QADIN / KİŞİ
Müasir Azərbaycan qadını nə qədər azaddır və haradadır? Tarix : 08 Mart 2020, 12:21
Yazar : Qadinkimi.com
Bu yazını beynəlxalq qadınlar gününə həsr edirəm.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizi, iqtisadi fəal əhalinin 48,6 faizi qadınlardan ibarət olub. Ölkədə rəsmi olaraq məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin 37,7 faizini qadınlar təşkil edib.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,7 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 54,7 faizi, həkimlərin isə 66,0 faizi, elmi işçilərin 58,2 faizi qadınlardır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən 28,5 faiz, sahibkarlar arasında isə 21,7 faizdir.

Azərbaycanda mövcud olan 64 rayon icra başçısından 1-i, Abşeron rayon icra haimiyyətinin başçısı qadındır. Ölkədə nazirlər və şəhər icra hakimiyyəti başçıları arasında isə ümumiyyətlə qadın yoxdur. Dövlət Komitələrinə gəlincə onların 1-nin, yalnız Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri qadındır.

Azərbaycanda qadın əməyi ilə əlaqədar balanssızlıq bir neçə formada müşahidə edilir. Belə ki,2018-ci il üzrə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan üçün qiymətləndirməsinə gərə qadınlar arasındakı məşğulluq 62,7 faizdir, bu göstərici kişilər arasında məşğulluqdan 6,4 faiz bəndi azdır. Eyni zamanda 2018-ci il üzrə BƏT metodologiyası üzrə işsiz hesab olunan əmək qabliyyətli əhalinin 57,6 faizini qadınlar təşkil edir. Çünki, ölkəmizdə qadınlar işəgötürmə zamanı işəgötürənlər tərəfindən cinsi ayrı-seçkiliyə, əmək bazarında ödənişlərə, eləcə də özəl və ictimai qərarvermə səviyyələrində iştiraka görə əhəmiyyətli ayrıseçkiliyə məruz qalırlar.

Bununla yanaşı, Azərbaycan Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr tarixli 170 saylı qərarı ilə "Qadın əməyinin tətbiqi qadğan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı”nə təsdiq edib. Bu qərarla Azərbaycanda 38 sahədə 678 peşə və iş yeri üzrə qadın əməyinin tətbiqi qadağan edilir. Məlumat üçün qeyd edim ki, bu göstərici Rusiyada 456, Ukraynada 450, Qazaxıstanda 299, Belarusda 181, Moldovada 29 peşə sahəsini əhatə edir.

Azərbaycanda tətbiq olunan qadağalar əsasən qadınların sağlamlığına, xüsusilə reproduktiv sağlamlığına ziyan vurması, peşələrin və iş yerlərinin təhlükəli, ağır olması, böyük güc tələb etməsi ilə bağlı olsa da bu onların əməyinə qarşı diskriminasiya hesab edilir və inkişaf etmiş ölkələrdə belə qadağalar çoxdan ləğv edilib, Azərbaycan isə qadağalara görə MDB dövlətləri arasından liderlər qrupundadır.
Təəssüflə qeyd etmək istəyirəm ki, indiyə qədər qadın əməyinə dair dövlət siyasətinin müəyyənləşməyib.
Qadınların əmək bazarındakı balanslı iştirakı və elastikliyini təmin etmək nəinki dövlətin daxili siyasətinin, həm də Birləşmiş Millətlər Təşkilatının "Yüzilliyin inkişaf məqsədləri"-nin "gender bərabərliyinə nail olmaq və bütün qadın və qızlara dəstək olmaq" adlı 3-cü hədəfinin tələbidir.

Azərbaycan gender inkişafı indeksi üzrə 2015-cı ildə 188 ölkə arasında 78-ci yeri tutub. Ölkəmiz bu göstərici üzrə zəngin resusrlara malik olan qonşu Rusiya (49-cu yer) və Qazaxıstandan (56-cı yer) geri qalır. Daha bir narahatedici məqam odur ki, Azərbaycan gender inkişafı indeksi dinamikada da pisləşir. Belə ki, bu göstəriciyə görə, 2013-cü ildə 76-ci yerdə olan Azərbaycan 2015-ci ildə isə 2 pillə geriləyərək 78-ci yerdə qərarlaşıb.
Hazırda Azərbaycan qadını ailədə və cəmiyyətdə şiddətə məruz qalır, ölkədə qadın qətlləri, erkən nikahlar, uşaqların istismarı, gender əsaslı zorakılıq halları artır. "Rasional İnkişaf Uğrunda" Qadınlar Cəmiyyətinin apardığı monitorinqlərin nəticəsində məlum olub ki, 2010-cu ildə 91 qətl baş veribsə, 2016-cı ildə 110 qətl qeydə alınıb. Beynəlxalq Kişi və Qadın Bərabərliyi Sorğusu üzrə 2016-cı ildə aparılmış araşdırmaya görə, həmin il Azərbaycanda kişilərin 32,5 faizi zorakılıq törədib, qadınların isə 32,1 faizi zorakılığa məruz qalıb.
 


Çox təəssüf ki, onların nə ailədə, nə də cəmiyyətdə etiraz haqları tanınmır. Bunun başlıca səbəblərindən bir neçəsinin üzərində dayanmaq istərdim.

Birincisi, baxmayaraq ki, Gender İnformasiya Mərkəzinin məlumatına görə, Azərbaycanda 69-u qadın problemləri üzrə ixtisaslaşmış qeyri-hökümət təşkilatı (QHT) olan 124 qadın təşkilatının qeydə alınıb, lakin, 2014-cü ildən başlayaraq qadın problemlərinin tədqiqatları, onların hüquqlarının qorunması, qarşılaşdıqları risklərin idarəolunması və qadınların inkişaf məsələləri ilə məşğul olan QHT-lərin fəaliyyət imkanları məhdulaşdırılıb. Hazırda qadın hüquqlarının müdafiəsi sahəsində ixtisalaşmış az sayda QHT-lər fəaldır. Son illər gender balansının əhəmiyyəti ilə əlaqədar kommunikasiya və təbliğat işləri ildən ilə aşağı düşür. Bu istiqamətdə xüsusilə məktəb səviyyəsində qızlar arasında maarifləndirmə işləri çox aşağıdır. Ali məktəblərdə ailə hüququ fənni həm spesifik ixtisaslar üzrə və həm də zəif tədris olunur. Odur ki, QHT-lərin fəaliyyət dairəsi genişlənməli onlar maarifləndirmə işləri, reabilitasiya və müdafiə proqramlarını artırmalıdırlar.

İkincisi, dini və milli dəyərlərə söykənən, patriarxal qanunların sərt olduğu və əsasən kənd təsərrüfatının dominantlıq etdiyi bölgələrdə qadınlar nə ailədə səs hüququna, nə də cəmiyyətdə ictimai mövqeyə malik deyil. Xüsusən də cənub bölgəsində müşahidə olunan bu problemin həlli istiqamətində dövlətin nə spesifik siyasəti, nə də tənzimləyici vasitələri işləmir.

Üçüncüsü, ölkədə fundamental azadlıqların təmin edilməməsi qadınların ifadə etmə, sərbərst toplaşma, birləşmə hüquqlarının icrasında çətinliklər yaradır. Qadınlara ailə və məişətdə, cəmiyyətin və idarəçiliyin bütün sahələrdə azadlıqlar verilməklə, onların etiraz hüquqları tanınmalıdır.

Nəhayət, qadına şiddətin başlıca səbəblərindən biri də onların iqtisadi müstəqilliyinin təmin edilməsi üçün iş yerlərinə çıxış imkanlarının məhdud olmasıdır. Belə ki, məişət qayğıları içərisində özünü ailə başçısından asılı hesab edən qadınlar ailədəki şiddətlə məhz bu səbəbdən barışmaq məcburiyyətində qalırlar.

Odur ki, Azərbaycan höküməti qadın siyasətinə yenidən baxmalı, Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr tarixli 170 saylı qərarı ilə qadınların işləməsi qadağan olunan peşələrin sayı azaltmalı, işəgötürülməsi zamanı baryerləri arada qaldıran tənzimləyici vasitələrlə Azərbaycan qadınlarının iqtisadi müstəqilliyinin təminatına nail olmalıdır.

Azərbaycan hakimiyyəti Avropa Şurasının "Qadınlara qarşı zorakılığın və məişət zorakılığının aradan qaldırılması və ona qarşı mübarizə haqqında Konvensiyası"nı imzalamalı və onun təklif etdiyi mexanizmlərdən istifadə etməlidir.

Xatırladım ki, bu sənəd 2011-ci il mayın 11-dən imzalanmaq üçün açıqdır. Konvensiyanı 46 ölkə və Avropa İttifaqı imzalayıb. Azərbaycan isə hələ də bu sənədi imzalamayıb.


QUBAD İBADOĞLU
qadinkimi.az