"Ümumilikdə, ölkədə 500 məhbus qadın var. Hazırda çox az qadın uşağı ilə birgə cəza çəkir”
Qadinkimi.com xəbər verir ki, bu sözləri yazıçı Sahilə İbrahimova öz facebook səhifəsində paylaşdığı məlumatda qeyd edib. Yazıçının sözlərinə görə o, bugün 4 saylı qadın cəzaçəkmə müəssisəsində keçirilən tədbirdə iştirak edib. Tədbir Qadınlara qarşı zorakılıqla Beynəlxalq Mübarizə Gününə həsr edilib. Azərbaycanın ombudsmanı Səbinə Əliyevanın və BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Vladanka Andreevanın iştirakı ilə baş tutan tədbirdə qadına yönəlik zorakılıq və gender bərabərliyi mövzuları müzakirə olunub.
Sahilə İbrahimova önəmli bir məqama da diqqət çəkib: "Deyə bilərsiniz ki, oradakı qadınların özləri zorakılıq etdiyi üçün həbsdədi. Bəli, elələri var, lakin xanım Vladanka dediyi kimi, əksər məhbus qadınlar sevdiklərini qorumaq və qurban olduqları üçün həbsdədirlər”.
Xatırladaq ki, hər il məhz 25 noyabr Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü çərçivəsində "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” adı ilə beynəlxalq kampaniyalar keçirilir. Ayrı-ayrı ölkələrdə fərdi təşəbbüslə və təşkilatların təşkili ilə 25 noyabr - 10 dekabr aralığında (Beynəlxalq İnsan Hüquqları Günü) baş tutan bu beynəlxalq kampaniyada ekspertlər gender əsaslı zorakılığın insan hüquqlarının pozulması olduğunu vurğulayır.
Bütün dünyada fərdi şəxslər və təşkilatlar "16 günlük kampaniya” kimi geniş şəkildə tanınan bu tədbir vasitəsilə hamını qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırır.
Qadinkimi.com