Misirli feminist filosof, şair, yazıçı, siyasi fəal Doria Şafik 14 dekabr 1908-ci ildə Nil deltasındakı Tantada zəngin bir ailədə doğulub. İsgəndəriyyədə fransız orta məktəbini bitirdikdən sonra Misir Təhsil Nazirliyinin verdiyi bursla ali təhsil almaq üçün Parisə gedir. "İslamda qadın mövzusu” dissertasiya işi ilə fəlsəfə doktoru adını alır. Ölkəsinə dönən zaman Qahirə Universitesi Ədəbiyyat fakultəsinə iş üçün müraciət edir. Onun müraciəti "Həddindən artıq müasir və gözəl bir qadını işə götürə bilməyəcəm” deyən dekan tərəfindən rədd edilir.
Doria Şafik 29 yaşında ailə həyatı qurur. Həyat yoldaşı vəkil olan Dorianın iki qızı doğulur. Bir müddət orta məktəbdə fransız dili dərsini tədris edir, müstəntiq kimi çalışır.
1945-ci ildə Kral Farukun həyat yoldaşı Şivəkara məxsus "La Femme Nouvellede” (Yeni qadın) adlı mədəniyyət və ədəbiyyat jurnalına redaktor kimi dəvət olunur. Həmin il ərəbcə nəşr olunan "Bint Al-Nil” (Nilin qızları) jurnalını da nəşr etdirməyə başlayır. 1948-ci ildə "Bint Al-Nil” dərnəyini qurur. 1949-cu ildə Sürixə gedərək "Bint Al-Nil”i Beynəlxalq Qadın Şurasının sıralarına daxil edir. Dərnəyin məqsədi qadınların iqtisadi və sosial təminatlarını gücləndirmək, siyasi həyata qatılmağa təşvik etmək, evlilik yaşını yüksəltmək, oxuma-yazma səfərbərliyi təşkil etmək idi.
O, Kral Faruk iqtidarının qadın haqları mövzusunda verdiyi vədləri yerinə yetirməməsinə görə, 1951-ci ilin fevral ayında təxminən 1500 qadınla gizlin təşkilatlanaraq parlamentə basqın edir. Bu hadisə Misirdə oxuma və yazma bilən qadınların səsvermə haqqı qazanmasının (1956) yolunu açan bir hərəkat kimi qəbul edilir.
"Nilin Qızları Dərnəyi” 1952-ci ildə Misir inqilabından sonra siyasi partiyaya çevrilir. Partiyanın quruluşu "Bint Al-Nil Al-Siyassa” adlı əlavə bir jurnalla elan edilir.
Doria Şafik inqilabdan sonra konstitusiyanı hazırlamaqla məşğul olan əsas komitədə heç bir qadın üzvün olmamasına etiraz etmək üçün səkkiz qadınla birlikdə 12 mart 1954-cü ildə altı günlük aclıq aksiyasına başlayır.
Aclıq aksiyasından sonra Misir demokratiya mübarizəsini və qadın problemlərini dilə gətirmək məqsədilə İtaliyadan Şri Lankaya qədər bir çox ölkəyə səyahət edir. Yaponiyada geyşalığı (Geyşa - Yaponiyada 17-ci əsrdən bəri əyləncə həyatında kişi müştərilərə mahnı oxuyan, rəqs və söhbət edərək qonaqların əyləncəli vaxt keçirməsini təmin edən və bunun üçün təlim keçmiş qadınlara verilən addır), Pakistanda isə ikinci dəfə evlənən baş naziri tənqid edir.
"Nilin qızları” 1954-cü ildə digər partiyalarla birlikdə bağlanır. Doria Şafik 1957-ci ildə "yolunda tər və göz yaşları tökdüyüm körpəm” dediyi dərnəyindən də uzaqlaşdırılır. Doria Şafik 1957-ci ildə Hindistan səfirliyində on iki gün davam edən ikinci aclıq aksiyasını gerçəkləşdirir. Məqsədi beynəlxalq diqqəti fələstinli miqrantlar probleminə, İsrailin işğal etdiyi Misir torpaqlarından çəkilməsi məsələsinə cəlb edə bilmək və yeni konstitusiya ilə tək namizəd kimi dövlət başçısı seçilən Camal Abdül Nasırin qoyduğu qaydalara etiraz etmək idi.
Onun siyasi miqrantlıq istəyi Hindistan səfirliyi tərəfindən rədd edilir. Misirin "sosialist inqilabçı lideri” Nasır tərəfindən 18 il davam edən ev həbsinə məhkum olunur. Ev həbsi yalnız 1970-ci ildə Nasırın ölümündən sonra bitir. Bu dövrdə adı kitablardan silinir, eyni zamanda 31 il davam edən evliliyi də sona çatır.
Doria Şafik 1975-ci ilin 20 sentyabrında çox sevdiyi Nil gölü ətrafında həyatla vidalaşır.
Sintia Nelson "Doria Şafik – Misirli feminist” (1996) adlı kitabı ilə onu dünyaya yenidən xatırladır. Buna baxmayaraq, Doria Şafikin adı "başı açıq” olduğu əsas gətirələrək 2013-2014 təhsil ili kitablarından yenidən çıxarılır.
"... Şeirsiz
Necə yaşamaq olar?!
Necə dözmək olar
Ritmsiz bir həyatla
Keçən günlərə
İçi boş günlərə...”
(Doria Şafik, Rythme de Vie)
Çevirdi: Xumar Hüseynova
qadinkimi.com