divara dəyib qayıdan kimi söz də başa toxunub, şüşə kimi çilik-çilik olub yerə tökülürdü. Heç bir damcı da içəri keçmək fikri yox idi. Kitablar, audio və video dərs vəsaitləri, oyunlar hamısı boşuna idi. Uşaq nənəsindən öyrəndiyi söyüşləri, bir də baxdığı cizgi film qəhrəmanlarından başqa bir şeyi özünə yaxın qoymurdu. Son dərəcə bahalı, Avropadan gətizdirilən kitabları yazan, səhifələrini cırıqlayan uşağı uf demədən boğmaq istəyirdi. Övladlarına kitab almaq üçün günlərlə gözləri vitrində qalar, qəpiklərini hesablayardı. Bu qudurğan ailədə isə belə bahalı ləvazimatlar korlanıb, xarab olurdu...
Hiss etdirmədən hərdən divardakı büllür saata nəzər yetirir, dərs vaxtının bitməsini səbirsizliklə gözləyirdi. Bu zaman qapının zənginin düşük səsi eşidildi. Böyük qardaşın ( əslində qardaşının oğlu idi, sahib oğulluğa götürmüşdü ) musiqi müəlliməsi dərsə gəlmişdi. Özündən öncə ətri "təşrif buyuran” musiqi müəlliməsi son dərəcə gözəl və baxımlı olsa da, onda pedaqogikanın "p" hərfindən əsər-əlamət yox idi. Qarşısındakının xoşuna gəlmək üçün özünə əl qatması açıqca hiss olunurdu. Ev sahibəsinin geyimini ağızdolusu tərifləyəndən sonra ( çox gicgicə bir paltar idi və belə geyim tərzi olan bir xanımın bu paltara yaxşı deməsi yaltaqlıqdan başqa bir şey deyildi ) çay içməyə məşğul oldu.
İbtidai müəlliməsi dərsi yekunlaşdıraraq ayağa qalxdı. Səsindəki yadlığı boğmaq üçün əməlli-başlı səy göstərib dedi:
-Sabahkı dərsimizə ciddi hazırlaş. Belə olmaz, bölməni bitirmək üzrəyik, amma sən çox geridəsən.
Əslində isə " Taxta başında heç nə yoxdur " demək keçirdi könlündən. Amma çətinliklə də olsa sözlərini udmalı oldu.
Sonbeşik müəllimənin getməsindən döğan sevinclə:
-"Yaxşı müəllim, öyrənəcəm"i elə dedi ki, sanki "Çıx rədd ol, canım qurtarsın" deyirdi.
Bu vaxt karlson ana otağa daxil olub övladına ürkək və sevgi dolu baxışlarla baxaraq soruşdu:
-Necədir, müəlliməsi, heç irəliləyiş var?
Qadının saf baxışlarındakı ümid, qorxaqlıq birdən onun qəlbini elə sıxdı ki, anaya lap yazığı gəldi. Ürəyi elə sızıldadı ki, az qaldı ağlasın. Və dünyanın bütün problemlərindən xəbərsiz olan bu varlığa elə acıdı ki, onu bağrına basıb bərk-bərk qucaqlamaq istədi. Qoyun gözlərindən fərqlənməyən bu gözlərin sahibəsinə olan ikrahın yerini nisgil və acıma tutdu. Ona görə də:
-Bu gün bir az aktivlik hiss olundu - yalandan dedi.
Ana uşağın başını sığallayaraq, ona iftixarla baxdı. Müəllimənin getməyə hazırlaşdığını görüb canıyananlıqla dilləndi:
-Getməyin, qalın, bu gün yoldaşımın ad günüdür.
-Yox, tələsirəm, uşaqlar evdə təkdir. Getməliyəm.
-Çox xahiş edirəm, qalın, o biri müəllimlər də qalacaq.
-Təşəkkür edirəm. Təbrik edirəm həyat yoldaşınızı. Xoşbəxt olun. Amma getmək məcburiyyətindəyəm.
-Müəllim, şofer gedib uşaqlarınızı gətirsin. Siz getsəniz yoldaşımın mənə acığı tutacaq. Səhər gedəndə tapşırıb ki, hamınızı saxlayım.
Qadının səsindəki yazıqlığa ürəyi yandı. Haqqındakı düşüncələrinə görə isə qəlbində özünü xeyli danladı. Uşaq kimi təmiz, qayğısız gözlərinə baxıb çətinliklə də olsa razılaşdı:
-Yaxşı.
Ev sahibəsi çətin "qoz"u sındıra bildiyi üçün sevinərək mətbəxə, aşpazın işinə nəzarət etməyə getdi.
O, böyük qızına ismarış yazaraq ləngiyəcəyini bildirdi.
Bu vaxt musiqi müəlliməsinin telefonu zəng çaldı. Xanımın endirimli alış-veriş xəbərindən gözləri parladı. O isə darıxmamaq üçün kitab rəfinə yaxınlaşıb kiminsə otağa daxil olmasını gözlədi. Boşalmış stəkanları aparmağa gələn xidmətçiyə:
- Kitablara baxmaq olarmı? - deyə səsləndi.
Xidmətçi qadın onun nimdaş üst-başına yarıkinayəli bir nəzər salaraq, bir qədər quru səslə:
-Baxa bilərsiniz - dedi.
***
Divar saatı 6 - nı göstərirdi. Başını qatmaq üçün rəfdən Peter Jamesin " Ölüm qədər sadə " romanını götürüb vərəqləməyə başladı. Əsər haqqında qızı o qədər ağızdolsu danışmışdı ki, oxumuşkən olmuşdu.
Bu vaxt sonbeşik bağıra-bağıra otağa daxil oldu. Baxışları toqquşdu. Müəllimənin getməyib onlarda qaldığını görən uşaq narazılığını gizlətməyən baxışlarla onu süzdü. O isə çiyinlərini çəkərək " Belə alındı " anlamına gələn cavab reaksiya bildirdi. Şagirdi onun gözlərindəki təbəssümü görüb bir az duruxdu, sonra o da eyni səmimi təbəssümlə cavab verib, yenə də rəndələnməmiş səsiylə vəhşi çığrıqlar ataraq mətbəxə götürüldü. Müəllimə uşaqlarını fikirləşərək sıxılırdı. Həmişə dəqiq vaxtda evinə çatmasına alışan balaları indi onu gözləyəcək və nigaran qalacaqdılar.
Bir azdan ailənin ikinci övladının - qızın ingilis dili müəlliməsi özünü evə saldı. Gecikməməsi üçün tez-tez gəldiyi tövşüməyindən məlum olurdu. Evin xanımını hər iki yanağından yüngülcə öpən dil müəlliməsi digər müəllimlərə xəfif salam verdi. O biri uşaqlara baxanda dəftər-kitabla " güləşməyən " qız bir az fərqli idi. Çəkidə ailə ənənəsinə sadiqliyi davam etdirən uşağın əndamına zidd olan səsi gülməli idi. Salamı belə elə verirdi ki, elə bil bir həftədir acdır. İl yarımlıq məşğələdən sonra bir az ingiliscə öyrənə bilmişdi. Primitiv cümlələr qura bilirdi. Atası onu Avropanın ən adlı-sanlı universitetində oxutmaq fikrindəydi.
Ancaq deyəsən bu gün bu evdə dərs olmayacaqdı. Hamı səbəbkarın təşrif buyurmasını səbirsizliklə gözləyirdi. Qeyri-adi təamlar, şirniyyatlar elə bir ucdan daşınıb qonşu otaqdakı nəhəng stola qalaqlanırdı. Bu, ailənin özəl məclisi idi hələ. Sabah dost və qohumların iştirakı ilə daha möhtəşəm banket planlaşdırılmışdı. Gic-gicə qapı zəngi bir dəfə də onun qulağını yağır etdi və nəhayət karlsonlar ailəsinin başçısı özünü evə çatdırdı. Ev sahibəsinin gözlərində həyat yoldaşı sanki Allah idi. Yüz il də bu qadına desəydilər ki, ərin düşüklükdə sizi kölgədə qoyar (ancaq ki adamın allahı var, oxuyub az-çox savad qazanmışdı) bəlkə də qadının bu reallıqdan başına hava gələrdi. Evini məbəd, ərini Budda zənn edən bu xanım nadirən xoşbəxtliyə ulaşmış qadınlardan idi.
Xidmətçi ev sahibinin və sürücünün gətirdiyi bazarlıq torbalarını sürüyərək mətbəxə daşıdı. Kişi o qədər şey-şüy almışdı ki, elə bil uşaq evinə sovqat aparacaqdı.
Ev sahibi hamıyla mehribanlıqla salamlaşıb, hal-əhval tutdu. O qədər səmimi, sadə idi ki, deyərdin ki sanki bu evdə çalışan xidmətçilərdəndir. Amma niyəsə bu sadəlik də onda iyrənclik doğururdu. Qəlbinin dərinliyində " Yəqin mənim başım xarab olub, hər şeyə qulp qoyuram " - deyə fikirləşdisə də, şübhələrini qova bilmədi. Bu kişidə nəsə vardı, amma nə? " Ehh rədd olsunlar hamısı, bircə bu il yarım da gəlib keçəydi, canım bunlardan qurtaraydı "- fikirləşib köks ötürdü.
Fikirdən ayrılanda özünü hamı ilə birgə nəhəng masanın arxasında əyləşən gördü.
Uşaqlarının evdə ac olması fikrini neyləsə də özündən uzaqlaşdıra bilmədiyindən tikə boğazında ilişib qalır, ona həm cismən, həm də mənən əzab verirdi.
Evin sahibi bu özəl gününü evində çalışanlarla bir masa arxasında keçirəcək qədər sadə idi. Hamıya canyananlıqla diqqət yetirən sahib lap İsa peyğəmbər görəvindəydi. Hərşeyşünas olan kişi müqəddəs rolunu məharətlə oynayırdı. Piano müəlliməsi ilə musiqidən, ingilis dili müəlliməsi ilə Londondan, oğlu ilə sosiologiyadan (başına bir şey girməsə də), sonbeşiklə orfoqrafiyadan danışan kişi bircə onun alanına daxil ola bilmədiyindən lap darıxırdı.
Ailə üzvləri anlamasa da leksikonunda didaktika, lakoniklik, prizma, aspekt kimi sözlərdən dəxilsizcəsinə istifadə edərək səviyyəsini gözə dürtməkdən kələyi kəsilmişdi. Bircə saçları vaxtsız ağarmış, gözlərinin altı torbalanmış, nə vaxtsa gözəl olduğu az da olsa sezilən bu ibtidai müəlliməsinin rəğbətini qazana bilmirdi ki, bilmirdi. Acından günorta duran, cındırından cin ürkən bu qadını bu qədər qürurlu edən nə idi axı? Bu boyda malın, mülkün sahibi özünü lap paj yerinə qoymuşdu onun qarşısında. Danışır, gülür, zarafatlar edir, qonağın özünü asudə hiss etməsi üçün əlindən gələni edirdi. Bu idbarınsa heç eyninə də deyildi.
O, uşağın bəlkə də beşinci müəlliməsi idi. "Dub"a təhsil vermək, nəsə öyrətmək mümkün olmadığından ailə bu ciddi, əslində qaşqabaqlı ifritəyə dözmək məcburiyyətində qalmışdı. Çünki, sonbeşik nə öyrənmişdisə, bu iki ayda öyrənmişdi. Ona görə də bu sevimsiz, ( əslində isə onları tərifləməyən ), baxımsız müəlliməyə dözürdülər. O, bütün bunlardan xəbərsiz olsa da, nələrisə hiss edirdi. Digərləriylə daban-daban zidd xasiyyətdə olduğu halda hörmətdə qüsur görməməsi, əksinə bir az da artıq ehtiramla ağırlanması ona bir şeylər " pıçıldayırdı ". Amma bunun nə olduğunu nəinki qurcalamaq fikrindən uzaq idi, bu, heç onun eyninə də deyildi. Hər ayın sonu aldığı məvacibə ehtiyacı vardı - hava kimi, su kimi...
Bütün təriflər səbəbkara ünvanlasa da, o, elə hey başını bulayır, tərifi sevmədiyini, lap belə zəhləsi getdiyini təkrarlamaqdan yorulmurdu. Xalqın dərdini çəkməkdən ürəyi qubar bağladığını, işğalda qalan torpaqları tez-tez yuxusunda gördüyünü, qismət olarsa, düşməni və vətən xainlərini məhv edəcəyini söyləyir, hərdən nəmlənmiş gözlərini silirdi.
Balacanın müəlliməsi bu düşük kişiyə " Allahını sevirsənsə, dayan. Ətimizi ökmə " demək istəyirdi. Zalımın oğlu doğum günüylə matəm tədbirini dəyişik salmışdı. Evin xanımı " Musiqi müəlliməsinin bizə sürprizi var "- dedi. Müəllimə nazlanaraq ayağa qalxdı və " Valsın kralı Şopen " dən bir nümunə ifa edəcəyini bildirdi. Masa ətrafındakılar onu yüngülcə alqışladılar. Royalın qarşısında əyləşən xanım şirmayi dillərə toxundu, xoş musiqi salona yayıldı. Ailə üzvlərinin genefonduna işləmiş bayağı musiqi zövqü onlara bu gözəllikdən həzz almağa imkan verməsə də, ifa bitəndə onu ləyaqətlə alqışladılar. Müəllimə yerinə çatıb əyləşməmişdi ki, səbəbkar Şopeni tərifləməyə, onun haqqında çəkilən filmdən hansısa epizodu qırıldatmağa başladı. Yenə də baxışlar ona yönəldi. Ən maraqlı baxış isə onun xanımına aid idi. Hərşeyşünas ərinə qibtə və iftixarla baxan xanım lap göyün yeddinci qatındaydı. Ordan tanrıya daha yaxın olduğu üçün belə bir ərlə mükafatlandırılmanı bəxşiş hesab edib, tezcə təşəkkür edirdi.
İngilis dili müəlliməsi isə Bakıdakı urbanizasiyanı Avropa, ələlxüsus da Londonla müqayisə edir, Azərbaycandakı təmərküzləşməni pisləyirdi. Kapitalizmin əhali arasında yaratdığı sosial bərabərsizlikdən narazı qaldığını söyləyirdi.
- Bakıda varlı-kasıb dərhal gözə çarpır. Sovet vaxtı heç belə deyildi.
Kişini də Allah elə bil qapaq yaratmışdı. Mütləq surətdə möhür-cavab qoymalıydı ortaya. Guya bir adam hər şeyi bilmək məcburiyyətindəydi. Tez-tələsik fikrini bildirməyə, əncumunu ortaya qoymağa başladı. Cümlənin sonuna yaxın səsi tükənir, kallaşır, tezcə də boğazını arıtlayıb bitib-tükənməyən çıxışını davam etdirməyə başlayırdı. Ətrafındakıların onu demək olar ki, dinləmədiklərini isə deyəsən dərk etmirdi. Sadəcə gözlər ona dikilirdi, fikirlər isə başqa yerdə idi. Sahib hərdən gözlərini dolandırıb qaradinməz müəlliməyə baxır, bir qədər ürkək təbəssümlə ona xitab etdiyini nəzərə çarpdırırdı. Müəllimə də etika xətrinə süni təbəssümlə cavab verirdi...
Telefonuna ismarış gəldi. Qızından idi, həyəcanla oxumağa başladı. "Ana, ilk sınaq imtahanından 655 bal topladığım üçün tədris haqqından azad edildim. Və bütün dərs vəsaitlərini də pulsuz verdilər".
Sinəsinin sol tərəfində böyük, ağrıdan azad olmuş bir boşluq əmələ gəldi. Və son illərdə ilk dəfə rahat nəfəs aldığının fərqinə vardı. Gülümsədi, xəyalında səhər bir dəstə qızılgüllə həyat yoldaşının məzarına gedərək " Övladlarımız adına layiq böyüyürlər, gözün arxada qalmasın " deməsini canlandırdı. Özündən asılı olmayaraq ayağa qalxdı, üzünü musiqi müəlliməsinə tutaraq " Valsın kralı Ştraus hesab olunur” – dedi. İngilis dili müəlliməsinə yönələrək isə
- Təmərküzləşmənin mayası Böyük Britaniyadır. London isə Nuh əyyamından iki yerə bölünüb. Kasıblar Şərqdə, varlılar Qərbdə yaşayır – dedi.
Hamının çaşqın, heyrətli baxışları altında sağollaşaraq, "Mən sabahdan gəlməyəcəyəm" – dedi, üzrlü sayın. Və fərəh hissiylə oranı tərk etdi.
Kəmalə Səlim Müslümqızı