Nə baş verir? Haqlı olan, hökmlü olan siz olmayın
Tarix : 15 Sentyabr 2020, 04:31
Biz yaxınlarımızla münaqişədə oluruq: ər – arvad,
valideynlərlə uşaqlar, bacı-qardaşlar, gəlin-qaynana və s. Rahat yaşaya
bilmirik. İllərlə Rahat və xoşbəxt yaşayan ailə yoxdur. Hər bir ailədə
söz-söhbət olur.
Nə baş verir? Mübahisələrin səbəbi nədir? Ailələrin dağılmasına
aparan dava-dalaşların səbəbi nədir?
Bunlardan söhbət açacayıq.
Başlıca səbəblərdən biri gənclərin yaşadığı, gördüyü ailə
modelidir. Münasibətlərin kəskin olduğu ailələrdə böyüyənlər öz şəxsi ailə
həyatında da aqressiv olur.
Valideynlərin müdaxiləsi də boşanmalarda mühüm səbəblərdən
biridir. Gəlin və ya kürəkənlə olan münasibət düzgün qurulmadıqda boşanma
ehtimalı yaranır.Cütlüyün münasibətində onlara bütöv kimi deyil, oğlum və ya
qızım kimi yanaşma vəziyyəti gərginləşdirir.Ana və ya ata övladını haqlı çıxarmağa
çalışdıqca mübahisələr həllini tapmır.
Əksi də səbəb ola bilir. Valideynlərin sözünü saymazdan
gəlmə də, "özümüz bilərik” yanaşması da münaqişələri boşanmaya aparır. Burda
cütlüyün öz yanaşması da önəmlidir. Valideynlərlə düzgün, səmimi münasibət yaratmaq
gərəkdir.
Ən mühüm səbəblərdən biri də cütlüyün "mən”ini qoruma
istəyidir. Bu tərəflərdən biri olsa belə, ailədə gərginlik olur. Uzun müddət
tanış, sevgili olsalar da, birlikdə yaşamın fərqli tərəfləri var. Burda
qarşılıqlı anlaşma, uyğunlaşma çox önəmlidir. Ailəyə "mən olmaqdan çıxıram”
düşüncəsiylə yanaşmaq olmaz. Qarşılıqlı güzəşt vacibdir. Ailədə, birlikdə "mən”
olmaq deyil, "biz” olmaq gərəkdir.
Bəzilərinə sadəcə etiraz etmə xasdır. Adətən daha çox qadınlar
razılaşmaq məcburiyyətində qalır. Bu da sonda ciddi narazılığa səbəb olur.
Hətta ayrılıq olmasa belə ailədə xoşbəxtlik olmur. Belə ailələrdə inamsızlıq yaranır. Cütlük güvənsiz yaşayır.
Mübahisə etməyi münasibət bildirmək kimi anlayır çoxu.
Qadın və ya kişi bəzən razılaşmağı tabeçilik kimi qavrayır. Biz qayğını da çox
vaxt düzgün ifadə etmirik. Əmr verirmiş kimi deyil, "Hava soyuqdur, başını
örtsən yaxşı olar, əzizim” xahiş kimi də qayğımızı ifadə edə bilərik. Daha gözəl
olmazmı? Olar. Qayğı sevgidən qaynaqlanır. Amma çox vaxt münasibətlərdə daha
çox haqlı görünmək məqsədi qabarır.
Psixoloqların qənaətinə görə ailələrdə bir-birinə xoş sözlər
demək, tərif etmək kimi vərdişlər çox azdır. Axı, ailələr sevgi üzərində
qurulur adətən. Niyə bu sevgini hər an, hər gün hiss etdirmirik. O sənin
qayğına qalırsa, təşəkkür etmək olar. Hər gün ürək açan sözlər söyləmək olar.
Daha səmimi olun.
Haqlı olan, hökmlü olan siz olmayın – SEVGİ olsun.