Ən dəyərli, qiymətli sərvətlər yerin altında olur. Onları istədiyin vaxt əlin çatan yerdə tapıb götürə bilməzsən. Bunun üçün əziyyət çəkmək lazımdı. Dəyərli, qiymətli insanlar da belədi. Hər an, istədiyin vaxt rastlaşa bilməzsən. Bəlkə də çoxlarımızın gözü önündədilər. Sadəcə, gördüyümüz qədər olduqlarını düşünürük. Kiminin şansı sadəcə burda bitir - gördüyü qədər sanır, kimininsə bəxti gətirir - rastlaşdığı sadə insanın əsil dəyərini bilmək qismət olur. Mən özümü ümumilikdə çox şanslı biri saydığımdan (mütləq belədi) uzun illər sadə bir incəsənət xadimi kimi tanıdığım Respublikanın Əməkdar Artisti İntiqam Soltanı sözün əsil mənasında kəşf elədim. Bəli, dahi Cəlil Məmmədquluzadənin ruh əkizi İntiqam Soltan. Cəsarətli və hardasa acımasız. Bəlkə də yazdığı felyetonlarda elə ən çox bu acımasız yanaşması özlüyündə C. Məmmədquluzadənin ruhunu yaşadır. Niyə acımasız? Kimin qüsurlarını üzünə vuranda çox sağ ol deyir ki? Ətrafında olanlar da, "niyə elə dedi ki, ürəyini sındırdı, nə acımasız adamdı” deyəcək. Amma İntiqam Soltan ən çox da özünə qarşı acımasızdır. Soruşsanız niyə? Çünki felyetonlarda ən çox özünə xitab edib yazır, eynən Cəlil bəy kimi. Onun üçün dünya sevgidən ibarətdir. Özü belə deyir.
Intiqam Soltan: - Sevginin 360 adı var mənim üçün. Mən mələklər teatrına, uşaq teatrına rəhbərlik edirəm. Bu mənim gördüyüm ən gözəl işdi. Və bu teatra rəhbərlik eləmək üçün sevgini dərk eləmək vacibdi. Qaldı ki, yazdığım felyetonlara, əgər buna cəsarət deyirsinizsə, mənə görə casarətli insan bir dəfə ölürsə, cəsarətsiz insan gündə yüz dəfə ölür. Hərdən düşünürdüm ki, niyə yazıram? Məgər məndən yaxşı yazan yoxdumu? Bunun cavabını Bukovskidə tapdım: "Ona görə yazıram ki, hər şey çox pisdi". Çox təəssüf ki, yazarlarımızın çoxu daxilən kölə vəziyyətindədilər, özlərinin köləsidilər. Yazılarımı oxuyan düşünməsin ki, İntiqam mənim pisliyimi istəyir. Yazının arxasındakı sevgini görməyən oxucu mənə ziyan vurur.
Intiqam bəy, yazanda nəyi düşünürsünüz?
- Ən çox düşündüyüm odur ki, necə yazım ki, heç kim inciməsin. Yandığımdan yazıram, yandırmaq istədiyimdən deyil. Və mən bir felyetonu yazmağa başlamazdan xeyli əvvəl, uzun müddət düşünürəm, necə edim ki, yazdıqlarım yarımçıq qalmasın.
Məmmədquluzadəyə olan sevgi və bağlılıq hardandı?
- Sadəcə onu çox sevirəm və məni ona bağlayan ancaq yazdıqları, fikirləridi. Ömrünün sonunda C.Məmmədquluzadə oğlu Midhət bəyə yazır ki, mənim qaloşlarımı göndər. Mənim evdən çıxmağa ayaqqabım yoxdur. Bizdə "El üçün ağlayan göz kor olar”məsəli var. Bu məntiqi də başa düşə bilmirəm, nə qədər fikirləşsəm də. Çox böyük siyasi bir şeir var - "Dərsə gedən bir uşaq”. Elm yolu, təhsil yolu çətin və sürüşkən olsa da, inam itməyəndə o təhsilə mane olan buzlar əvvəl - axır əriyəcək. Azərbaycanın tarixinə baxsaq görərik ki, hər 20-30 ildən bir cəmiyyətin ağıllı başlarının təmizlənmə prosesi gedir. Bunu bilərək özüm də qılınca can atmışam.
Dediyiniz kimi mələklərin teatrı olan - Bakı Uşaq Teatrının direktoru, bədii-rəhbərisiniz. Nədən hər şeyi boş verib bu sehrli aləmdən zövq almırsınız?
- Bu teatr uşaqlar üçündü. Mən isə direktor olmaqdan əvvəl insanam, vətəndaşam. Mənim öz mövqeyim var. Bildirməsəm mümkün deyil.
Sizi narahat edən sual?
- Mən həmişə düşünürəm C.Məmmədquluzadə 100 il qabağı görüb, yoxsa biz 100 ildi yerimizdən tərpənmirik? Bu mənim cavabını tapmadığım sual olaraq qalır. Hamı kimi mən də inkişafı görürəm. İçimiz isə 100 il geridə qalıb. Zahirimizi ütüləmişik təkcə?
Bəlkə inkişaf çox olduqca qüsur da çoxalır?
- Yox, inkişaf əgər bahalı siqaret tüstüsünü cəmiyyətdə qadınların üzünə üfürməkdisə, bu, cəhalətdi. Cəhalətin əlamətləri olmasa, bu felyetonları yazmağa da ehtiyac olmazdı. Bizdə ən böyük çatışmazlıq peşəkarlığın çatmamasıdır. Heç bir sahədə peşəkarlıq yetərincə deyil. Faktların mənə verdiyi informasiyanı ötürürəm sadəcə.
Bu qüsurların kökü sizcə hardan gəlir?
- Uşaqlığımızdan bizə tədris olunan uç fənn var idi ki, insanın formalaşmasında ən vacib rol oynayırdı - bədən tərbiyəsi - bədəni tərbiyələndirən fənn, nəğmə - musiqi zövqü formalaşdıran fənn və əmək- insanı əməyə alışdıran fənn. Onlar qeyri - peşəkarlar tərəfindən tədris olunurdu. Çox vaxt o dərslərin yerinə bizə riyaziyyat, tarix keçirdilər, bunları zorla beynimizə yeritmək istəyirdilər. Dərindən düşünsək, bunun vurduğu ziyanı açıq - aydın görərik. İnsanı formalaşdıran hər bir dərsdən bizi uzaq tutublar.Və bu gün də çıxış yolu bütün sahələri qeyri – peşəkarlardan təmizləməkdi.
Bunu öz kollektivinizdə aradan qaldıra bilirsiniz?
- Çətin də olsa çalışırıq. Mən bunu bildiyim üçün ən əvvəl öyrətməyə çalışıram. Məntiq bunu tələb edir. Məntiqsiz olan hər bir iş məhvə doğru gedir.
Sizin uşaq tamaşalarında siyasətə yol verilir?
- Əslində, hər peşənin öz siyasəti olmalıdır. İçtimai siyasət düz qurulmalıdı. Mən siyasətə meyl edə bilmərəm, çünki siyasət elmini bilmirəm və belə bir elm varmı, heç onu da bilmirəm. Çörçill deyirdi: "Siyasət həqiqət üzərinə çəkilmiş pərdədən ibarətdi”. Bunu siyasətin hegemonu deyib. Demək, siyasətçi olmaq üçün mahir fırıldaqçı olmalısan. Mən də hardasa uşaq tamaşalarında yalana yol verirəm, amma bunlar çəhrayı yalanlardı. Çəhrayı yalanların da ziyanı yoxdur. Əksinə, bəlkə də hardasa xeyri var. Görmək istədiyimizi, ya da yaşamaq istədiyimiz həyatı bəzən uşaq tamaşaları vasitəsi ilə göstərirk.
Cəmiyyətimizin fəlakəti nədir?
- Bizdə fəlakət ailələrin çox sürətlə dağılmasıdı. Dünyanın ən demokrat kişisi mənəm. Ailələrdə hüquq bərabərliyi yox, hakimiyyət üstündə - "Son söz məndə olmalıdır” davası gedir. Ailədə boşanmalar da buna görə çoxalır. Biz insanları cinsə bölmüşük. Ən böyük səhvimiz budur. Ən əsası - qarşıma çıxan adamdı, ya yox? İnsanlıq faktoru qalır bir kənarda, cinslərin ayrı - seçkiliyi başlayır.
İntiqam Soltan bir feministdir?
- Bəli. İnsanları cinsə bölmək cəhalətdi. Qarşımdakı adama münasibətim nədir? Kimdi bu adam? Nə fərq edər kişidi, ya qadın? Cəmiyyətin yarasıdı bu və ailədən başlayır. Oğlana verilən üstünlük, qız övladının ikinci plana keçməsidi ayrı-seçkiliyə səbəb. Hər bir kişinin bir anaya ehtiyacı var, hər bir kişinin həyat yoldaşına ehtiyacı var, ancaq ən əsası – hər bir kişinin dərdini deməyə bir qadına ehtiyacı var. Və bu qadın nə anası ola bilir, nə də həyat yoldaşı. Bunu mən demirəm, azərbaycan kişilərinin hamısının olmasa da, çoxunun fikridi. Bizim tərbiyəmiz tərbiyəsizdi. Elə fəlakətlər də buradan başlayır. Demək ki, ailədə tapa bilmədiyin harmoniyanı kənarda axtarırsan. Bu harmoniyanı ailədə yaratmaqdı fəlakətdən çıxmağın ən əsas yolu.
Söhbətimizi yenə də Cəlil bəylə bitirmək istəyirəm. Cəlil Məmmədquluzadə indiki dövrdə yaşasaydı?..
- O haqda düşünməmişəm. C. Məmmədquluzadə zəmanəsinə bənzəmək istəsəydi, elə o zaman da bənzəyərdi. Həqiqətin bir üzü var. O, hansı dövrdə yaşasaydı, həqiqəti deyəcəkdi. Onun o qədər yüksək mədəniyyəti var idi ki, yazılarını özünütənqidlə yazırdı. Mən onun ruhunu hiss edirəm. Sanki hərdən məni qucaqlayır onun ruhu. Əslində hər şey o qədər də pis deyil. Bizə qoyulan sərhəddin səbəbi Azərbaycan zəkasının iti olmasıdı. Biz bundan yararlana bilmirik. Bu zəkadan yararlansaq, qarşımızda heç bir ölkə dayana bilməz. İdeyalarımızı qrant layihələri adı altında alıb aparırlar. Minlərlə layihəmizi ələ keçirirlər. Mən əgər deyirəm ki, "mən cahiləm” deməli işıq ucu var. "Aqiləm” desəm, qorxuludu. Uşaq vaxtı Əbu Əli İbn Sina haqqında bir kitab oxudum. İbn Sinanın dil açıb dediyi ilk kəlmə "nə üçün ?” sualı olub. Əlindəki oyuncaq adam fiquru düşüb sınıb. Və o, "nə üçün adam öldü?” deyib. İbn Sina ömrünü insana həsr edib. Onun bir bənd şeiri var:
Tutduğun işdən peşman olma sən
Elə et dünyadan bezikməyəsən,
Gücün çatan işi bu gün başa vur
Bəlkə də sabahı görməyəcəksən.
Ona görə də nə qədər ki, gücümüz çatır bacardığımızı eləməliyik. Bəlkə bu gün dediyimiz bir söz, sabah bir fəlakətin qarşısını alacaq.
Bu bənddə deyildiyi kimi:
Uzaq sahillərə üzmək istəsən,
Gərək hər kiçik dalğayla güləşməyəsən.
Əslində çox danışdıq İntiqam Soltanla. Bəlkə də çoxu bir başqa yazının mövzusudu. Mən sadəcə C. Məmmədquluzadənin ruhunu əhatə edən hissəni yazdım. Pozmaq istəmədim bu iki ruh əkizinin harmoniyasını. Bəlkə elə ruh əkizləri zahirən də bir birinə bənzəyir - Cəlillə İntiqam kimi.
Hazırladı: Flora Hüseynova
qadinkimi.com