HƏR ŞEY / HEÇ NƏ
Mehriban Vəzir yazır: Ayna Sultanova təkcə heykəl deyil Tarix : 08 İyul 2018, 16:11
Yazar : Qadinkimi.com

O, görkəmli dövlət adamıdır. Adı məlum; Ayna Sultanova. Bakıda heykəl boyda büstü var, bir böyük ərazi onun adı ilə gündə yüz yol hallanır.

   

Ayna Sultanova 1918-ci il Bakı qırğınlarına rəğbətini ifadə etmiş, 10 min əhalinin qətlindən sonra həyat yoldaşı Həmid Sultanovla birgə Şaumyanla yanaşı durmuş bolşevik qadındır. 1901-ci ildə açılmış Bakı rus-tatar məktəbinin ilk məzunlarındandır, milyonçu Tağıyevin təqaüdü ilə oxuyub. Ayna Sultanovanın qardaşı Qəzənfər Musabəyov, əri Həmid Sultanov da bolşevik idilər. Hər üçü sovet hakimiyyətinin zirvəsində təmsil olunurdular. Ayna Sultanova Azərbaycan SSR-nin Maarif Xalq Komissarı, yəni naziri, "Şərq Qadını" jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri olmuşdur. Siyasi fəaliyyətinin böyük bir qismini Azərbaycanda Sovet hakimiyyətinin möhkəmləndirilməsinə həsr etmişdir. 30-cu illərin müsibətlərində qəflətdən oyanmış, lakin Stalindən ümidini itirməmiş, böyük rəhbərə şikayət etmək üçün Moskvaya yola düşmüşdür. Moskva vağzalında qatardan enərkən onu xüsusi mühafizə dəstəsi yaxalamış və saçından sürüyərək Bakıya gətirmişlər. İstintaq zamanı ağlasığmaz qəddarlıqla alçaltmış, ləyaqətini yerlə bir etmişlər. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının 1938-ci il 3 iyul tarixli hökmü ilə güllələnməyə məhkum edilmişdir. Və güllələnmişdir. Sonra bəraət verilmiş və heykəli qoyulmuşdur. Ayna Sultanovanın üzünə məhkəmədə əri, daxili işlər naziri Həmid Sultanov və qardaşı görkəmli dövlət xadimi Qəzənfər Musabəyov durmuşdur. Yəqin ki bu üzədurma dəhşətli işkəncələrin nəticəsi idi. Onlar, yəni qardaşı və əri məhkəmədə Ayna Sultanovanın əksinqilabı qüvvələrlə əməkdaşlığına şahid olduqlarını söyləmişlər. Sovet rejiminin böyük dövlət xadiminə çevirdiyi bu bolşevik qadın Cümhuriyyətin devrilməsi üçün Nəriman Nərimanovla, qardaşı Qəzənfər Musabəyovla, əri Həmid Sultanov və digər soydaşlarımızla əllərindən gələni etmiş, xalqı Cümhuriyyəti devirməyə çağırmış, çevrilişə dəstək vermək çağırışlarına imza atmışdılar. Onlar milli dövlətlərinə düşmən kəsilmiş, istilaçı Rusiyanı yenidən Azərbaycana qaytarmaq üçün nələr etmişdirlər... Niyə? Bəzən insanı anlamaq çətin olur... Anlamaq çətin olsa da bilmək, tanımaq çox mühümdür. Çünki Ayna Sultanova soydaşımızdır.

Mehriban Vəzir