Əzizim, beləliklə qocaldığında...
1. Hətta haqlı olduğuna dəqiq əmin olduğun halda belə heç vaxt heç kimə ağıl verməyə çalışma. Vaxtilə bunun səni necə qıcıqlandırdığını və böyüklərin məsləhətinə önəm verib – vermədiyini yadına sal.
2. Səndən xahiş etməyincə kimsəyə kömək etmə. Kömək etmək cəhdinlə kimsəyə yarınmağa, doğmalarını həyatın hücumlarından, bəlalardan qorumağa çalışma. Sadəcə onları sev.
3. Şikayətlənmə! Deyingən qarı obrazı yaratma.
4. Övladından minnətdarlıq gözləmə. Yadında saxla: Nankor övlad yoxdur. Uşaqdan minnətdarlıq gözləyən axmaq valideynlər var.
5. "Sənin yaşında mən", "Mən sənə ən yaxşı illərimi verdim", "Mən böyüyəm, həyat yaşamışam, ona görə də daha yaxşı bilirəm" kimi ifadələr işlətmə.
6. Nəvələrin varsa, səni "nənə” deyil, adınla çağırmaları üçün israr etmə. Bu axmaqlıqdır.
7. Gəncləşdirmə prosedurlarlarına çox pul xərcləmə. Bu, mənasızdır. Səyahət etmək daha gözəldir.
8. Güzgüyə baxma və alaqaranlıq otaqda makiyaj etmə. Özünü aldatma. Cavan deyil, kübar görünməyə çalış. Mənə inan - belə yaxşıdır.
9. Zavallı, aciz, deyingən qocaya dönsə də, öz kişini qoru. Unutma ki, nə vaxtsa o gənc, güclü və şən idi. Və yəqin ki, sənin də nə vaxtsa gənc, gözəl, qamətli olduğunu unutmayanlardan biridir. Bəlkə də indi o, sənə dəyər verən, həqiqətən ehtiyacı olan yeganə adamdır.
10. Nəyin bahasına olursa – olsun zamanla ayaqlaşmağa - yeni texnologiyaları, xəbərləri, "həyatdan geri qalmamaq" üçün daim nələrisə öyrənməyə çalışma. Bu gülməlidir. Sevdiyin, xoşuna gələn işlərlə məşğul ol.
11. Özünü heç nədə günahlandırma. Nə öz həyatın, nə də öz övladlarının həyatı üçün özünü qınama – sən bacardığını etmisən.
12. İstənilən halda ləyaqətini saxla. Sonadək! Əzizim, çalış, bu çox vacibdir. Və yadında saxla, əgər sən indiyədək yaşayırsansa, deməli, bu kiməsə lazımdır.
Tərcümə etdi: Kamalə Abiyeva
Qadinkimi.com