Bu əziz Cümhuriyyət günlərində bir Cümhuriyyət şairini anmaq istəyirəm; Ummugülsüm. O yeganə şairdir ki, 1938-ci ildə, Bayıl həbsxanasında rejimə qarşı şeir yazıb. Bu şair qadındır! Azərbaycan qadını!
1944-cü ildə Cümhuriyyət şairi Ummugülsüm yeddi illik sürgündən, Sibirdən geri dönür. Cəmi iyirmi gün sonra Ummugülsümə Bakıda yaşamaq yasaqlanır. O, Şamaxıya köçməli olur. Lakin... İki ay sonra on beş yaşlı qızı Qumralın qolları arasında canını tapşırır... Bu fotoda Ummugülsümün cəmi 45 yaşı var. Bu şəkillərə diqqətlə baxın. Cümhuriyyətin və sovetin əks-sədasını duyacaqsınız Azərbaycan qadınının üzündə və taleyində.
"Xəzərə xitab” 1938-də Bayıl həbsxanasında yazılıb.
Ummugülsümün bu şeri Azərbaycan mühacirlərinin dilində əzbər imiş.
Darmadağın eylə dalğalarınla
Bizi dar divara alan qalanı.
Heçliklərə sovur nalələrinlə
Çıxılmaz tilsimə salan qalanı.
Nəymiş təqsirimiz, neyləmişik biz?
Bunu sən sual et, mənim dilim yox.
Hansı xəyanətin şərməndəsiyiz?
Bunu sən sual et, mənim dilim yox.
Təəssüf ki, bu böyük qadının həyatı haqqında bir roman yazılmayıb, film çəkilməyib. Dərindən araşdırılmayıb. Şeirləri, pooemaları çap edilməyib.
Ummugülsüm eləcə də Məhəmməd Əmin Rəsulzadənin əmisi qızıdır. Qızlıq soyadı Rəsulzadədir. Böyük bacısı isə Məhəmməd Əminin xanımı olub.
O, 1920 - ci il aprelin 28-də Cümhuriyyətin devrilməsi ilə ələqədar "Hicran” şeirində yazırdı:
Ayrılınca hilal qaşlı yarımdan,
Mən yaşlara batdım geymədim əlvan.
Düşünüb o yıldız gözləri hər an,
Ağlarkən kəndini yorma, dedilər.
Könül şəkvəsini kimə söyləsin,
Qəlbimin dərdini kimlər dinləsin?
Səni sevən, sənsiz ömrü neyləsin?
Dalınca qoşarkən, varma, dedilər...
Günəşim bir daha doğmayacaqmı?
Vəhşi qaranlığı boğmayacaqmı?
Kölgələri şərəf qovmayacaqmı?
Sordum, umudunu qırma, dedilər.
Nə qədər ki biz qadınlarımızın cümhuriyyət quruculuğunda etdiyi fədakarlıqlardan, verdikləri qurbanlardan xəbərsizik... nə vətəni, nə azadlığı hiss edəcəyik. Nə də bütün bu dəyərlər üçün savaşmağı öyrənəcəyik. Öncə tarixi kimlik şuurlarda yerini tutmalıdır. Haradan gəldiyimizi bilməliyik.
qadinkimi.com