Bir ölkə düşünün: qadın haqlarının rədd edildiyi, hüquqlarının çeynəndiyi, sırf qadındır deyə heç bir məhkəmədə lehinə qərar verilməyən bir cəmiyyət... Bir də həmin ölkədə rejimə qarşı çıxan, atasının "qəfəsindən" qurtulan, ərindən boşanan, qadının küçədə sərbəst gəzməyi qəbahət sayıldığı halda açıq-saçıq şeirlər yazan, kitablar çap etdirən, film çəkən, dünyanın hər yerində yaşamaq fürsəti varkən yenə öz ölkəsini seçən və bütün bunlarla yanaşı, evli, iki uşaq atası ilə sevgili olan və bunu gizləməyən bir qadın fikirləşin... Təsəvvür eləmək belə çətindir, elə deyilmi?
Amma belə bir qadın olub, özü də İranda. Bütün dünyanın tanıdığı Füruğ Fərruhzaddır o qadın. Şeirləri ilə damarda axan qanı tərs çevirən, tük ürpədən misralar yazan, xarakteri ilə heyrətləndirən, cəsarəti ilə ayaq üstə alqışlanan Fərruhzad! Rza Şahın ordusunda polkovnik atanın qızı olaraq dünyaya gəlmişdi. Qadınla kişi arasındakı balansın anormal dərəcədə pozulduğunu qardaşları ilə fərqli haqlara sahib olduğunu görərkən dərk etmişdi. Bu, içində azadlığa qarşı böyük istəyin təməli olmuşdu. Azadlıq üçün qovrulurdu, bu ümidlə 16 yaşında özündən xeyli böyük və o dönəmin tanınmışlarından olan Pərviz Şapura ərə gedir. Hesab edir ki, ata evindəki qədər basqıya məruz qalmayacaq. Amma yağışdan qaçarkən doluya tutulduğunu dərk etməyi çox yox, bircə il çəkir. Oğlu Kamyar doğulandan sonra ər evi onun üçün barmaqlıqsız zindana, odsuz cəhənnəmə çevrilir. İkinci il tamam olmamış ayrılır. Şapur Kamyarı əlindən alır və ölənə qədər Füruğa üzünü göstərmir. Çünki İranda qanunlar kişidən və gücdən yana idi və qərarlar qadına heç bir haqq tanımırdı. Füruğ özünü yaradıcılığa verdi. Ard-arda kitablar çap elədi. Yazdığı hər şeiri böyük hay-küyə səbəb oldu. Aləmi bir-birinə qatan ən güclü şeiri isə "Günah" oldu. Bu şeirlərə ilk dəfə aşkar şəkildə atasına, keçmiş ərinə, rejimə, mühafizəkar cəmiyyətə meydan oxudu.
Günah işlədim, ləzzət dolu bir günah,
Titrəyən bir bədənin yanında.
Tanrım, bilmirəm nə etdim,
o qaranlıq, susqun gecədə...
Ehtiras, etiraf dolu bu şeirlə böyük tənqidlərə, lənətlərə məruz qaldı, cəmiyyət və ailəsi tərəfindən rədd edildi, əxlaqsız damğası vuruldu. "Günah" daxil olmaqla digər şeirlərində də yalnız kişilərin danışmağı məqbul sayılan sözləri o, sətir-sətir yazırdı. Bütün yaşadıqları tezliklə Füruğu ağır depressiyaya salır və bir müddət xəstəxanada yatır. Başda oğlunun həsrəti olmaqla məruz qaldığı çətinliklər onu yolundan döndərə bilmir. Şeirdən əl çəkmir, "Mənim şeirə olan hörmətim inanclı bir insanın dininə olan hörmətindən fərqlənmir" deyir, bununla da şeirə ibadətini sübut edir.
Tezliklə dönəmin mübarizə, özgürlük simvoluna çevrilir. Çox keçmədən Almaniyaya qardaşının yanına gedir, bir il orada yaşayır. Dil öyrənir, dünyanın İrandan baxanda görünməyən üzü ilə tanış olur. Bir gün atasına məktub yazır: "Mənim ən böyük dərdim sizin məni tanımamış olmanızdır, heç vaxt da tanımaq istəmədiniz. Bəlkə hələ də sevgi romanları, hekayələr oxuya-oxuya beyni axmaq fikirlərlə dolmuş bir qadın olaraq tanıyırsınız. Kaş elə olaydım, inanın, onda çox xoşbəxt olardım. Dünyam kiçicik bir otaqdan ibarət olardı, ziyafətlərə getməklə, gözəl və şıq qiyafətlər geyinməklə, qonşu qadınlarla dedi-qodu etməklə, qayınana ilə dalaşmaqla qısacası mənasız və bəsit minlərlə məşğuliyyətlə yetinərdim və dünyanın daha gözəl bir yer olduğundan bixəbər yaşayıb gedərdim. Fəqət mən belə yaşaya bilmərəm. Çünki özümü tanıyandan bəri üsyanım bu axmaqlıqlara qarşıdır. Həmişə böyük olmaq istəyirdim və istəyirəm. Mən bir gün doğulub, nə vaxtsa bu dünyadan gedən və arxalarında heç bir iz qoymayan milyonlardan biri kimi yaşaya bilmərəm..."
Təbii ki, bu dərin cümlələrə cavab gəlmir. Alman şeirlərinə marağı artır. Tərcümə etmək istəyir. Birlikdə yaşadığı qardaşı bunun üçün ona kömək edəcəyini deyir. Amma anidən İrana dönməyə qərar verdiyi üçün iş yarımçıq qalır.
Bu ərəfədə dövrün tanınmış yazar və rejissorlarından olan İbrahim Gülistani ilə tanış olur. Bu tanışlıq tezliklə hərarətli sevgiyə çevrilir. Gülistani evli və iki uşaq atası olması Füruğu cəmiyyətin gözündə daha betər vəziyyətə salır. Kimin nə dediyi onu maraqlandırmırdı, həmişə olduğu kimi... Qəlbində İbrahimin xüsusi yeri vardı. Lakin İbrahimin həyat yoldaşına yazdığı məktub onu xəyal qırıqlığına uğratmışdı. Məktubda Füruğla sadəcə zaman keçirdiyi, onunla olan münasibətinin heç bir dəyəri olmadığı yazılmış və ayrılıq sözü verilmişdi. Ancaq əksinə olur. Aralarında eşq daha da alovlanır. Hətta İbrahim Füruğa dəfələrlə evlilik təklif edir, ancaq rədd cavabı alır. O da Füruğu itirməmək üçün əlindən gələni edir, hətta ona kino sahəsinin incəliklərini öyrədir. Təkmilləşməsi üçün dəfələrlə Avropaya göndərir. Cüzam xəstələrindən bəhs edən "Qara ev" adlı ilk sənədli filmini çəkir. Həmin ərəfədə cüzamlı bir ailənin uşağı olan Hüseyn Mansuru övladlığa götürür və onunla Kamiyarın həsrətini ovutmağa çalışır. Yeni ideyalar, zəngin yaradıcılıqla həyatına davam edir. Amma bütün bunlar uzun sürmür. Yağışlı bir gündə anasını görməyə gedir. Geri dönərkən qəza keçirir, 32 yaşında xəstəxanaya çatmadan dünyasını dəyişir... Mollalar onun cənazəsini götürməkdən imtina edirlər. İki gün sonra yazar dostunun vasitəsi ilə dəfn mərasimi baş tutur. Füruğ Şərqdə qadın olmağın cəzasını təkcə həyatı boyu deyil, öldükdən sonra da çəkdi. Amma 32 illik ömrünü dilədiyi kimi dopdolu yaşadı.
O, İran kimi ölkədə doğulan və azad yaşamağı bacaran nadir qadınlardan idi. Dünyanın gözündə böyük şair, öz cəmiyyətinin gözündə "ləzzət dolu bir günah" idi. O, Füruğ Fərruhzad idi!..
Türkan Turan