Kişilər qadınlardan daha güclü cins sayılırlar. Buna baxmayaraq dünyanın hər yerində onlar qadınlardan daha az yaşayırlar.
Federal Statistika İdarəsinin məlumatlarına görə hazırda (Almaniyada) ortalama yaşam müddəti kişilərdə - 76,2, qadınlarda - 81,8 ildir.
Alimlər bunun səbəbini uzun müddət cinslərarası bioloji fərqlərdə axtarıblar. Qadınlar və kişilər ayrı-ayrı cinsiyyət hormonlarına sahibdirlər: qadınlarda iki X xromosomu, kişilərdə bir X, bir də Y xromosomu var. X xromosomlarında zədəli gen saysız-hesabsız irsi xəstəliklərin səbəbidir. Bir qayda olaraq bu defekt ancaq X xromosomunun birində baş verir, o biri X xrosomu sağlam olur və irsi xəstəliklərin ortaya çıxmasının qarşısını ala və ya ləngidə bilir. Kişilərdəki yeganə X xromosomu defekt olarsa, onun yaradacağı problemlərin qabağını alan digər X xromosumu yoxdur.
Bundan başqa araşdırmalar göstərir ki, qadın cinsiyyət xromosomu olan estrogen adamı infarktdan qoruyur. Digər potensial faktor isə immun sistemidir; sübut olunub ki, T-Hüceyrələri (immun sisteminin müdafiəsinə xidmət edən T-limfositlər) qadınlarda daha qüvvətlidir.
Bioloji səbəblərin yanında qidalanma və həyat tərzi kimi ətraf-mühit faktorları da insanın nə qədər yaşamasında həlləedici rol oynayır. Metodiki olaraq bioloji faktorları ətraf-mühit faktorlarından ayırmaq çətindir, çünki həyat tərzlərinə və daşıdıqları yüklərə görə fərqlənən qadınları və kişiləri bir-biriləri ilə müqayisə etmək çox ağır işdir.
Fərqli yaşda ölüm hallarında bioloji səbəblərin payını müəyyən etmək üçün eyni şərtlər altında yaşayan qadınlar və kişilər qrupuna ehtiyac vardı. Demograf Mark Luy öz araşdırmaları üçün monastrlardan rahibə və rahiblər seçdi. Onların yaşayışı demək olar ki, eyni şərtlər – eyni gündəlik planlar, işlər və qidalar – altında idi. Rahiblər də rahibələr kimi sadə həyat tərzi keçirirdilər, uşaq böyütmək qayğısından uzaq idilər və peşə baxımından az stressli işlə məşğul idilər. Ətraf-mühit fərqi olmadığına görə bu qruplarda ömür həddini başlıca olaraq bioloji amillər müəyyən edir.
Araşdırmaların sonunda təəccübləndirici nəticələr ortaya çıxdı: Rahibələrin orta ömür göstəricisi monastrda yaşamayan digər qadınlarla eyni idi. Rahiblər isə rahibələrdən təxminən bir il az yaşadılar. "Monastr araşdırmaları” göstərir ki, qadınlar və kişilər arasındakı ömür həddində biolojilik elə də ciddi əhəmiyyət daşımır.
Genetik və hormonal amillər təxminən bir ildən artıq ömür fərqi yaratmır. Deməli, orta ömür həddindəki dörd il yarım fərq, həyat tərzi və ətraf-mühitlə əlaqəlidir.
Beləliklə, kişilərin qadınlardan daha az yaşamalarının əsas səbəbi bəlli olur.
Bir tərəfdən, onlar qadınlardan daha çox siqaret çəkir, daha çox içki içirlər və beləcə xərçəng xəstəliklərinə daha çox yoluxurlar. Başqa bir tərəfdən, onlar sağlam olmayan qida məhsulları ilə qidalanırlar. Onlar çox, həmçinin yağlı şeylər yeyirlər və bununla infarkt riskini yüksəltmiş olurlar.
Səbəblərdən biri də, kişilərin iş həyatlarında öhdəsindən gəlməli olduqları ictimai stresslərdir. Onlar karyera qurmaq istəyirlər və öz sahələrində rəqabətə qarşı duruş gətirə və qalib gələ bilməlidirlər. Ona görə infarkt halları kişilərdə qadınlara nisbətən çox və erkən rast gəlinir.
Bununla belə, həyatları risklərlə dolu olan kişilər, gənc yaşlarında da gənc qızlardan az yaşayırlar; 16-24 yaşlı gənclərdə ölüm fərqi, yol qəzaları, ya da narkotik maddələrdən istifadə ucbatından oğlanlarda qızlardan üç dəfə çoxdur. Üstəlik, kişilər qadınlardan daha çox intihar edirlər. Almaniyadakı özünəqəsdlərin dörddə üçü kişilər tərəfindən baş verir.
A. Lebert, S. Lebert, Anleitung zum Männlichsein, Frankfurt a. M.2007
Çevirdi: Alov İnanna
qadinkimi.com