Böyük qürur hissi yaşayaraq bu sətirləri yazıram. Təqvim 28 mayı göstərir. Bu o tarixdir ki, düz 100 il öncə bu gün bütün şərqin, İslam dünyasının və türk xalqlarının ilk cümhuriyyəti quruldu. Və mən nə böyük fəxr hissi keçirirəm ki, o cümhuriyyətin adını bu gün də daşıyan bir ölkənin vətəndaşıyam. Bir rəssam, müstəqil Azərbaycanın vətəndaşı, fərdi olaraq öncə öz adımdan, sonra sevdiklərimin adından həyatlarından keçərək canları, qanları hesabına Azərbaycan adını bir Cümhuriyyət kimi var etmiş istiqlalçıların, ən başlıcası, Məhəmməd Əmin Rəsulzadənin ruhu qarşısında minnətdarlıqla təzim edirəm.
Azərbaycan Cümhuriyyəti 2 il yaşadı. Amma 70 ildən sonra Azərbaycan Respublikasının var olma səbəbi oldu. Cümuhiriyyət var olduğu 2 il ərzində həm dövlətçiliyimiz, həm iqtisadiyyat, təhsil, ədliyyə, hərbi, diplomatika, mədəniyyət və s. istiqamətlərin əsaslarını yaratdı. İnkişaf etdirdi. Bu gün bu yazımda istərdim dövrün mədəniyyət həyatından və ən əsası təsviri sənətindən qısa da olsa danışım.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli teatrın, ədəbiyyatın, memarlığın, musiqinin və təsviri sənətin fəaliyyətində canlanmaya səbəb oldu. 1919 - cu ildə nəşr olunan "Zənbur” jurnalında Azərbaycan satirik qrafikasının banisi, görkəmli rəssam Əzim Əzimzadənin karikaturaları dərc olunurdu. Əzimzadənin rəsmlərində cəhalət, nadanlıq təsvir edilir, daşnakların əməlləri ifşa edilirdi. Onun fəaliyyəti Azərbaycan təsviri sənət tarixinə çevrildi. Dövrün digər böyük rəssamlarından biri də Bəhruz Kəngərlidir. Onun erməni-müsəlman münaqişəsini əks etdirən məşhur "Qaçqınlar" silsiləsi realist Azərbaycan rəssamlıq sənətinin ilk nailiyyətlərindən biri hesab edilə bilər. Bəhruz Kəngərli yaşadığı Naxçıvanda yeni yaranmış teatrda "Hacı Qara", "Ölülər", "Dağılan tifaq", "Pəricadu" və s. tamaşalara dekor və geyim tərtibatı vermişdi. Bu yerdə böyük ədib, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri Əli bəy Hüseynzadəni də unutmaq olmaz. Onun çoxşaxəli fəaliyyətləri sırasında rəssamlığını da qeyd etmək gərək. Əli bəy Hüseynzadə Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil almışdı. Bir sıra portret və mənzərələrin müəllifidir. Onun günümüzə çatmış əsərləri bu gün Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır. Azərbaycan Xalq Cümhuriyyəti Əli bəy Hüseynzadənin məşhur "türkləşmək, islamlaşmaq və müasirləşmək" şüarını əsas götürərək, 1918-ci il noyabrın 9-da "yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizgüşəli ulduzdan ibarət" bayrağı milli bayraq kimi təsdiq edən qərar qəbul etdi.
Dövrün memarlığında şəhərin baş memarı vəzifəsində çalışan görkəmli memar Zivər bəy Əhmədbəyovun adını unutmamaq gərək. Zivər bəy Əhmədbəyov xarabalığa çevrilmiş Şamaxı şəhərinin bərpasında və 1918-ci ildə Bakının erməni-daşnak quldurları tərəfindən yandırılmış möhtəşəm binaları - Hacı Zeynalabdin Tağıyevin "qızlar məktəbi", "İsmailiyyə sarayı" nın bərpasında əsas söz sahibi idi.
Cümhuriyyət dövrünün teatrında Bakıda fəaliyyətini bərpa etmiş ilk truppa "Hacıbəyli qardaşları" olub. Tez - tez bu adlar səslənməyə başlayıb. ( Hacıağa Abbasov, Mirzəağa Əliyev, Əhməd Ağdamski, Cəlil Bağdadbəyov, Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Muxtar Məhəmmədzadə, Rza Darablı, Sidqi Ruhulla, Ələkbər Hüseynzadə, Məmmədtağı Bağırzadə, Bağır Cabbarzadə, Əbülhəsən Anaplı, Əhməd Anatollu, Mirmahmud Kazımovski, Məğfurə xanım, Yeva (Yevgeniya) Olenskaya, Semnur xanım, Mina xanım və s ). Bu dircəliş təbii ki, musiqidən də yan keçə bilməzdi. Böyük adlar bu dovrdə daha da parlaq yaradıcı dövrə qədəm qoydu. Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları, bəstəkar Müslüm Maqomayev, bütün Qafqazda və Yaxın Şərqdə məşhur olan Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Seyid Şuşinski, Məcid Behbudov və başqa Azərbaycan musiqi tarixinə qizil həriflərlə yazılan sənətkarlar.
Azərbaycan Xalq Cümhuriyyəti var olduğu dövrdə ədəbi-bədii fikir nümunələrində də silinməz izlər buraxıb. Bu izlər Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Əhməd Cavad, Abdulla Şaiq, Salman Mümtaz, Əliabbas Müznib, Əli Yusif, Ummugülsüm, Əmin Abid Mütəllibzadə, Cəfər Cabbarlı, Bədri Seyidzadə, Davud Ağamirzadə, Əli Şövqi Şeyxzamanov poeziyası, nəsri, dramaturgiyası və publisistikasında daha aydın hiss olunur.
Ümumilikdə, qeyd olunan çox saylı unudulmaz qəhrəmanlar dünən və bu gün Azərbaycan adının var olması üçün canlarından keçərək tarix yazanlardı. Bu tarix bizimdir, doğmadır və bu tarix bizə vəzifə verir. Azərbaycan adını sonsuza qədər var etmək üçün çalışaq və yaşayaq. Yaşasın Azərbaycan! Yaşasın müstəqil Azərbaycan!
Vüsal Rahim - 28.05.2018.
qadinkimi.com