Leninlə Krupskayanın evliliyini az qala bütün dünya bilir. Amma az adam bilir ki, Leninin mülki arvadı, daha doğrusu, sevgilisi də olub. Bu, məşhur inqilabçı İnessa Armand idi.
Lenin və Krupskaya İnessa Armandla 1909-cu ildə Parisdə tanış olub. Bu tanışlığa qədər İnessanın iki nikahdan beş uşağı vardı. Bildiyimiz kimi, Krupskayanın övladı olmamışdı.
Nadejda öz məşhur ərinin fransalı xanıma bənd olduğunu yaxşı bilirdi. Nə qədər təmkinli olsa da, Nadya daxilən iztirab keçirirdi. Hətta, bir dəfə boşanmaq qərarına da gəlmişdi. Amma sonralar bu istəkdən daşınmışdı.
Leninlə İnessanın sevgi macərası izsiz ötüb keçməyib. Deyilənə görə onların Aleksandr (bəzi mənbələrə görə isə Andrey) adlı övladları olub. Bu barədə bir qədər sonra...
İnessa Fyodorovna Armand 1874-cü ildə Parisdə opera müğənnisi Teodor Stefanın ailəsində doğulmuşdu. O, səkkiz yaşında ikən atasını itirir. Ailə çətinliklərə məruz qalır. İnessa 15 yaşında ikən öz bacısı Rene ilə Rusiyada yaşayan xalasıgilə gəlir. Xala məşhur varlı ailənin - Armandların uşaqlarına musiqi dərsi keçirdi. 1893-cü ildə İnessa Armandın oğullarından biri Aleksandrla, bacısı Rene isə digər qardaşla - Pavellə ailə qurur.
İnessanın birinci nikahdan dörd uşağı - iki oğlu və iki qızı olur. 1902-ci ildə qadın öz ərindən ayrılaraq onun kiçik qardaşı 18 yaşlı Vladimirə ərə gedir və bu evlilikdən Andrey adlı oğlu olur. O, əvvəlcə Vladimirin təsiri altında rus eserçilərinin Moskva qrupu ilə tanış olur. Bu tanışlıqdan sonra İnessa inqilabi fəaliyyətlə ciddi məşğul olur. O, tezliklə bolşeviklərə qoşulur. Leninlə Armand Parisdə tanış olur. İnessa Volodyadan dörd yaş kiçik idi. Nadejda isə Vladimir İliçdən bir yaş böyük idi.
Xanım İnessa fransız fəhlələri arasında partiya təbliğatı aparırdı. O, öz sevgilisi Leninin əsərlərini fransızcaya tərcümə edirdi.
Armand 1917-ci ilin aprelində Rusiyaya Leninlə eyni vaqonda - bir kupedə gedir. Leninin yaxın silahdaşı kimi ağır döyüşlərdə iştirak edir. Xəstəliklərə mübtəla olur.
Lenin hakimiyyətə gələndən sonra da İnessa Armanda xüsusi qayğı ilə yanaşmışdı. İnqilabdan sonra bu xanım Moskva Xalq Komissarları şurasının sədri seçilib. Armand 1919 -20-ci illərdə Rusiya Kommunist (b) Partiyası MK-da qadın şöbəsinə rəhbərlik edib.
İnessa 12 oktyabr 1920-ci ildə Nalçikdə vəbaya yoluxub və Beslanda vəfat edib. Onun nəşi Moskvaya gətirilərək Kreml divarları önündə dəfn edilib. Məzarının üzərinə Baş nazirdən - Leninin adından əklil qoyulub.
Yeri gəlmişkən, belə bir rəvayət də gəzir ki, Leninlə Armand ötən əsrin əvvəllərindən tanış olublar və yuxarıda adını çəkdiyimiz Andrey məhz Vladimir İliçin oğlu olub. Qızıl ordunun kapitanı Andrey Aleksandroviç Armand (1903-1944) müharibədə qəhrəmancasına həlak olub və Vilnüs yaxınlığında - Mariyampolda dəfn olunub.
Bütün bunlar öz yerində...
...Rus tarixini yazanlar son zamanlar belə bir mülahizə ilə də çıxış edirlər ki, Nadejda Krupskaya Vladimir İliçdən əvvəl də ailəli olub.
Gəncliyində Krupskaya yaraşıqlı qız olub. Onun aşiqləri, fanatları az olmayıb. Belə iddia olunur ki, Nadyanın birinci əri Boris Vladimiroviç German adlı şəxs olub. Boris 1860-cı ildə doğulub. Nadejdadan 9 yaş böyük olub. Eser partiyasının rəhbərlərindən biri kimi tanınıb. Sonralar ər-arvadın yolu ayrılıb və onların nikahı pozulub.
Yeri gəlmişkən, German məşhur eser Fanni Kaplanın yaxın dostu olub. Bu, həmin Kaplandır ki, 1918-ci il avqust ayının 30-da Lenin Moskvada Mixelson zavodunun fəhlələri qarşısında çıxış edərkən tapançadan bir neçə dəfə atəş açmış, inqilab rəhbərini ağır yaralamışdı.
German haqqında "NKVD”-nin keçmiş agenti Kirill Henkin 1984-cü ildə İsraildə nəşr etdirdiyi kitabda ətraflı söhbət açıb. 1984-cü ildə çapdan çıxmış həmin kitabın adı belədir: "Ruslar gəldilər”. Həmin kitabda qeyd olunur ki, inqilabdan sonra Boris German Argentinaya gedir, ömrünü mühacirətdə başa vurur. German mühacirətdə də dinc durmur, terrora əl atır. Həbs olunur və elə həbsxanada "Sosializmin biologiyası” adlı kitabını yazır. Deyilənə görə o, məhbəsdə vəfat edib.
Tarixin bu cür açılmamış səhifələri də olur...
Firuz Mustafa
qadinkimi.com