Masalıda 16 yaşlı Fatimə Qəmbərovanın toyundan sonra ölümünün bəzi təfərrüatı məlum olub.
Rayonun Həsənli kənd sakinlərinin Qaynarinfo-ya verilən məlumata görə, qız toyundan 17 gün sonra ölüb:
"Qızın nigah üçün yaşı çatmırdı. Bununla bağlı hər iki valideyini icra nümayəndəliyinə çağırdıq və söhbət elədik. Onları başa saldıq ki, bu qanunvericiliyə ziddir. Dedik ki, səbr edin, qız yetkinlik yaşına çatsın. Lakin tərəflərdən heç biri bizi dinləmədi. Biz də məcbur olub hüquq-mühafizə orqanlarına məlumat verdik. İndi də eşitdik ki, qız ölüb. Bu saat gəlinin meyiti ekspertizaya verilib. Bir neçə saata səbəbi də bilinəcək”.
Qeyd edək ki, Masallı rayonunun Həsənli kənd sakini olan Fatimə Qəmbərova naməlum şəraitdə dünyasını dəyişib. Onun iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirildiyi bildirilir.
Artıq qızın qətlə yetirildiyi məlum olub. Masallı Rayon Prokurorluğundan verilən məlumata görə, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın ölümü ilə bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda araşdırma aparılır.
Bahar Rüstəmli
Mənbə: qaynarinfo.az
Qadinkimi.az