BURA / ORA
Məktəb direktoru: Saxta attestat ittihamı böhtandı Tarix : 12 Dekabr 2019, 12:35
Yazar : Qadinkimi.com
Bir neçə gün öncə Bakı şəhəri 323 nömrəli tam orta məktəbin direktoru Günay Rüstəmovanın işdən azad edildiyi xəbəri yayıldı. Xəbərə əsasən direktor saxta attestat verməkdə və şagirdlərin yekun nəticələrinə müdaxilə etməkdə ittiham olunduğu üçün işdən çıxarılıb. Məsələyə aydınlıq gətirmək üçün Günay Rüstəmova Qadinkimi.az-a danışıb. 

Günay Rüstəmova xəbərlərdə qeyd edildiyi kimi müəllim və valideyn kollektivinin deyil, sadəcə bir valideynin və iki müəllimin şikayəti əsasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma başlandığını deyir:

⁃ Sözügedən valideynin bizlə münaqişəsi 9-cu sinifdə oxuyan övladının birinci yarımilin BSQ nəticələrində bir neçə fəndən "3” qiymət alması ilə başladı. Layiq olmadığı halda bizdən qiymətləri yüksəltməmizi tələb etdi. Təbii ki, mən buna etiraz etdim. Şagirdin verdiyi nəticəni dəyişmək olmaz. Nə qiymət alıbsa,  o cür də qalmalıdı. Bununla da valideynin rəhbərliyə qarşı hədələri və müdaxilələri başladı. Bundan sonra bəzi ağsaqqal valideynlər onu sakitləşdirsələr də, ittihamlarına davam edirdi. Övladı ikinci yarımildə də bəzi fənlərdən aşağı qiymət aldı. Valideyn layiq olmadığı halda övladının qırmızı attestat almasını istəyirdi. Biz yaxşı nəticələr göstərməyən şagirdə qırmızı attestatı necə verə bilərik?  Attestatı məktəbdən götürdüyü gün Təhsil Nazirliyinə şikayət ərizəsi yazdı. Onun şikayəti əsasında da araşdırma başlandı. Həmin dövrdə müəllimlər məzuniyyətdə olduğu üçün araşdırma prosesi tam formada sentyabrda həyata keçirildi. İki ay sonra isə qərar verildi.


Günay Rüstəmova digər şikayətçi ilə bağlı hadisəyə də aydınlıq gətirib. 

⁃ Digər şikayətçi bir müəllimdi. Müəllimin şikayəti dərs bölgüsü ilə əlaqəli idi. Ancaq araşdırma prosesində dərs bölgüsündə hər hansısa problem çıxmadı.  Bölgünün diaqnostik ballara uyğun olaraq aparıldığı təsdiqləndi. Onu da qeyd etməliyəm ki, həmin müəllim 2018-2019-cu dərs ilində buraxılış siniflərindən birində riyaziyyat fənnini tədris edirdi və I mərhələdə sinfin bütün şagirdləri "0" nəticə göstərmişdi. Bunu müəllimə bildirdikdə isə həmin nəticənin ondan asılı olmadığını demişdi. 

Keçmiş məktəb direktoru bu şikayətlərə əsasən başlayan araşdırma prosesində birdən-birə  ona qarşı ittihamların sayının artdığını deyir. Bu ittihamlar məktəbdə pul yığımı, jurnal səhifələrinin dəyişdirilməsi, BSQ nəticələrinin direktor tərəfindən göstərişlə yazılması, müəyyən şagirdlərə güzəşt edilməsi və s.dir. Günay Rüstəmova onların əsassız olduğunu deyir: 

⁃ Bəli, iki sinfin jurnalında dəyişiklik olub. Amma nə dəyişiklik? Bir müəllim KSQ (kiçik summativ qiymətləndirmə) səhifəsində bütün şagirdlərə dərsdə iştirak edənlər olmaqla qaib yazmışdı.  Bir neçə məktəb direktorundan bu məsələ ilə bağlı nə edə biləcəyimi soruşduqdan və məsləhətləşdikdən sonra həmin səhifəni mətbəədə dəyişdirmək qərarına gəldik. Bir başqa dəyişiklik isə mən dərs dediyim siniflərdən birinin jurnalında oldu. Jurnalda qeydlərimi aparan zaman çox ciddi bir səhvə yol verdim və tarixləri dəyişik saldım. Hər iki hadisə 2018-ci ilin noyabr ayında olub. Buna görə bir səhifəni dəyişdirməyə məcbur oldum. Bunlardan başqa məktəbdə heç bir jurnalda dəyişiklik olmayıb. Araşdırma prosesində bu fakt mənim əleyhimə fərqli bir şəkildə irəli sürüldü. Guya mən şagirdlərin davamiyyətini düzəltmək üçün bir neçə jurnalda dəyişiklik etdirmişəm. Halbuki ötən il bu məktəbə direktor kimi təyin olunmuşam. Ondan əvvəl davamiyyət həddindən artıq zəif olub. Çalışdığım ilk ildə əsas hədəflərimdən biri bu məsələni aradan qaldırmaq idi. Nisbətən də nail oldum. Dərsə gələnlərin sayı xeyli artdı. Digər ittiham isə məktəbin iki şagirdinin ötən il fərqlənmə attestatı almaları ilə bağlı idi. Onlar həm bilikləri, həm də əxlaq və davranışları ilə nümunəvi şagirdlər idi. İttiham o idi ki, guya mən həmin şagirdlərin fərqlənmə attestatı almaları üçün qiymətlərinin yüksəldilməsini tələb etmişəm. Bu ittihamı irəli sürənlərin əlində heç bir fakt yoxdu. Sadəcə izahatda sözlə deyirdilər ki, direktor göstəriş verib. Halbuki mən müəllim kimi çalışdığım illərdə heç vaxt bir bal da artıq qiymət yazmamışam. Belə məsələlərdə çox prinsipialam, haqsızlıq edə bilmərəm.

Günay xanım növbəti ittihamın BSQ sualları ilə bağlı olduğunu bildirib. Yeddi müəllim BSQ-ni məktəb rəhbərliyinin keçirdiyini və özlərinin yoxlama prosesindən xəbəri olmadığını deyib. 

⁃ Birinci yarımildə BSQ sualları məktəb müəllimlərimiz tərəfindən hazırlanmışdı. Məlum oldu ki, suallarla uşaqların səviyyələri üst-üstə düşmür və suallar standartlara cavab vermir. Buna görə də ikinci yarımildə məcbur olub BSQ nümunələrini başqa məktəbdən aldıq. Əsas məsələ təhsilin səviyyəsi və keyfiyyətidi. Təhsil prinsipial məsələdi. Xətir-hörmətlə güzəştə gediləcək sahə deyil.  Bununla belə əsas fənlərin suallarını öz məktəb müəllimlərimiz hazırlamışdı.  Sadəcə imtahan nəticələrinə müəllimlər müdaxilə edə bilməsin deyə cavabları əvvəlcə laborantlara yoxlatdıq. Daha sonra xüsusilə açıq suallar müəllimlər tərəfindən də yoxlandıqdan sonra nəticələr blanklara yazıldı. Amma 7 müəllim BSQ-ni məktəb rəhbərliyinin keçirdiyini və onların heç bir yoxlama prosesindən xəbəri olmadığını deyib. Onları başa düşürəm. Obyektivliyə öyrəşmək çətin gəlir yəqin ki. Məktəbdə 46 müəllim var idi. Necə olur ki, məhz yeddi müəllimin imtahan nəticələri obyektiv yoxlamaya verilir? Digər tərəfdən bəzi şagirdlərə il boyu verilən qiymətlə BSQ nəticəsindəki qiymət arasında çox böyük fərq olur. Valideynlər bu uyğunsuzluqlarda müəllimləri günahlandırırdı. Müəllimlər də məsuliyyəti üzərindən atmaq üçün belə bir ittihamla məni zərbə altında qoydular. 

⁃ İttihamlardan bir başqası isə bir şagirdin sinifdən sinfə qanunsuz olaraq keçirilməsidir. Qeyd olunan o idi ki, şagirdin balı jurnalda yazılmayıb. Halbuki bu iddiadan mən iş nəticələnənə yaxın xəbərdar olmuşam. Bununla bağlı komissiya aktını və şagirdin payız imtahanındakı sual kitabçasını təqdim etsəm də, araşdırma komissiyası artıq gec olduğunu bildirdi.  

Keçmiş direktor araşdırmanın nəticəsi olaraq fəaliyyəti dövründə hər hansısa bir maliyyə pozuntusu, korrupsiya faktı və digər neqativ hal aşkarlanmadığını deyir.


Günay Rüstəmova şikayət edən valideyn tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə iki şikayət ərizəsinin daxil olduğunu və orda adları olan şəxslərin bəzilərinin məktəbin valideyni olmadığını, əksəriyyətinin isə nəyə imza atdıqlarını bilmədiklərini də deyir

⁃ Ərizədə adları olan valideynlərlə söhbət edəndə məlum oldu ki, əksəriyyəti nəyə imza atdıqlarından xəbərsiz olub. Məsələn, həmin valideyn onları aldadıb ki, yola asfalt çəkilməsi və ya şagirdlərin aşağı qiymət alması ilə bağlı səs çoxluğu lazımdır. Hətta uşaqlara ata-anaların adından da imza atdırıblar. Bununla bağlı həmin valideynlərdən izahatlar alınıb komissiya nümayəndələrinə təqdim edilib. 

Eyni zamanda direktorun dediyinə görə məktəbin 200-dən çox valideyni rəhbərlikdən razı olduğunu bildirən ərizə ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət ünvanlayıb. Ancaq hələlik hər hansısa bir reaksiya olmayıb. 
Məktəb direktoru məsələnin bu cür nəticələnəcəyini gözləmədiyini və bununla bağlı araşdırmanın nəticəsini öyrəndikdən sonra Rəşad Tağıyevin və Ceyhun Bayramovun qəbulunda olmaq istədiyini, yol verilən bəzi nöqsanların təcrübəsizliyindən qaynaqlandığını bildirmək istədiyini, əksəriyyətinin isə əsassız ittiham olduğunu ifadə etmək istədiyini, amma buna nail ola bilmədiyini də vurğulayıb. 

⁃ Bu məsələ ilə bağlı Mehriban xanım Əliyevaya da müraciət etmişəm. Ümid edirəm ki, özümü ifadə etmək və adımı təmizə çıxarmaq üçün bir şansım olacaq. 

O qeyd edir ki, Təhsil Nazirliyinin mərhələli bir neçə imtahanından uğurlu nəticə göstərərək direktor vəzifəsinə təyin edilib. Cəmi bir il direktor kimi fəalliyyəti olub. Bu müddətdə də həm təlim prosesi ilə bağlı, həm də dərsdən və məktəbdənkənar kifayət qədər işlər həyata keçirib. Bir illik müddət üçün üstünə yüklənən ittihamların şokunu yaşadığını qeyd edib. 

O, sosial şəbəkələrdə saxta attestat verilməsi ilə bağlı yayılan ittihamlara da aydınlıq gətirib. 

⁃ Saxta attestat verdiyim üçün işdən azad edildiyim xəbərləri yayılıb. Bununla bağlı ortada heç bir fakt yoxdur. Mən heç bir şagirdə saxta attestat verməmişəm. Ola bilsin ki, qiymətlədirmədə hansısa müəllim hansısa şagirdə güzəşt edib. Bunda direktoru ittiham etmək nə dərəcədə düzgündür?! Mənə ən böyük zərbə saxta attestat verilməsi iddiasıdır. Adımın haqsız olaraq belə bir məsələdə hallanması məni çox üzür.


 
 
Hazırladı: Xumar Hüseynova
qadinkimi.com