BURA / ORA, SƏNƏT
Mərifət Dövlətova - qadınların çılpaq rəsmlərini çəkən tacik rəssam Tarix : 01 Noyabr 2024, 17:01
Yazar : Qadinkimi.com
 
Mərifət Dövlətova çılpaq qadın rəsmləri çəkir. Onu küçədə gedərkən tanıyırlar, sosial şəbəkələrdə hədələyirlər və rəsmlərinin məzmumuna görə onu maliyyə dəstəyi göstərməkdən imtina edirlər. Mərifət Tacikistanda yaşayır.

 
Bu il o, üçüncü cəhddən sonra ilk dəfə olaraq Düşənbədə çəkdiyi tacik qadınlarının portretindən ibarət sərgisini açmağa nail olub.

"Mənə tez-tez yazırlar: "Tacik qadınlarının şəklini çılpaq çəkmə, onlar bizim ana və bacımızdır. Biz onları belə görmək istəmirik." Lakin bu kiminsə anası-bacısı deyil, onlar ilk növbədə qadındır və onları mənimsəmək lazım deyil",- deyə Düşənbədə böyüyən rəssam Mərifət deyir.
 
Mərifət canlı qadınlara baxıb çəkir: onun bütün modelləri tanışlarıdır. Onun rəsmilərinin çoxunda onlar yarı çılpaqdır, adətən isə milli tacik libasındadırlar.

"İlk dəfə mən öz tanışımı çılpaq çəkmişdim. Çünki mən ona və digər qızlara onun bütün qüsurları ilə necə gözəl olduğunu göstərmək istəyirdim", Mərifət danışır.

Onun sənəti Tacikistanın patriarxal ənənələrinə qarşı çıxır: Ölkənin Mədəniyyət Nazirliyi tərəfindən bu ilin yazında dərc olunan kitabda yaşı 7-70 arası olan qızların və qadınların necə geyinmələri barədə tövsiyyələr var. Burada həm gündəlik, həm də bayram zamanı necə geyinmək barədə qeydlər yer alıb. Kitabda necə geyinməmək barədə isə xüsusi bölmə var. Məsələn, qadınlar həddən artıq dar paltar, qara yaylıq, hicab, həmçinin dekolte və qısa ətək geyinməməlidirlər.

Mərifətə sosial şəbəkələrdə hədə və təhqir dolu ismarışlar yazaraq onu özünü reklam etməkdə və tacik xalqına nifrətdə ittiham edirlər. Lakin rəssam Tacikistandan getməyə hazırlaşmır.
 
 
Mərifətin sözlərinə görə, o, uşaqlıqdan şərq nağıllarına illyustrasiyalardan və Ömər Xəyyam şerlərindən ilhamlanıb. Rəssamın atası, qızına "Beatles" qrupunun studiya yazılarını dinlədən musiqiçidir. Anası isə proqramçıdır, keçmişdə isə oxatma üzrə çempion olub.

"Mən öz valideynlərimə minnətdaram ki məni belə sərbəst böyüdüblər",- o deyir. Mərifətin iki bacısı var. Onlardan biri atası kimi musiqi ilə məşğul olur, digəri isə maliyyəçidir.

10 yaşında olarkən Mərifət rəsm dərnəyinə yazılır, məktəbi bitirdikdən sonra isə Tacikistan Texnologiya Universitetinin dizayner-modelyer fakültəsinə daxil olur. O, universiteti dəyişir, təhsili tamamilə atır. Lakin sonra yenidən təhsil almağa geri qayıdır.

"Bizə yalnız akademik rəsmin tədris edilməsi və özünü ifadə etməyə tamamilə imkan verməyən əlverişsiz formada gəzməyə məcbur etməkləri xoşuma gəlmirdi", deyə Mərifət xatırlayır.

Təqaüdlü müsabiqə proqramı çərçivəsində o, Vyananın müasir incəsənət məktəbinə daxil olur. Elə həmin şəhərdə də iki il əvvəl onun ilk sərgisi baş tutub.

Onun "Gəlinin baxışları" adlı əsəri sərgidə xüsusi uğur qazanıb.

Bu rəsmdə valideynləri təfəfindən ərə getməyə məcbur edilən qız təsvir olunub.

Mərifətə bu rəsmə görə, 3 min ABŞ dolları təklif olunsa da, bu əsəri özünün talismanı hesab edən rəssam onu satmaq istəməyib.

O, ilk dəfə bu sərgidən sonra həmvətənləri tərəfindən tənqidlərlə üzləşib. Ona belə yazıblar: "Bizi rüsvay etmə, çılpaq qadınlarını yığışdır".

Bu isə yalnız Mərifətin bu tərzdə çəkmək arzusunu daha da möhkəmlədib.

Bu ilin payızında o, ilk dəfə olaraq Düşənbədə sərgisini təşkil etməyə nail olub. Sərgi onun əsərlərinin məzmununa görə, iki dəfə baş tutmayıb.

Əvvəlcə ona maliyyə dəstəyi göstərməkdən imtina ediblər, daha sonra isə sərgi zalı verməkdən. 24 rəsmdən ibarət kolleksiyanı sonunda şəhərin ən bahalı otellərindən birində nümayiş etdirmək mümkün olub.

"Buna qədər məndən bəzi rəsmlərimi götürməyimi istədilər. Lakin mən hiss etdim ki bu düzgün deyil və ədalətsizlikdir. Ona görə ki, mən qadınları azad təsvir etmək istəyirəm, amma özüm senzuraya tabe oluram",- Mərifət deyir.

Rəssamın sözlərinə görə, o, sərgiyə yalnız tanışlarının gələcəyinə ümid edirmiş. Lakin sərgi uğurlu olub və rəssam 5 rəsmini satmağa nail olub.
 
 
Valideynlərim məni çılpaq qadın rəsmlərimin sərgisini keçirmək fikrindən daşındırmaq istəyirdilər. Onlar narahat olurdular və deyirdilər ki sən taciksən və müsəlmansan. Axı incəsənətin dini yoxdur",- o danışır.

Mərifət üçün rəsm çəkmək sakit etiraz vasitəsidir. Lakin son vaxtlar o modellərini təhlükəyə atmamaq üçün rəsmlərdə onların üzünü dəyişir.

O, ünvanına gələn hədələrin və təhqirlərin sayından çox təəccübləndiyini söyləyir.

"Mən ölkəmizdə bu qədər cahil insanların olduğunu bilmirdim. Mənə yazırdılar ki, mən pərvanəyəm və mən rəsmlərimi yığışdırmasam məni dar ağacından asmaq lazımdır. İnsanlar ifadələrinə fikir vermirdilər. Qadınlar da təhqir yazırdı. Ən yumşağı isə mənə tezliklə ərə getmək tövsiyyəsi idi", - deyir.
 
 
"Mənim əsərlərimə qarşı mənfi reaksiyanı və ikiüzlüyü görən zaman başa düşdüm ki, mənim sərgim küçə zorakılığının normal, çılpaq qadın bədənin normal olmadığı cəmiyyətə qarşı etirazdır", Mərifət deyir.

Rəssam özü də zorakılığa məruz qalıb. Bir il əvvəl onu küçədə gedərkən iki kişi saxlayıb və telefonunu əlindən alıblar. Onun telefonundan öz telefonuna zəng vuran kişilər bu yolla onun nömrəsini müəyyən etmək istəyiblər.

"Mən yoldan keçənləri köməyə çağırdım. Əvvəlcə yanımızdan bir kişi, daha sonra uşaqlı bir qadın keçdi. Lakin onlardan heç biri bir söz demədi.Geyimindən asılı olmayaraq səni tək gördükləri halda yanından çimdikləyə və ya bədənini qucaqlaya bilərlər. Bununla belə bu kişilər çılpaq qadın bədəninə, rəsmlərə baxmağı təhqiredici qəbul edirlər".
 

 
Rəssamlıqdan başqa Mərifət əlil insanların incəsənətə cəlb olunması ilə məşğul olan yeni incəsənət-müalicəsi layihəsi üzərində işləyir. Tacikistanı tərk etməyə hazırlaşmayan rəssam çılpaq qadın rəsmlərinin olacağı yeni sərgisini planlaşdırır.

"Mənim üçün rəsm çəkməyə davam etmək vacibdir. Mən bunu pul qazanmaq üçün deyil, rəssam kimi özümü ifadə etmək üçün edirəm. Mən kimsə mənə "Səni öldürərəm" yazdığına görə dayanmaq fikrində deyiləm", Mərifət deyir.

Mənbə: bbc.com