SEVGİ, QADIN / KİŞİ
Nə onun qanadı vardı, nə də ərinin buynuzu Tarix : 10 Fevral 2021, 16:10
(pritça)
Onun uçmağa qanadı... vardı. Bəli, bəli, onun gözəl qanadları, o qanadlarınsa al-əlvan lələkləri vardı. O, vurulduğu ilk günlər bu par-par yanan qanadlarla göyün yeddinci qatında uçurdu. Əvvəlcə valideynləri bu izdivaca razı deyildi. Sonra hər şey öz məcrasına düşdü. Razılıq əldə olundu. Sevgililər ailə qurdular.
Çox keçməmiş onun uçduğu göylərdə qara buludlar çaxnaşmağa başladı. Oğlan onun qanadlarındakı lələkləri yavaş-yavaş yolmağa başladı. Bir müddət sonra lələkləri yolunmuş qanadlar payız çiçəkləri kimi öləziyib solmağa başladı. Nəhayət, qanadlar tamamilə yoxa çıxdı.
 
 
 
Image result for buynuz 
 
 

Valideynləri ondan üz döndərmişdilər...
O, günlərin bir günü gördü ki, sevdiyinin, yox, daha sevmədinin, əksinə, nifrət etdiyinin alnından iki buynuz çıxıb. Bu, əsl buğa və yaxud öküz buynuzları idi. Təəccüblü burası idi ki, buynizlar get-gedə böyüyür, bərkiyir, iri yay kimi burulurdu.
Bir gün sözləri yenə çəpləşdi. Onlar tərs öküzlər kimi döş-döşə gəldilər. Ta geri dönməyə yol yox idi. O, ərinin yay kimi burumlanmış buynuzlarından yapışıb var gücü ilə özünə sarı dartdı. Ər qışqırıb səntərlədi. Buynuz yerindən çıxdı. Hər ikisi geriyə doğru mayallaq aşdılar. Ər qışqırıb əlini alnına- buynuzun yerinə basdı...
Valideynləri onları ayırmaq üçün gəlsələr də, öz fikirlərindən daşındılar. Çünki ailədə sakitlik bərqərar olmuşdu...
Ta nə onun qanadı vardı, nə də ərinin buynuzu. İndi onlar əvvəlki kimi xoşbəxt idilər. Doğrudur, ta göydə uçan yox idi. Amma hər ikisi yerdə rahat, sakit, qol-qola gəzirdi...
 
 
 

 
Firuz Mustafa
 
qadinkimi.com